Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azadlığın doğum günü...

Azadlığın doğum günü...

Bütün şəhər küçələrə tökülmüşdü. Qışın iliyə işləyən sazağı elə bil insanların vecinə deyildi. Hamı harasa tələsir, sanki bir an əvvəl tərk etmək istəyirdi buranı. Birdən qələbəliyin içində qonşuları Solmaz xalanı gördü. Əlində iri bir barxana 3 balasını qabağına qatmışdı. “Nə olub, Solmaz xala” – deyə soruşmaq istədi. Səsi sinəsində qırılıb qaldı. Solmaz xala elə bil eşitdi onu. “Tez, tez olun gedin burdan. Çox pis şeylər olacaq. Ora bax ...” – deyə hayqırdı. Qadının əlinin qalxdığı tərəfdən- şimaldan nəhəng, qapqara bulud şəhərin üzərinə doğru irəliləyirdi...
Yuxudan qan-tər içində oyandı. Gördüyü yuxuya bir anlam verə bilməsə də, əhvalı qarışmışdı. Onsuz da hər şey qarmaqarışıq idi. Yeniyetməlik çağını yaşayırdı. İndi onun ilk gənclik havasıyla göylərdə uçan vaxtıydı. Amma baş verən hadisələr bütün yaşıdları kimi onu da başqa qayğılarla yükləmişdi. Özünü tanıyandan inandığı, məktəbdə öyrəndiyi hər şey əslində böyük bir yalan imiş. Vətən deyib sevdiyi, qürurlandığı ölkə əslində onun əsl Vətənini, torpağını qan bahasına caynağına keçirmiş düşmən tələsiymiş. Uşaqlıqdan baba deyib sevdiyi Lenin də nağıllarda gözəl qızları saçlarından asan div imiş sən demə. Bütün bunları biləndə çox sarsılmışdı. Yaxşı oxuduğuna və ictimai fəal olduğuna görə yaşı çatmasa da, sinifdə ilk onu komsomola keçirmişdilər. Nümunə kimi. Onda necə də qürurlanmışdı. İndi isə utanırdı o sevincindən. 
 Bayırdan səslər eşidilməyə başladı. Səsgücləndiricilərlə insanları küçələrə çıxıb barrikadalar qurmağa səsləyirdilər. Xalq cəbhəsinin fəalları idi deyəsən. Bayaqdan televiziyada da həyəcanlı çıxışlar bir-birini əvəz edirdi. Milli azadlıq hərəkatı xeyli vaxtdır başlasa da bu gün bir başqa idi. Müstəqilliyi uğrunda mübarizəyə qalxmış xalqları öz həbsxanasından buraxmaq istəməyən Moskvanın Bakıya qoşun yeridəcəyi ilə bağlı xəbərlər dolaşırdı. İnsanlar elə yuxusundakı kimi narahat idilər. Amma kimsə harasa getməyə yox, əksinə bu torpağı dişiylə-dırnağıyla qorumağa tələsirdi elə bil. Atası da dayısıyla birgə çıxmışdı evdən. Qəribədir, bu dəfə anası da deyinmirdi onların bu soyuqda-boranda küçələrə tökülməyinə. Ürəyi partlayırdı. O da bayıra çıxmaq, təpədən dırnağa Vətən, torpaq sevgisiylə, azadlıq eşqiylə silahlanmış o insanların yanında olmaq istəyirdi. Amma qız olduğu üçün icazə verməyəcəklərini bilirdi. 
 Televiziyada səslənən xəbərləri acgözlüklə dinləyirdi. İndi bu qara qutu havadan, sudan qiymətli olmuşdu. Bütün Azərbaycanın ürəyi orda döyünürdü elə bil. Birdən -birə ekran qaraldı. İşıqlar sönməmişdi. Bayaqdan əzizdən-əziz olan televizoru döyəcləməyə başladı. Amma çifayda. Sonra biləcəklərdi ki, Bakıya xain hücumdan öncə televiziyanın enerji bloku partladılmışdı. 
