Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqın qeyrət və dəyanəti hər silahdan güclü imiş

Xalqın qeyrət və dəyanəti hər silahdan güclü imiş

29-cu ildönümünü dərin hüzn, eyni zamanda, o zaman xalqımızın göstərdiyi misilsiz rəşadətdən doğan iftixarla qeyd etdiyimiz 20 Yanvar faciəsinin dəhşətli mənzərələri, ağrılı təəssüratları və unudulmaz xatirələri bizi yenidən bir məcrada cəmləşdirmişdir. Ötən illər bir daha hamımıza göstərdi ki, XX yüzilliyin sonlarında müstəqilliyimizin bərpasına aparan yol məhz o zaman – 1990-cı ilin 20 Yanvarından başlamışdır. 
Həmin gün öz hüquqları uğrunda mübarizəyə qalxmış xalqımız sovet ordusunun zirehli tankları, xüsusi təyinatlı hərbi dəstələri ilə toqquşub əzilsə, qurbanlar versə də bu zəhmli gücün qarşısında əyilməmişdir. Azərbaycan xalqının misilsiz iradə və dəyanəti dünyaya hökm edən qanlı imperiyanın başında duranları, bu hərbi-siyasi rejimin seçmə qoşun bölmələrini aciz və məğlub vəziyyətə salmışdır.
20 Yanvar faciəsi XX əsr Azərbaycan tarixində baş vermiş qanlı hadisələrin, soyqırımı aktlarının məntiqi davamı, çar Rusiyasının “parçala-hökm sür” siyasətinin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımlar, torpaqlarımızın 114 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalması, SSRİ dövründə soydaşlarımızın indi Ermənistan adlandırılan ərazidəki əzəli, ata-baba yurdlarından son nəfərinədək qovulması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, bu dəfə torpaqlarının iyirmi faizinin işğalı bu məkrli siyasətin mərhələləridir. 
Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı oldu. 20 Yanvar qırğını həm də sovet rejiminin ermənilərlə birgə apardıqları antiazərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. 
Qabaqcadan düşünülüb-hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Lakin sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə, Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına yol açdı. Uzun illər ərzində milli azadlığını bərpa etmək arzusu ilə yaşayan xalqımız nəyə qadir olduğunu sübut etdi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqilliyi uğrunda mübarizədə qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür. 
Zaman keçdikcə Qanlı Yanvar hadisələrinə müxtəlif aspektlərdən yanaşılır: xalqımız həmin tarixi təkcə hüzn günü kimi deyil, eyni zamanda, milli qürur və iftixar günü kimi anır. Ötən illərdə ölkəmizdə 20 Yanvar faciəsi ilə bağlı elmi araşdırmalar aparılmış, həqiqəti əks etdirən bir sıra multimedia mənbələri hazırlanmışdır. Bu kitab, albom, audio-video vəsaitləri və digər mənbələrdə faciənin mahiyyətini və ibrət dərslərini əhatə edən zəngin məlumat, fakt və sənəd toplanmışdır. Bu baxımdan bir neçə il əvvəl AZƏRTAC-da hazırlanmış “Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu Azərbaycan xalqının o zaman yaşadığı faciənin, 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə, bugünkü və gələcək nəsillərə çatdırılması işinə yardımçı olan uğurlu bir nəşrdir.
 Həmin nəşrin ön sözündə vurğulanan “Bu fotonəşr Bakıda törədilmiş kütləvi qırğının əsas baiskarı Mixail Qorbaçovu Nobel Sülh mükafatına layiq görmüş dünya üçün yaddaş kitabıdır” ironik fikri dünyanın hər bir yerində hər bir vicdanlı insanı dərindən duyğulandırır və ciddi düşündürür. Bu qınaq həm də Ermənistan – Azərbaycan müharibəsinə, Qarabağ həqiqətlərinə ikili standartla yanaşan beynəlxalq aləmə cinayətkarların hələ də cəzasız qalması barədə zəruri mesajdır. 
20 Yanvara aparan yolun nə vaxt və haradan başlanıldığını göstərən hadisələrin xronoloji ardıcıllığı, tarixi faktlara əsaslanan şərhlər, dərin təhlillər və Azərbaycan xalqının müsibətini, qırğının miqyasını əks etdirən yüzlərlə fotoşəkil- güllə ilə vurulmuş, tankın tırtılları altında tapdanaraq əzilmiş insan cəsədləri, şikəst edilmiş, ağır yaralanmış insanlar, qanlı cəza əməliyyatının ağır nəticələrini, müəyyən epizodlarını əks etdirən materiallar, fotosənədlər kitab-albomun tarixi və informasiyalılıq dəyərini nümayiş etdirir. 
Bəhs etdiyimiz kitabın dəyəri 20 Yanvar hadisələrinə dair təkzibedilməz fotoşəkillərin və sənədlərin, tarixi materialların, statistik məlumatların küll halında təqdim edilməsi, daha geniş auditoriyaya çatdırılması üçün fotonəşrin dörd dildə - Azərbaycan, ingilis, rus və ərəb dillərində çap olunması, oxucuda, xüsusən, dünya ictimaiyyətində faciə barədə aydın və obyektiv təssəvvürün yaradılmasındadır. Hər kəsin qavraya biləcəyi tərzdə, dəqiq, lakonik və çox səmimi bir üslubda ifadə olunmuş fikirlər siyasi, ideoloji, mənəvi mahiyyəti, məna-məzmun konkretliyi ilə diqqəti cəlb edir. 
Son illərdə buraxılmış digər nəşrlərdə də 20 Yanvar hadisələrinin səbəblərini, həmin hadisələr ərəfəsində Azərbaycanda yaranmış gərgin ictimai-siyasi vəziyyəti, Ermənistanın əsassız ərazi iddiaları və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdləri ilə əlaqədar baş qaldırmış etiraz dalğasını, keçmiş sovet rəhbərlərinin xalqımıza qarşı ədalətsiz siyasəti və digər mühüm məqamları özündə cəmləyən materiallar indiki nəsillərin diqqətinə çatdırılmışdır. 
20 Yanvar xronikasını əks etdirən bu mənbələrdə faciə ərəfəsində və Bakı qırğınından sonrakı dövrdə ölkəmizdə cərəyan edən hadisələrin xarakteri, obyektiv, subyektiv səbəbləri tarixi xronologiya ilə əks olunur. Həmin materiallardan bir daha məlum olur ki, o vaxt SSRİ-də gedən proseslərə real təsir etmək imkanı olan lider Heydər Əliyev siyasi səhnədən uzaqlaşdırıldıqdan sonra M. Qorbaçovun müşaviri A. Aqanbekyanın Parisdə “Humanite” qəzetinə müsahibəsində “Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi zəruriliyindən və bu məsələyə M.Qorbaçovun razılıq verməsindən” danışması etnik münaqişənin yaxınlaşdığına bir siqnal olmuşdu. 
20 Yanvara gedən yol da ermənilərin Dağlıq Qarabağa əsassız ərazi iddiaları ilə başlanmışdır. 1987-ci ildə Qarabağda yaradılmış “Krunk” radikal-separatçı erməni təşkilatının Xankəndidə keçirdiyi ilk antiazərbaycan mitinqləri də baş verəcək faciələrin ilk qığılcımları idi. Sən demə, 1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyinin rəvac verməsi, 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə DQMV-də yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi sayəsində muxtar vilayətin idarə-müəssisələrinin tədricən Azərbaycanın tabeçiliyindən çıxarılması, vilayət ərazisində soydaşlarımıza divan tutulması, DTK-nın çeşidli təxribatlar törətməsi və s. hadisələr xronologiyadan aydın olur ki, nəhayət, Bakıda dinc əhalinin ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə qətliamına aparırmış. 
M.Qorbaçovun göstərişi, D.Yazovun komandanlığı altında həyata keçirilən Qanlı Yanvar faciəsi baş verdikdən bir gün sonra bu informasiya blokadasını geniş cəbhədə yaran ümummilli lider Heydər Əliyev həmin vaxt Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, Bakı qırğınına ilk olaraq etirazını bildirmiş və siyasi-hüquqi qiymət vermişdir. 
20 Yanvar xronikasına nəzər saldıqca bir daha görürük ki, Azərbaycan xalqının azadlıq mübarizəsinə, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlərlə mümkün olmuşdur. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, o cümlədən 1998-ci il 31 mart tarixli fərmanla “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 1998-ci il 5 avqust tarixli sərəncama əsasən Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması, şəhid ailələrinə göstərilən diqqət və qayğı, bu ənənəni ölkə Prezidenti İlham Əliyevin davam etdirməsi də ulu öndərin adı ilə bağlıdır.
Şəhidlərin əbədiyyətə qovuşduğu müqəddəs məkana ümummilli lider Heydər Əliyevin verdiyi qiymət indiki nəsillərə belə tarixi yerlərin önəmini dərindən anladır: “Xalqımızın tarixində çox əzəmətli, qiymətli abidələr var. Ancaq Şəhidlər xiyabanı, XX əsrin sonunda Azərbaycan xalqının milli azadlığı uğrunda özünü qurban vermiş şəhidlərinin məzarları Azərbaycan Respublikasının torpağının ən müqəddəs yeridir və ən qiymətli abidəsidir”. 
Ulu öndərin: “Şəhidlərin hər qanının damcısında bizim xalqımızın qüdrəti var, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır” – sözləri isə yeni nəsildə milli vətənpərvərlik, dövlətçilik hislərinin tərbiyə olunması, milli kimlik məfkurəsinin formalaşması baxımından son dərəcə ibrətlidir.
20 Yanvar həqiqətlərini əbədiyyətə həkk etmiş qanlı xronikaya bir cümlə ilə ad vermiş olsaq, deməliyik: “Xalqın qeyrət və dəyanəti hər silahdan güclü imiş”.

 

Vasif SƏMƏDOV, 
“Kaspian-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin prezidenti, Əməkdar jurnalist

19 2019 23:20 - 20 YANVAR
20 YANVAR

Ən son xəbərləri səhifəmizdən də izləyin