Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı qırğını xalqımızın Azadlıq mübarizəsinə start verdi

Bakı qırğını xalqımızın Azadlıq mübarizəsinə start verdi

1988-ci ildə Qarabağ hadisələri başlananda ziyalılar xalq hərəkatına qoşulmuşdular və bir sıra taleyüklü məsələlərin müzakirəsində öz sözlərini deyirdilər. Lakin xalqla rəhbərlik arasında dərin uçurumun olduğu şəraitdə onların bəziləri öz mövqelərini müəyyən edə bilmədilər. 
Müxalifətin radikal mövqedən çıxış edən bəzi nümayəndələri ziyalıların əksəriyyətini, demək olar, qorxutmuşdu, amma başı bəlalar çəkmiş Azərbaycan xalqı daha ayılmışdı. Mərkəzin Azərbaycana sərt münasibəti isə dəyişmirdi, bu da respublikada onsuz da ağır olan ictimai-siyasi şəraiti daha da gərginləşdirirdi. Vəziyyətin daha da kəskinləşməsinə yol verməmək üçün xalq arasında nüfuz sahibi olan ziyalılar, qeydiyyatdan keçmiş Xalq Cəbhəsinin və digər təşkilatların nümayəndələri yaranmış vəziyyətdən çıxış yollarını müəyyən etmək üçün intensiv görüşlər keçirir, danışıqlar aparırdılar. 
Amma ziyalılar çox böyük narahatlıq keçirirdilər. Azadlıq, müstəqillik sözləri o qədər tez-tez işlənirdi ki, onların öz əhəmiyyətini itirməsi təhlükəsi yaranırdı. Rəhbərlik ilə xalq arasındakı boşluğu doldurmaq istiqamətində konkret addımlar atılmırdı. Xalq tələb edirdi ki, respublika rəhbərliyi Qarabağ probleminin həllində daha prinsipial mövqe tutsun, xalqdan ayrı düşməmək üçün onun qayğıları, arzuları ilə yaşasın.
Tarixdən məlumdur ki, azadlıq siyasi mədəniyyətin yüksək olduğu şəraitdə daha az itki ilə əldə edilə bilər. Mərkəz çalışırdı ki, müxalifətdən olan radikal qüvvələr hər hansı bir təxribata əl atsınlar ki, onlara qarşı cəza tədbirləri görməyə bəhanə olsun, Qarabağ problemi kölgədə qalsın. Ermənistanın silahlı birləşmələri Azərbaycan kəndlərinə basqın edir, dinc əhalini öldürür, amma mərkəz səsini çıxarmır, biganəlik göstərirdi. Moskvada sovet rəhbərliyi gözləyirdi ki, Azərbaycan xalqı qəzəblənsin, hansısa bir hərəkətə əl atsın və bundan istifadə edən mərkəz öz gücünü işə salsın. Rəhbərlik və müxalifətdə olan qüvvələr bunu açıq-aşkar görə-görə düşmənə qarşı vahid cəbhədə birləşə bilmədilər. 
Bunlar tarixi faktlardır, o dövrün reallıqlarıdır. O vaxt çoxları başa düşmürdü ki, mərkəz Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə, sözün əsl mənasında, ziyalıların rəhbərlik etməsini istəmir, elə ona görə də respublika rəhbərinin əli ilə xalq içərisində böyük nüfuzu olan ziyalıların siyasi meydandan uzaqlaşdırılması üçün bütün vasitələrdən istifadə edirdi.
1989-cu ilin son aylarında, 1990-cı illərin əvvəllərində respublikamızın hər yerində olduğu kimi, Bakının və onun ətraf kəndlərinin əhalisi də mərkəzin və erməni millətçilərinin xalqımıza qarşı xəyanətkar siyasətinə etiraz əlaməti olaraq küçələrə çıxmış, soyuğa, şaxtaya, yuxusuzluğa baxmayaraq, küçələrdə qurduqları maneələrdə (barrikadalarda) növbə çəkərək, sovet qoşunlarının Bakı şəhərinə daxil olmasına yol verməmək üçün bütün vasitələrdən istifadə etməyə hazır idi. Nə qədər bəsit olsa da, əhali müdhiş haqsızlığa və ədalətsizliyə qarşı mübarizə üçün özünün bacardığı bu yolu seçmişdi.
Qəzəblənmiş xalq azadlığa çıxmaq, Vətən torpağını müdafiə etmək üçün hər cür əzaba dözməyə hazır idi. Əlbəttə, ayrı-ayrı radikal qüvvələr əhalinin sadə lövhlüyündən istifadə edib, onu ordunun, tankların, zirehli maşınların qabağına çıxarmaqda xüsusi məqsəd güdürdülər. Hətta müxtəlif yerlərdə əhaliyə silah paylanacağı da vəd edilmişdi. Hadisələrin gedişindən hiss edilirdi ki, dinc əhaliyə qarşı SSRİ dövlətinin rəhbərliyi səviyyəsində qabaqcadan təxribatlar hazırlanmışdır. 
