Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həm peşə, həm də Vətən borcu...

Həm peşə, həm də Vətən borcu...

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!

Bir insanın içindəki azadlıq arzusunu, bütöv olmaq istəyini necə gözəl ifadə edib şair.. Bu misralar qəlbinin hər döyüntüsü azadlıq hayqıran, xalqını əzmkarlığa, yumruq kimi birləşməyə səsləyən Xəlil Rza Ulutürkə məxsusdur. Qolumuzdakı zəncirləri qırmaq isə asan başa gəlmədi bizə. Canımızdan olduq, neçə evin çırağı söndü o gecə, işıqlı sabahımız naminə.

 

20 Yanvar 1990-cı il... Həm faciəmiz, hüzn günümüz, həm də qürur duyduğumuz bir tarix... Adisindən alisinə – hər kəsə güllə atıldı o gün. Ümidimizə tuşlanan silahlar canlar aldı, qanlar tökdü. Amma bizi əyə bilmədilər. Silahlar, qarşısına sipər ola bildik... Azadlığımızı qanımız bahasına geri aldıq. Müstəqilliyimiz üçün mütləq şəhidlərimiz olmalı idi. Güllələri, hücumları, zərbələri məhz onların hesabına dəf edə bildik. Qan selinə çevrilən küçələr, güllə yağışı görən gecələr... Kabus idi o gün... Hələ də bu millətin gözlərindən çəkilməyən bir kabus. Amma bizə ən böyük həqiqəti – azadlığı bağışlayan o günü xatırlayanda həm üzülür , həm də bir fəxarət hissi keçiririk. Çünki o gün ölümün üstünə gedə bildik, o gün şərə qalib gələ bildik, biz o gün, bir ola bildik !

 İndi Qara Yanvar deyə xatırladığımız o günlərdə peşə borcunu yerinə yetirən daxili işlər orqanlarının əməkdaşları--polislər də gülləyə tuş gəldilər. Onların içində hələ körpəsini qucağına ala bilməyən ata, işə yollananda “gələcəyəm” – deyən, lakin cəsədi qayıdan, şam işığında 5 saat əməliyyat olunan, amma həyata dönə bilməyən qəhrəman polislərimiz də olub.

 

O gecədən qalan “Nişanə”

 

İlk müsahibim şəhid Telman Bağırovun həyat yoldaşı Təranə xanımdır. “Telman Bağırov 1960-cı ildə anadan olmuşdu. Ailə qurduğumuz yeddi ay idi. Telman işi ilə əlaqədar Bakıda yaşamalı idi. Mən isə həmin vaxt Lənkəranda qalırdım. DİN-də iki ildən yuxarı işləyirdi.”

Təranə xanım deyir ki, Telmanı axırıncı dəfə yanvarın 18-də görüb. “Heç vaxt ağlıma gəlməzdi ki, belə bir şey olar. Ölüm xəbərini mənə demədilər, sadəcə, yaralı olduğunu söylədilər. Çünki mən ana olmağa hazırlaşırdım. Bu səbəbdən həqiqəti məndən gizləyirdilər. Mən hadisə yerinə gələndə o, artıq keçinmişdi. Bildirim ki, noyabr ayında Şuşanın Malıbəyli kəndinə döyüşə getdi. Dekabrın 30-da gəldi, yanvarda da bu hadisə baş verdi...

Telman ilk körpəsinin üzünü görmədən şəhid oldu.. Fevralın 11-də qızımız dünyaya gəldi . Telmanın ölümü məni elə sarsıtmışdı ki, övladımız vaxtından erkən dünyaya göz açdı .”

Təranə xanım bildirdi ki, Telmandan nişanə qalan Nişanəsi yenicə ana olub. Kaş Telman yaşayaydı, gözünün nuru övladının ana olmasını görəydi ,yeni doğulmuş nəvəsini qucağına alıb baba hissini yasayaydı.

