Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sonuncu sovet diktatorunun “həyatının ən böyük səhvi”

Sonuncu sovet diktatorunun “həyatının ən böyük səhvi”

1990-cı ilin 20 Yanvarında vətənpərvər qüvvələr “Bakı zəfəri”nin bədnam müəllifi, sovet rəhbəri Mixail Qorbaçovun böyük bir karikaturasını qorxub-çəkinmədən Mərkəzi Komitənin binası qarşısındakı hündür divara çəkmişdilər. Nəhəng təsvirdə Qorbaçovun əlindəki baltadan qan süzülürdü. Rəşmin altında rusca: “Qorbaçov insan qəssabıdır” sözləri yazılmışdı. Bu qəhrəman bir xalqın xəyanətkarlığa və vəhşiliyə verdiyi aydın, təsirli qiymət idi.
Bəs görəsən, o saatlarda və günlərdə Qorbaçovun özü qanlı əməlinin nəticəsi olan bu kəskin ittiham barədə nə düşünmüşdü? Demək çətindir. Amma illər keçəndən sonra sonuncu sovet tiranı “Həyat və islahatlar” adı ilə çap olunmuş xatirələrində, yüngül də olsa, özünü “Bakı qırğını”nda suçlu bilib. O dövrü yada salan “insan qəssabı” səmimi, ya qeyri-səmimi, aşağıdakıları söyləyib:
– 1990-cı ilin yanvarında çoxlu sayda bakılının həyatı yarımçıq qaldı. Bu ağırdır, çox ağırdır;
– 1990-cı ilin yanvarında fövqəladə şərait bizi fövqəladə vəziyyətin elan edilməsinə məcbur etdi. Bu addım (guya – T.A.) daha çox qan axıdılmasının qarşısını almaq üçün atıldı;
– 13 yanvarda (sən demə – T.A.) Bakıda xuliqan elementlər insan itkisi ilə müşayiət olunan kütləvi iğtişaş törədiblər. 
– Mən Prezident Şurasının üzvü Primakovu və Sov.İKP Mərkəzi Komitəsi adından Aleksandr Girenkonu Bakıya göndərdim. Onlar mənə zəng vurub bildirdilər ki, Azərbaycanda vəziyyət nəzarətdən çıxıb. 18 rayonda hakimiyyət orqanlarının fəaliyyəti dayandırılıb və İranla 200 km sərhəd sökülüb 
(niyə ? – T.A.);
– 20 Yanvar mənə dərs oldu. Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır;
– Əsas günahkar Qarabağ münaqişəsidir (Bəs bu münaqişəyə kim rəvac verdi? T.A.). Sonra 90-cı ilin yanvarından dərs götürülübmü? Şübhə edirəm: bunun sübutu erməni-azərbaycanlı müharibəsidir”.
Bu gecikmiş etirafa onu da əlavə edək ki, illər sonra eks-prezident kimi Türkiyəyə səfər edən M. Qorbaçov “20 Yanvar qırğınını həyatının ən böyük səhvi” adlandırmışdı. Lakin bu etiraf da bir xalqın qatili olmaqdan çəkinməmiş qanlı prezidentin bəşəri cinayətini yuyub-təmizləyə, “insan qəssabı” damğasını onun bioqrafiyasından silə bilməz. 

 

T.AYDINOĞLU, 
“Xalq qəzeti”

19 2019 23:19 - 20 YANVAR
20 YANVAR

Köhnə versiyamızdan xəbərləri izlə