Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ömürləri çiliklənən, arzuları gerçəkləşən balaca şəhidlərimiz

Ömürləri çiliklənən,  arzuları gerçəkləşən balaca şəhidlərimiz

29 il  bundan əvvəl, yanvarın ­­19-dan ­20-nə keçən gecə xalqımızın qan yaddaşına yazılan, tarixdə unudulması mümkün olmayan, insanlığa sığmayan dəhşətli bir hadisə törədildi: sovet ordu hissələri tərəfindən Azərbaycanda 147 insan qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu... 

 

O qanlı-qadalı gecədə əvvəlcə xain əllərdən atılan işıqsaçan güllələrin vıyıltısı, şəhərə soxulan tankların motorlarının uğultusu eşidildi, az sonra Bakının dalanları, yolları qan gölünə çevrildi. Küçələr tankların əzib keçdiyi maşınlarla, güllələnmiş bədənlərlə, inildəyən yaralılarla doldu. Şəhər ağır hərbi texnikanın tırtılları altında xarabalığa çevrildi.

O ölümlü-itimli 20 Yanvar faciəsinə uzanan yol başlanğıcını insanların ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələrə etirazlarını dilə gətirmək üçün meydanlara, küçələrə axışdığı, ermənilərin Şuşa şəhəri yaxınlığındakı Topxana meşəsini dağıtdığı günlərdən almışdı. O dəhşətli gecəni, həm də erməni separatizminə Kreml tərəfindən rəvac və dəstək verilməsi, respublika rəhbərliyinin isə səriştəsizliyi, milli mənafeyə zidd mövqeyi, müti və xalqına yad Ə.Vəzirovun respublika rəhbərliyinə gətirilməsi, soydaşlarımızın Qərbi Azərbaycandan zorakılıqla qovulması şərtləndirdi.

Tarixin səhifəsinə “Qanlı şənbə gecəsi” kimi yazılan o misilsiz faciəni M.Qorbaçov başda olmaqla Kremlin açıq ermənipərəst mövqe sərgiləməsi, respublika rəhbərliyinin bu vəziyyətlə barışması, Moskvanın iradəsinə boyun əyməsi, bununla da Azərbaycanda narazılığın güclənməsi, ictimai-siyasi böhranın kəskinləşməsi doğurdu. O bəşəri cinayəti--qırğınları, vəhşilikləri törətməklə M.Qorbaçov xalqın gözünü qorxutmaq, azadlıq ruhunu qan içində boğmaq məqsədi güdürdü.

Adamı dəhşətə gətirən həm də o idi ki, o gecə insanlar xüsusi qəddarlıqla və yaxın məsafədən güllələnmişdilər: Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdu. Xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuşdu, həkimlər öldürülmüşdü. Yaralılar süngü-bıçaqla qətlə yetirilmişdi. Onların arasında gözləri tutulan, dünya işığından məhrum olan B.Yefimtsev də var idi. Atəş açılanlar sırasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də az deyildi. Onların arasında aşağıda barələrində qısaca bəhs edəcəyim 13 yaşlı iki məktəblinin – Larisa Məmmədova və İlqar İbrahimovun da adları azadlıq, müstəqillik uğrunda mübarizənin günahsız qurbanları sırasına düşdü.

 

* * *

 

...“Mən üçrəngli bayrağımızı görmək istəyirəm!.. Mən torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi üçün küçələrə, meydanlara axışan adamların arasında olmaq istəyirəm!..”. O axşam bu sözləri söyləyən Larisanın körpə inadı qarşısında yumşalan atası onu da özü ilə işlədiyi Şmidt adına zavodun avtomobil parkına gətirmişdi. Burada qızcığaz insanların ulduzlu və ayparalı bayrağımıza olan sevgisinin, məhəbbətinin, quduzlaşmış düşmənə isə kükrəyən nifrətinin şahidi olmuşdu. Geri qayıdanda... bax, həmin o müəssisənin yanında “İkarus” avtobusunda oturduqları yerdəcə gülləbarana tutulmuşdular. Ata-bala al-qana bələnmişdilər. Qaniçənlərin atəşi Larisanın bapbalaca ürəyinə sancılmışdı...