Bacısı Hörmət xanım o məşum gecəni belə xatırlayır: “Mənim üçün Telman haqqında--uşaqlığından, gəncliyindən danışmaq çox çətindir. Çünki onun ölümünə hələ də inana bilmirəm. 29 yaşında şəhid oldu. Bir şeyi qeyd edim ki, hamı o dünyanın yolçusudur.Bir var ölüm- ölüm kimi, bir də var ölüm- zülm kimi. Bunların ölümləri zülm kimi oldu.

Yanvarın 19-da gecə növbəsində idi. Anam və mən gecəni evin pilləkənlərində keçirdik. İçərişəhərdə yaşayırdıq. Atəş səsləri eşidilirdi. Küçəyə çıxmaq mümkün deyildi. Səmada güllələr işıq saçırdı. Səhərə yaxın ayaq səslərindən Telmanın gəldiyini duyduq. Pilləkənləri nəfəsi kəsilmiş halda qalxdı. Bizi qucaqladı. Soruşurdu ki, niyə bayırda dayanmısınız? Deyirdi,ana,bacı, bilirsiz, nə oldu? İnsanları qırdılar. Küçələr qanla örtülüb. Qaçıb sizdən xəbər tutmaq üçün gəldim. O zaman bütün rabitə əlaqələri yaxşı işləmirdi, televiziya bloku partladılmışdı. Ancaq “Azadlıq” Radiosuna qulaq asıb məlumatı oradan əldə edirdik. Anam nə qədər onu saxlamağa çalışsa da, qulaq asmadı, getdi. Amma bir az rahatlaşdıq ki, gedib qayıdacaq. Oturub radioya qulaq asanda birdən telefon zəngi gəldi. Atam dəstəyi qaldırdı. Rəngi qaralmışdı. Telefondakı şəxş Telmanı təsvir edirdi. Həmin an hamımız gözümüzü atama dikmişdik. Telmanın çiynindən yaralandığını, Semaşko xəstəxanasına gedəcəyini bildirdi. Əslində isə, anam xəstə olduğundan, atam həqiqəti ondan gizlətmişdi. Anam isə təkidlə getmək istədiyini bildirdi. Atam və anam piyada, kəsə yollarla xəstəxanaya getdilər.

 Anam danışır ki, səhər saat beş olardı, maşınlar xəstəxananın həyətinə toplaşmışdı. Öz-özümə deyirdim ki, hərbçilər bura da gəliblər. Xəstəxanın həyətində BTR-lər, tanklar vardı. Gecə yarısı yaralılara kömək əlini uzadan tibb bacısını da elə xəstəxanada vurmuşdular. Əlindəki balonla dolu olan spirti alıb əlinə atəş açıblarmış. Bir də həmin gecə azğınlaşmış əsgərlər gecə meyitxananın qapısını açıb orada olan bütün ölülərin üzərinə “kislata” tökmüşdülər ki, üzləri tanınmasın. Atam onda sevinmişdi ki, nə yaxşı Telmanı meyitxanaya aparmağa qoymadım.

Həmin gecə güllə onun ürəyinin üstündə gəzdirdiyi partiya biletini deşmişdi. Hələ də onu Telmandan yadigar kimi saxlamışıq. Telmanın qanı onun üzərində qalıb.

Yenə qayıdıram o gecəyə. Əsgərlər arxadan atəş açıb Telmanı yaralamışdılar. Onun ölümü sevgi ilə daşıdığı polis formasında oldu. Bir güllə vurmuşdular o da ürəyindən dəymişdi . Onlar Telmanı öldürüb, meyitini yox eləmək istəyirdilər. Telmana elə bil, həmin an xüsusi bir güc verilmişdi. Onların niyyətlərini başa düşərək gizlənmək üçün yer axtarmışdı. O yaralı olmağına baxmayaraq yuxarıya doğru qaçıb indiki Azadlıq prospekti ilə Salatın Əsgərova küçəsinin kəsişməsində olan evlərin həyətinə girib. Sakinlər əvvəl onun sovet əsgəri olduğunu düşünüblər,lakin Telman söyləyib ki, azərbaycanlıyam, kömək edin. Həmin an ona kömək edən Böyükağa və Səmədə söyləyib ki, evə xəbər edin ki məni yaralayıblar. Onlar bildirirlər xəstəxanaya aparanda o sağ idi.