Amma vəziyyətin getdikcə gərginləşdiyi günlərdə Sov. İKP MK-nın yüksək vəzifəli nümayəndələrinin əhali ilə görüşlərində, habelə kütləvi informasiya vasitələri ilə verilən məlumatlarda bildirilirdi ki, Bakıya qoşunlar daxil olmayacaq. Əslində isə vəziyyət başqa cür idi. Bakıda fövqəladə vəziyyətin elan olunacağı və qadağa saatının qoyulacağı vaxt xalqdan gizlədilir, şəhərə qəfil hücum hazırlanırdı. 
Qoşunların Bakıya yeridilməsinə bir neçə gün qalmış hərbi komandanlıq Bakı şəhərindən hərbi qulluqçuların ailələrini SSRİ-nin müxtəlif regionlarına köçürməyə başlamışdı. Komandanlıq bu faktı onunla izah edirdi ki, guya, həmin tədbir Bakıda ekstremist qüvvələrin basqınlarının qarşısını almaq üçün həyata keçirilir. Bu, ağ yalan idi. Reallıq sübut edirdi ki, o dövrdə Bakıda, eləcə də digər rayonlarda rusdilli əhalinin təhlükəsizliyi üçün heç bir qorxu yox idi.
1990-cı il yanvar ayının 19-da saat 19:27-də Azərbaycan televiziyası sıradan çıxarıldı. Bir neçə saat sonra Bakının hər yerindən güclü atəş səsləri gəlməyə başladı. Hamı həyəcan içərisindəydi. Sovet qoşunları hər tərəfdən şəhərə soxulurdu. Küçələrdə qan su yerinə axırdı. 40 min nəfərlik ordu əliyalın əhaliyə divan tuturdu. Azərbaycan Respublikasının Konstitusiyası tapdalanmışdı. Helsinki Yekun Aktını və Vyana müqaviləsini imzalamış SSRİ dövləti dinc əhaliyə qarşı görünməmiş bir cinayət işlədi.
Gözyaşardıcı qaz tətbiq edilir, dinc əhali atəşə tutulurdu. Əsgərlər hərbi maşınlardakı projektorlardan istifadə edərək qaranlıq yerlərdə atəşdən gizlənənləri, hətta təcili yardım maşınlarını gülləyə tuturdular. Mərkəz əmin idi ki, Bakıda xalq susdurulsa, bütün respublikada sakitlik təmin ediləcək, beləliklə də SSRİ-nin Qafqazda qlobal mənafeləri tam müdafiə ediləcəkdir. Ancaq bu, yanlış fikir idi. Buna görə də M.Qorbaçov Bakıda qanlı qırğın törətməkdən çəkinmədi.
Lakin 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilən faciə Azərbaycan xalqını, Bakı əhalisini daha sıx birləşdirdi. O günlər minlərlə gənc Bakının komendantı Dubinyakın, digər sovet zabitlərinin təhdidlərinə, təhqirlərinə, şaxtaya, yorğunluğa baxmayaraq, iki gün ərzində hava qaralana kimi Dağüstü parkda məzarlar qazmış, öz vətəndaşlıq borcunu yerinə yetirmişdilər. 
Həmin dövrdə Buzovna, Mərdəkan, Bilgəh, Maştağa, Şüvəlan, Şağan, Qala, Pirşağı, Nardaran, Kürdəxanı, Binə, Binəqədi və başqa qəsəbə və kəndlərin əhalisi Bakını qırmızı qərənfillərə qərq etmişdi. Milyonlarca qərənfil şəhidlərimizin müqəddəs ruhu qarşısında torpağa baş əymişdi. Dünyada, yəqin, az xalq tapılar ki, ağır zəhmət hesabına becərdiyi hər hansı məhsuldan, əldə edəcəyi böyük miqdarda gəlirdən könüllü imtina etsin, xalqımızın azadlığı uğrunda şəhid olmuş övladlarının məzarı üzərinə bu qədər gül səpsin. 
Həmin günlərdə mən al qərənfillər içərisində alışıb-yanan Bakıya baxdıqca öz elimə, xalqıma, Bakı kəndlərinin öz sadəliyi ilə seçilən, son tikəsini belə dostla bölməyə hazır olan əli qabarlı, alnı açıq əhalisinə dərin minnətdarlıq hissi keçirirdim. Bu ənənə bu gün də davam edir və yəqin ki, əsrlər boyu davam edəcəkdir. Belə xalqa, belə camaata eşq olsun.
1990-cı ilin 20 yanvar tarixi Azərbaycan üçün həm də böyük imtahan idi. Respublikamızın bütün əhalisi kimi Bakı camaatı da bu imtahandan mərdliklə çıxdı. Bakı qırğınını xalqımızın Azdlıq mübarizəsinə start verdi və 2 il keçməmiş öz müstəqilliyini qazanmaqla şəhidlərin intiqmını da almış oldu. Azərbaycan xalqı bununla bir daha sübut etdi ki, öz azadlığı uğrunda mübarizə aparmağı bacarır və heç bir məhrumiyyət onu bu yoldan döndərə bilməz.

 

Ziyad SƏMƏDZADƏ,
Milli Məclisin komitə sədri, akademik

19 2019 23:26 - 20 YANVAR
20 YANVAR

Köhnə versiyamızdan xəbərləri izlə