O məşum 20 Yanvar gecəsində 13 yaşlı Larisa Məmmədova beləcə namərd gülləsinə tuş gəlməsəydi, cəlladların qurbanına çevrilməsəydi, indi ömrünün 42-ci qışını, həyatının isə ən bəxtəvər, xoşbəxt günlərini ­yaşayırdı...

Larisa Məmmədovanın kompüterin yaddaşına “həkk edilən” və onun dəfn mərasimində evdən son mənzilə qədər yüzlərlə insanı “ardınca aparan” fotosunda qızcığazın məchulluğa dikilən baxışlarındakı kədəri “oxumaq” elə də çətin deyil. Fikirləşirsən: bəlkə də o fotonun əbədiləşdirildiyi anlarda Larisa neçə-neçə arzusunun ürəyində qalacağını hiss edirmiş. Bəlkə də əyləşdiyi parta, sinif yoldaşları, kitab-dəftərləri və bir də ki, onu hələ də uşaq dünyasına bağlayan kuklaları ilə həmişəlik vidalaşacağı ürəyinə damıbmış. Bəlkə də...

...O dəhşətli faciə yaşanan günlərdə böyük şairimiz Bəxtiyar Vahabzadə də şəhidlik zirvəsinə yüksələn bu fidan balanı məhz kuklası ilə birgə oxşamışdı:

On üç yaşlı körpə bala,

Yazıq anan necə dözsün

Bu kədərə, bu məlala?

Məzarının baş ucunda kuklan da var.

Bu gün layla çalmalıykən  sən kuklana

Kuklan sənə laylay çalar.

Sən özün də kukla idin.

Bu dünyanın əvvəlini, axırını

Heç bilmədin.

Kim kuklaya güllə atar?

Atan oldu.

İnsanlığı, mərhəməti,

Ədaləti, həqiqəti

Bir qərəzə satan oldu…

 

İllər ötüb, nəsillər dəyişsə də, Larisa yaddaşlarda fotolardakı kimi – elə hey kədər, həsrət, intizar dolu baxışlarını bizə zilləyəcək. İllər keçsə də ata-ana əhatəsində, dünyanın dərd-qəmindən uzaq, qayğısız görünəcək, sinif əlaçısı, müəllimlərinin, şagird yoldaşlarının sevimlisi və bir də hələ də ayrıla bilmədiyi oyuncaqlarının arasında qalacaq…

 

* * *

 

...O gecə anası nə qədər dil tökmüşdüsə, yalvarmışsa da, İlqarı fikrindən daşındıra bilməmişdi. Balaca bacıları Alla ilə Səbinə arxasınca ağlasalar da, xeyri olmamışdı. O qanlı yanvar gecəsində, soyuq havada qonşuları Nazimin “Zaparojes” markalı maşınında dostları Zakir və Pərvizlə birgə küçəyə toplaşanları tonqal qalayıb isindirmək üçün odun gətirməyə getmişdi. Yolda qarşıdan tankın üzərlərinə gəldiyini görüb maşından düşərək qaçmağa başlamışdılar. Arxadan açılan atəşlə İlqar ölümcül yaralanmışdı. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmamışdı.

İlqar İbrahimovun 13 yaşı vardı. Yasamaldakı 167 saylı məktəbin 7-ci sinfində oxuyurdu. Gülərüz, sakit təbiətli bir uşaq idi. Müəllimlərin, şagird yoldaşlarının istəklisi olmuşdu. Bədii ədəbiyyatı, xüsusən də poeziyanı çox sevirdi. “Şair olacağam, dünya məni tanıyacaq”,-deyirdi... Ancaq istəyinə yetə bilmədi. Namərd gülləsi arzularını çilikləsə də, adı Vətənin azadlıq aşiqləri ilə yanaşı tarixə yazıldı…

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

19 2019 23:04 - 20 YANVAR
20 YANVAR

Ən son xəbərləri səhifəmizdən də izləyin