Onlar bunu da danışırdılar ki, sovet əsgərləri həyətdə onu gəzəndə bir-birlərinə deyirdilər ki, o, polis formasında idi. Tapıb onu mütləq öldürüb yox eləmək lazımdır. Başa düşdük ki, söhbət Telmandan gedir. Onların getməsini gözlədik, sonra biz onu gizlicə xəstəxanaya apardıq. Bəlkə, çox qan itirdi, bəlkə tez aparsaydıq sağ qalardı – deyə bildirirdilər. Bircə onu dedi: Anama deyərsiz... Sözlərinin ardını gətirə bilmədi.

 

Övladının adında yaşayan şəhid

 

Həyat yoldaşı Marina Boqdanova hadisəni belə xatırlayır: “20 Yanvar hadisəsindən 29 il keçməsinə baxmayaraq, sanki dünən baş verib. Yanvarın 19-da Valeri işə çağrılıb. Hadisə baş verən günü səhər tezden evə gələrək bizə baş çəkdi. Sonra dedi ki, yoldaşları ilə tapşırıq dalınca gedir. Onun itkisi ailəmiz üçün ağırdır. Həvəslə uşağımızın dünyaya gəlməsini gözləyirdik. Təəssüf ki, qızımızı görmək ona nəsib olmadı. İlk körpəsinin üzünü görməmiş 31 yaşında həyatla vidalaşdı.

Marina xanım söyləyir ki, Valeriyə olan sevgisindən qızın adını Valeriya qoyub. Tale elə gətirdi ki, yeganə övladı atasının doğulduğu ayda dünyaya gəldi. İndi isə o, anadır.

Həmin gün yaşananları Valeri Zakiroviç Boqdanovun anası Valentina xanım belə xatırlayır:- Gecə iş yoldaşları kapitan Oqtay Mirzəyev və leytenant Ağanəzər İsrayılov onunla bir yerdə olmuşdular. Tbilisi prospekti ilə İnqilab küçəsinin kəsişməsində onların olduğu avtomobil atəşə tutulur, Ağanəzərin başı çiyinlərinə düşür. Bircə onu deyə bilib ki, Oqtay, Ağanəzəri öldürdülər. Bu an güllə Valerinin də səsini kəsir, Valeri də vurulur. Səhər saatlarında həmin avtomobildə olanları xəstəxanaya gətirirlər. Valeri Boqdanov burada 342-ci yaralı kimi qeydə alınır və əməliyyat olunur. Lakin, bütün cəhdlərə baxmayaraq, oğlumun həyatını xilas edə bilmirlər, 4 saatdan sonra vəfat edir. Şəhidlər xiyabında adının lövhədə yazılmasına baxmayaraq, məzarı Gəncədədir.

 

Toyu çalınmayan İlqar

 

Qardaşı Yavər müəllim bunları söylədi: “ İlqar Əbülhəsənov 1967-ci il avqustun 19-da Bakıda anadan olub. 1984-cü ildə Nəsimi rayonundakı 42 saylı orta məktəbi bitirib. Həmin məktəb bu gün onun adını daşıyır . İndiki Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Üç il oxuyandan sonra axşam növbəsinə keçib, milis orqanlarında işə düzəlib, oxuya-oxuya işləyib. Ailəmizin ən kiçik uşağı idi. İlqar Bakının indiki Yasamal Rayon Daxili İşlər İdarəsində idi. Həmin gecə növbədə idi. Biz ailədə, demək olar ki, hamımız güc strukturlarında çalışırdıq. Atam Yusif Əbülhəsənov keçmişdə Naxçıvanın daxili işlər naziri olub. Atamın bu sahədə işləməsi İlqarı da bu yolla getməyə ilhamlandırdı. Mən də hadisələr vaxtı Naxcıvanda işləyirdim. 6 ay olardı, onu görmürdüm. Nişanlı idi. Həvəslə toyuna hazırlaşırdıq. Bir xüsusiyyəti vardı ki, qarşısına qoyduğu məqsədə nail olmağa çalışardı. Əsas məqsədi DİN-də atamın yolunu uğurla davam etdirmək idi. Lakin tale elə gətirdi ki, arzuları yarıda qırıldı”.