 Qaranlıq düşmüşdü. Bayırda şeytani sükut hökm sürürdü. Çoxunun əri, oğlu evdə olmayan qonşu qadınlar onlara yığışmışdılar. Hərənin ağzından bir söz çıxırdı. Hamı narahat idi, amma heç kim qorxmurdu. Ya da içindəki qorxuya inanmaq istəmirdi. Bütün ömürləri boyu sevib-öydükləri sovet ordusunun öz ölkəsinin vətəndaşlarına, əliyalın, silahsız insanlara zərər verəcəyini kimsə ağlına belə gətirmirdi. 
 Birdən bayırdan atəş səsi eşidildi. Sonra daha biri. Sonra uzun atəş səsləri... Gecənin bağrı dəlinmişdi elə bil. Şəhəri qatı duman bürümüşdü. Artıq ürəklər güllə səsləriylə həmahəng atırdı...
 O gecə kimsə yatmadı. Səhər güllələnmiş Bakının üzünə qan rəngində açıldı. Hamı ölmüşdü. Hamı yenidən doğulmuşdu. Küçələr al-qan içində idi. Ürəklərsə bomboş. Gözlərdən qəzəb axırdı. Bütün ömrü boyu aldadılmış insanlar “xilaskar ordu” tərəfindən gülləbaran edilmiş əzizlərinin nəşinə dəhşətlə baxırdılar. Yaralı Bakının harayını dünyaya çatdırmağa çalışan gəmilərin tükürpədici fəryadı altında bir ana yeniyetmə qızının qana bulaşmış saman sarısı saçlarını göz yaşlarıyla yuyur, bir ata əlləri əsə-əsə toyuna lap azca qalmış nişanlı oğlunun tankın altında qalıb paramparça olmuş bədənini bir yerə toplayır, bir qadın yenicə qovuşduğu sevdiyinin –həyat yoldaşının ölümünə dözməyib intihar qərarı verirdi . O məşum gecədə öz həyatı bahasına yaralıların köməyinə tələsən həkimin ağ xalatı insanlığın vicdanı kimi ayaqlar altında qalmışdı...
 Varfolomey gecəsindən daha dəhşətli olan o gecə moskvalı cəlladların əmri və onların bəslədiyi manqurtların yardımıyla 147 nəfər şəhid olmuş, yüzlərlə insan yaralanmışdı. Onların arasında yaşlılar, qadınlar, uşaqlar da var idi. Kimi doğma şəhərini qorumaq üçün özünü atəşin, tankın altına atmış, kimi də evinə gedərkən küçədə, ictimai nəqliyyatda, hətta öz eyvanında gülləyə tuş gəlmişdi... 
 Dağüstü parka doğru ucu-bucağı görünməyən izdiham irəliləyirdi. Sanki bütün şəhər bir yerə toplanmışdı. Bu mənzərə Moskva mehmanxanasından aşağını gözətləyən əlisilahlı rus əsgərlərini vahimələndirir, canlarındakı qorxunu söyüş söyərək toxdatmağa çalışırdılar...
Xalq şəhidlərini son mənzilə yola salırdı. Al qırmızı qərənfillərə bürünmüş tabutlar nəhəng çayın üzərində üzən çiçək səbətlərinə bənzəyirdi. Qadınlar ağlasa da kişilərin gözlərində yaş yox idi. Əvəzində yumruqları düyünlənmişdi. Dördbir tərəfdən tankların lüləsi üzərlərinə tuşlansa da insanların üzündə qorxudan bir nişanə yox idi. O dəhşətli gecə qorxunu yox, azadlığı doğmuşdu. Şəhidlərin qanı bahasına olsa belə, qan rəngində AZADLIQ.
 Gözləri anasıyla yanaşı addımlayan Solmaz xalaya sataşdı. Ağlamaqdan bihal olmuşdu yazıq qadın. 19-u gecəsi gördüyü yuxunu xatırladı. Baxışları qeyri-ixtiyari səmaya yönəldi. Qapqara, bədheybət bir bulud Günəşin qarşısından çəkilib yavaş-yavaş şimala doğru sürünürdü...

 

Aida AYSA,
“Xalq qəzeti”

19 2019 23:11 - 20 YANVAR
20 YANVAR

Köhnə versiyamızdan xəbərləri izlə