Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qanlı gecənin qardaş itkisi

Qanlı gecənin qardaş itkisi

1990-cı ilin qanlı yanvarı millətimizin köksünə ağır dərd kimi sancılsa da, bizi sındıra bilmədi, əyilmədik. O gecə insanlarımız əliyalın, başlarını dik tutaraq silahlı düşmənin qarşısına çıxdılar. Əslində o qanlı gecədə azadlıq aşiqləri ilə qansız cəlladlar üz-üzə dayanmışdılar. Bu qeyri-bərabər savaşda öldürən uduzdu, öldürülən şəhidlik zirvəsinə yüksəldi. Bakıya daxil olan BTR-lər, tanklar, bir sözlə silahlı dəstələr insanlıq duyğusunu itirmiş vəhşilər idi. “Uf” -demədən günahsız insanların qanlarını tökdülər. Dəhşətli gecədə uşaqlar, qadınlar, yaşlı insanlar, dinc sakinlər amansızlıqla qətlə yetirildi. 20 yanvardan başlayan qətliam bir neçə gün davam etdi. 20 yanvar hadisələrindən 29 il ötür, ancaq həmin hadisəni bu gün də ağrı ilə xatırlayıram.
Hər kəs yaxşı bilir ki, həmin gün mənim üçün həm də bir ailə faciəsidir. Xatirələr yaddan çıxmır. Biz bu xatirələrlə yaşayırıq. 21 yaşında evin sonbeşik oğlunu, qardaşımız Müşfiqi itirdik. O, Rusiyanın Vladimir şəhərində texnikumda oxuyurdu. 5 il olardı ki, orada yaşayırdı. 1988-ci ildə baş verən hadisələri eşidən kimi doğma Vətənə qayıtmışdı. 
1990-cı ilin yanvarın 18-i. Müşfiqi gördüyüm son gün. O zaman Müşfiq bizimlə yaşayırdı. Həmin günü Ağdaşa qayıdırdıq. Müşfiqin bizimlə getməsini istəsək də o, təkidlə Bakıda qalacağını bildirdi. Səhər – yanvarın 19-da bütün günü onunla əlaqə saxladım. Gecə saat birin yarısı evə həyəcanlı zəng gəldi. Dəstəyi dərhal özüm qaldırdım. Operator qız Müşfiqin vurulduğunu və artıq həyatla vidalaşdığını söylədi. Təcili gəlin, meyiti təhvil alın, yoxsa sovet əsgərləri izi itirmək üçün cəsədləri dənizə atırlar və ya naməlum ərazilərdə basdırırlar. Ölülərin sayı az deyil. Gözlərimin qarşısına sanki qaranlıq çökmüşdü. Nitqim qurumuş halda donmuşdum. Xeyli müddətdən sonra özümü ələ alıb, təcili Bakıya gəlməli olduğumu bildirdim. Evdəkilərə vəziyyət ağırdı, əsgərlərin deyəsən, Müşfiqi də tutduqlarını bildirdim. Dayım oğlu ilə Bakıya yola düşdük. 
Bakıya giriş və çıxış bağlı idi. Sulutəpə adlanan ərazidə yollar tamamilə bağlanmışdı. Snayperlər dağın başında durub ətrafı nəzarətdə saxlayırdılar. Əsgərlər maşınımızı saxladılar və silahı başımıza dirəyib bizi maşından düşürdülər. Maşını yoxladılar. Hara getdiyimizi soruşdular. Dedim ki, qardaşım rəhmətə gedib onun meyitini götürməyə, gəlmişəm rayona aparacam. “Qəti şəkildə – olmaz” – söylədilər. 