Yavər müəllim söyləyir ki, Qanlı Yanvar gecəsində təxminən gecə saat 12 radələrində İlqar “Naxçıvan” mehmanxanasının yanında maşınından düşərkən avtomatdan atəşə tutulub. Xəstəxanaya aparıblar. Əvvəlcə şam işığında, sonra isə qəzet yandırmaqla həkimlər 5 saatlıq əməliyyat aparıblar,lakin faydası olmayıb. Həkimlərin bütün səylərinə baxmayaraq İlqar Əbülhəsənov yanvarın 22-də səhər saat 11-də əbədiyyətə qovuşub. Məzarı Şəhidlər xiyabanındadır.

 

Arxadan açılan atəş

 

Şəhid Ağanəzər İsrayılovun qardaşı Abuzər müəllim bizimlə bunları bölüşdü. “Ağanəzər İsrayılov 1960-cı il iyulun 1-də Şamaxı şəhərində anadan olub. Leytenant idi. Ölümündən bir gün əvvəl telefonla danışmışdıq. Söylədi ki, rayona gələcək. Yanvarın 19 -da gəlməli idi. Həmin gün gözümüz yolda qaldı, Ağanəzər gəlmədi. Çox nigaran idik. 20 yanvarda onun ozünun əvəzinə qara xəbəri gəldi. Yoldaşları ilə gedəndə Salyan kazarmasının yanında güllələnib. Üç nəfər — kapitan Oqtay Mirzəyev, leytenant Valeri Boqdanov və leytenant Ağanəzər İsrayılov həmin gecə xidməti işdə idilər. Lakin sovet əsgərlərı onların maşınını atəşə tutur. Güllə birinci Ağanəzərə dəyir və boyun nahiyəsindən dəyən güllədən yerindəcə keçinir. Sonra onunla bir yerdə olan yoldaşları Valeri və Oqtay da yaralanır. Valeri, bütün səylərə baxmayaraq, xəstəxanada vəfat edir.

Qardaşım bir ilə yaxın idi ki, polis orqanlarında işləyirdi. Bir il idi ki, nişanlanmışdı. Toyuna az qalırdı. Mehriban və dostcanlı idi. Mərhum Şamaxıda dəfn edilib.

 

Gecənin şahidi

 

Hadisənin canlı şahidi Oqtay Mirzəyev üçün o faciəli günləri xatırlamaq çox çətin idi. 29 il əvvəl yaşadığı hadisənin ağrılarını bu gün də hiss edir, həyacanlanırdı. Ölümlə üzləşməsi, özünün yaralanması və dostlarını itirməsi… Bu dəhşətli hadisələr gözlərinin önündən getmir. Sanki o günlərə yenidən qayıdırdı: “O günü xatırlamaq məni çox incidir. Çünki orada dostlarımı itirdim. Ağlımıza belə gəlməzdi ki, sovet imperiyası bizə bunu edər. Qəfildən maşınımıza hücum edildi. İki yoldaşımı vurdular. Bu hadisə olmamışdan əvvəl sovet əsgərləri bizim maşınımızı yoxlamışdılar. Biz də öz vəsiqələrmizi göstərmişdik , lakin azğın sovet əsgərləri hücum çəkdilər. Sonra bizi buraxdılar və az sonra həmin hadisə baş verdi. Həmin günü həyatını itirən bütün şəhidlərə Allahdan rəhmət diləyirəm.

 O gecə amansız güllələrə tuş gəldilər, amma ölümün gözünə dik baxa bildilər. Cəsarətləri ilə zülmün bağrını yararaq əbədiyyətə-şəhidlik zirvəsinə ucaldılar. Bu ucalıqda dayananlar arasında – polislərimiz də var. Həm peşə, həm də Vətən borclarını yerinə yetirmiş qorxmaz və qəhrəman polislərimiz…

 

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 

19 2019 22:58 - 20 YANVAR
20 YANVAR

Köhnə versiyamızdan xəbərləri izlə