Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qardaş Türkiyə Bakı qətliamının ağrılarını hüznlə xatırlayır

Qardaş Türkiyə Bakı qətliamının ağrılarını hüznlə xatırlayır

Qan yaddaşımızda əbədi yaşayacaq 20 Yanvar faciəsi 29 il əvvəl olduğu kimi, bütün türk dünyasında, o cümlədən  Türkiyədə  də hüzn günü kimi geniş qeyd edilir. Bu barədə əməkdaşımız Namiq Qədimoğlunun qardaş ölkənin İzmir şəhərindən redaksiyamıza göndərdiyi məlumatda deyilir:
– 20 Yanvarın ildönümü ilə bağlı müsahibimiz olan Egey Universitetinin professoru Müge Elden  bildirdi ki, Azərbaycanın müstəqillik qazandığı  illər ərəfəsində törədilən bu qanlı faciə o zaman Türkiyənin hər yerində, o cümlədən ölkənin üçüncü böyük şəhəri olan İzmirdə də böyük etirazlarla qarşılanmışdı. Şəhərin küçə və meydanlarında düzənlənən etiraz mitinq və yürüşləri izmirlilərin təcavüzə məruz qalmış qardaşlarımıza həmrəyliyinin ifadəsi idi. Onda əlaqələr, əslində, bu qədər yaxın və geniş deyildi, hətta yox səviyyəsində idi. Amma izmirlilər mətbuatdan aldıqları məlumat əsasında Bakı olaylarını özlərinin faciəsi kimi qəbul etmişdilər.
– Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş hadisələr tarixdə keçmiş sovet dövlətinin hərb maşınının  Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüz, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutunu sürətləndirməklə,  onun cinayətkar mahiyyətini bütün dünyaya  nümayiş etdirdi. 
O zaman Bakıda törədilən qırğının ağrısı bizi də eynilə sızlatdı, həmin ağrı bu gün də canımızdadır. 29 il əvvəl baş verən və hər il böyük bir izdihamla yad edilən 20 Yanvar  bütün türk dünyasının qan yaddaşında yaşayacaqdır, Azərbaycan şəhidlərinin hünəri  heç vaxt unudulmayacaqdır.
Uzun illər media tədqiqatları ilə məşğul olan Müge xanım sonda bildirdi ki, regionda təhlükəsizliyin təminatında, bütün münaqişələrin sülh yolu ilə həllində maraqlı olan dövlətlərimiz dünyanın ən nüfuzlu təşkilatlarında eyni mövqedən çıxış edərək, həm Azərbaycanın, həm də Türkiyənin üzləşdiyi problemlərin və münaqişələrin həllində beynəlxalq təşkilatları ədalətli mövqe nümayiş etdirməyə çağırması, ikili siyasətin bu gün yaratdığı problemləri aradan qaldırmağa ortaq maraqlarımızdan irəli gəlir. Rəsmi Ankara daim Azərbaycanın yanında olduğunu bəyan edir. Azərbaycan və Türkiyə iki dövlət olsa da, ümümi hədəfləri birdir. Bu həm də xalqlarımızın birliyinin təntənəsidir.

 

Hazırladı: 
T. TURAN, 
“Xalq qəzeti”  

19 2019 23:10 - 20 YANVAR
20 YANVAR

Ən son xəbərləri səhifəmizdən də izləyin