Dinc sakinlərə kömək məqsədi ilə Göyçaydan gələn bir avtobus gəncin əllərini, ayaqlarını bağlayıb yerə uzatmışdılar. Həmin günün şahidləri yaxşı xatırlayırlar ki, hava çox soyuq idi, yerdə qar vardı. Bizə qarşı da kobudluq etməyə başladılar. Yaxşı ki, polis vəsiqəm üstümdə idi. Bizə sözləri o oldu ki, sizə hörmətimiz o olar ki, nəsə hadisə baş vermədən geri qayıdın. Yenidən rayona qayıtmalı olduq. Axşam Ləki stansiyasında qatara oturub bir qrup adam bu şəkildə Bakıya gəldik. O vaxt ancaq dəmir yolu işləyirdi. Həmin gün nə avtobuslar, nə maşınlar işləyirdi, küçədə hərəkəti dayandırmışdılar. Lakin bəzi yerlərə metro işləyirdi. Xoşbəxtlikdən metronun “Gənclik” stansiyası ilə evimizin arası yaxın idi. İdmançı dostlarmız Müşfiqin cənazəsini artıq gətirmişdilər. ­Dostumuz Rafiq Hacıyevlə məsləhətləşdik ki, cənazəni rayona necə aparaq. Yük maşını, götürdük. İndiki sement zavodunun arxasında xəlvəti bir yol vardı. Biləcəridən ora gedən yoldu. Həmin yolla gedib əsas yola çıxdıq. Bizi qarşıda təcili yardım gözləyirdi. Çətinliklə də olsa, Ağdaşa çatdıq. Müşfiqi ata yurdunda – Ağdaşda dəfn etdik. Həmin gün insanlar birlik nümayiş etdirdilər. Müşfiqi dəfn edəndə böyük izdiham yaşandı. 
Müşfiq həlak olanda “Gənclik”də, indi stadionun kassaları olan yerdə dostları ilə dayanıbmış. İdmançılardan kimsə deyib ki,Çapayev küçəsi tərəfdən tanklar şəhərə girmək istəyir. Ora güc lazımdı. Hamımız qol-qola tutaq, imkan verməyək tanklar girsin. Bunları cəlilabadlı Elxan adlı oğlanın söyləyir. Güllə Müşfiqin ürəyindən dəymişdi. Evimin açarını Elxana verir ki, Xəzərə çatdır. “Semaşko”ya çatdırılsa da, həyatını xilas eləmək olmur. Toyunun olmaması məni ağrıdır. Kaş ki, onu evləndirəydik, bir nişanəsi qalaydı... 
Hər il Müsfiq İsayevin şəhərə beynəlxalq güləş turniri keçirilir. Gələn qonaqlar turnirdən əvvəl Şəhidlər xiyabanını ziyarət edirlər. Xarici ölkə vətəndaşlarının, xüsusən də usaqların bu xiyabanı görməsi onların yaddaşında silinməz iz qoyur. Tək Müsfiqin xatirəsini deyil, ümumilikdə, şəhidlərimizi yad edirik. 
Bu gün Ağdaşda Müsfiq İsayevin adına küçə və məktəb var. Əbədiyyətə qovuşsa da, dövlətimiz və xalqımız tərəfindən onun adı yaşadılır. 
Müşfiqin adını daşıyan məktəbdə Müşfiq mükafatı da təsis etmişik. Düzdür, böyük məbləğ olmasa da, bunun özü də uşaqlar arasında dərsə marağın artmasına səbəb olur. Çünki hər bir uşaq yaxşı oxumaq istəyir ki, Müşfiq adına təqaüdü alsın. Hər il bu təqaüdü alanlar çox fərəh hissi keçirirlər ki, biz də torpağımız üçün canlarından keçən oğulun adına layiq olduq. Dövlətimiz şəhid və qaçqın ailələrinin həyat şəraiti ilə yaxından maraqlanır, hər zaman diqqət və qayğı göstərirlər.
 İnanırıq ki, ulu öndərin layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində biz öz doğma ­torpaqlarımızı azad edəcəyik.

 

Xəzər İsayev,
Əməkdar idman ustası

19 2019 23:06 - 20 YANVAR
20 YANVAR

Ən son xəbərləri səhifəmizdən də izləyin