Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müxalifətin növbəti mitinqi də sosial bazanın yoxluğunu təsdiq etdi

Müxalifətin növbəti mitinqi də sosial bazanın yoxluğunu təsdiq etdi

Azərbaycan müxalifəti cəmiyyətdə etimadını tamamilə itirməsinə baxmayaraq, yenə də özünü meydanlara atmaqdan, mitinqlər keçirməkdən əl çəkmir. Dünən Yasamal rayonu ərazisindəki “Məhsul” stadionunda keçirilən növbəti aksiya da dediklərimizi bir daha təsdiq edir. Acınacaqlı haldır ki, bütün müxalifət partiyalarının, onların ətrafında olan müxtəlif təşkilatların birgə keçirdiyi mitinqdə cəmi 2800 nəfərə qədər insan iştirak edib.  
Bundan əlavə, ­AXC–Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövrdəki kimi, indiki mitinq də özünün xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti cəlb etdi. Yenə tribunada 25 ildən bəri dəyişməyən, “liderlik” iddiasından dönmək fikrində olmayan eyni simalar göründü, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər səsləndi. Çıxışçıların qulaqyorucu səs tembrləri yenidən təkrarlandı.
On nəfərə yaxın adamın çıxış etməsinə baxmayaraq, heç bir real siyasi, ictimai, sosial-iqtisadi təklif səslənmədi, konstruktiv ideya irəli sürülmədi. Hakimiyyətin həyata keçirdiyi genişmiqyaslı islahatlar qarşısında sanki müxalifətin heç bir təklifi yox idi. Eyni zamanda, aksiyada heç bir ziyalının, cəmiyyətdə tanınmış alimlərin, iqtisadçıların iştirak etməməsi də mitinqin dəyərini heçə endirirdi.  
AXCP sədri Əli Kərimli digər partiyaların rəhbərlərinin aksiyaya qatılmamasından istifadə edərək özünü müxalifətin vahid lideri kimi qələmə verməyə cəhd göstərdi. O, mitinqi təkbaşına təşkil etdiyini iddia etdi. Kütləyə inanılmaz vədlər verdi. Bundan asan nə ola bilər ki?! 
Dünənki mitinqi müşahidə etdikdən sonra bir daha bu qənaətə gəlirsən ki, radikal qrupların sosial bazası yoxdur. 10-dan artıq siyasi qurumun iştirak etdiyi aksiyada “Məhsul” stadionunun kiçik bir hissəsinin dolmamasını başqa cür necə izah etmək olar?! Bu amil bir daha Azərbaycan cəmiyyətinin radikal qrupların çağırışlarına əhəmiyyət vermədiyini, onlara inanmadığını, bu qrupların heç bir sosial dayağının olmadığını açıq şəkildə nümayiş etdirdi.
Bakı Şəhər Baş Polis İdarəsinin Bakıda keçirilmiş razılaşdırılmış mitinqlə bağlı məlumatında da bildirilir ki, yanvarın 19-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda keçirdiyi mitinqidə iştirakçıların ümumi sayı 2800-dək olub. İnanmaq istərdik ki, radikal müxalifət fəalları bir gün sosial bazalarının olmaması faktını etiraf edərək kənara çəkiləcək, Azərbaycanda gedən sosial-iqtisadi inkişafa mane olmaqdan vaz keçəcəklər. Bax, bu, ən ağıllı addım olardı. 

 

Hüseyn İBRAHİMOV, 
AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru

19 2019 23:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin