Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhidlərin xatirəsi xalqın qəlbində əbədi yaşayacaq

Şəhidlərin xatirəsi xalqın qəlbində əbədi yaşayacaq

Binəqədi


Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Güllə yağışı” abidəsinin önündə 20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım mərasimi keçirilib. 
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri, 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri, fəal gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.   
Mərasim faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlanılıb. Tədbirin aparıcısı Xalq artisti Sabir Məmmədov çıxış edərək bildirib ki, sovet imperiyası 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklər törətsə də, günahsız insanlar qətlə yetirilsə də xalqımızın azadlıq arzusunu boğa bilmədi. 
S.Məmmədov 20 Yanvar hadisələrinin milli iftixar hissinin və milli müstəqillik ideyalarının formalaşmasına tarixi şərait baxımından güclü zəmin yaratdığını, bu faciədən sonra ölkənin milli müstəqilliyinin dönməzliyinin birmənalı şəkildə dərk olunduğunu diqqətə çatdırıb.  
“20 Yanvar” Cəmiyyəti rayon şöbəsinin sədri Mübariz İsmayılov qeyd edib ki, Azərbaycanın bütün şəhidlərinin, eləcə də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim anılır, onların alilələri diqqət mərkəzində saxlanılır. Çünki şəhidlər milli iftixarımızdır. Ulu öndər Heydər Əliyev şəhidlərin xatirəsini hər zaman uca tutub. Məhz ümummilli liderin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib. Həmçinin, 20 Yanvar şəhidlərinin adları əbədiləşdirilib, onların ailələri qayğı ilə əhatə olunub. 
Hazırda Prezident İlham Əliyev tərəfindən bu kurs davam etdirilir və 20 Yanvar şəhidlərinin ailələrinə həssaslıqla yanaşılır. 
Rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxışında vurğulayıb ki, xalqımız, dövlətimiz  hər il 20 Yanvar faciəsi qurbanlarını yad edir, hadisənin üzərindən artıq 29 il keçməsinə baxmayaraq, keçmiş SSRİ ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikada və ölkədən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir. Bütün bunlar 20 Yanvar şəhidlərinin əziz xatirəsinə olan dərin ehtiramın bariz ifadəsidir.
İ.Süleymanov 20 Yanvar faciəsinin beynəlxalq qurumlar tərəfindən tanınması və ona insanlıq əleyhinə cinayət kimi siyasi-hüquqi qiymətin verilməsi, günahkarların cəzalandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin əhəmiyyəti xüsusi vurğulayıb. Qeyd edib ki, xalqımızın milli birliyinə mühüm təkan verən və Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar şəhidlərinin xatirəsi daim qəlblərimizdə yaşayacaq.
Rayon icra hakimiyyəti başçısının birinci müavini sonda sovet imperiyası tərəfindən xüsusi qəddarlıqla törədilən bu qanlı cinayətin xalqımızın müstəqillik əzmini birdəfəlik sındırmaq məqsədi daşıdığını xatırladıb: “ Lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya göstərib”.
Mərasim gənclər tərəfindən vətənpərvərlik mövzusunda səsləndirilən şeir və mahnılarla, eləcə də Xalq artisti Sabir Məmmədovun ifasında “Ayağa dur, Azərbaycan” şeiri ilə başa çatıb. 
Tədbirin sonunda iştirakçılar abidə önünə gül dəstələri qoyaraq xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

 

Zaqatala 


İnsanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Zaqatalada anım tədbiri keçirilib. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin xatirə kompleksinə gələrək onların ölməz xatirəsini ehtiramla yad edib, önünə  gül-çiçək düzübər. 
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə “Canımdan çox sevdiyim Vətən” mövzusunda məruzə edib. Məruzədə rayon rəhbəri ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet imperiyasının bütün qadağalarına baxmayaraq, Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş bu qanlı cinayətin təşkilatçılarını və iştirakçılarını pisləyərək bəyanat verdiyini, bu bəyanatın xalqımızın haqq səsini müdafiə edən, onun köməksiz olmadığını bütün dünyaya yayan cəsarətli bir addım olduğunu bildirmişdir. Natiq qeyd etmişdir ki, məhz ulu öndərimiz yenidən hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmiş, qanlı faciənin bütün dünyaya tanıdılması üçün çox iş görülmüşdür. Məruzədə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailələrinə diqqət və qayğının artırılması sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini və “20 Yanvar”ın faciəli tərəfləri ilə birlikdə Azərbaycan tarixinə milli azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizənin zirvəsi kimi daxil olduğu xüsusi vurğulanmışdır.
Tədbirdə çıxış edən  digər natiqlər  Azərbaycan Respublikasının ərazi bütövlüyü, azadlığı, müstəqilliyi uğrunda həyatından keçən bütün soydaşlarımızla fəxr etdiklərini qeyd etmişlər.
Daha sonra tədbir rayonun Muxax və Qımır kəndlərində əsaslı təmir edilmiş şəhid xatirə komplekslərinin açılışları ilə davam etdirilmişdir. Açılışlarda iştirak edən şəhid ailələrinin üzvləri, ölkə başçısından gördüklərə qayğı və dəstəyə görə minnətdarlıqlarını bildirmiş, lazım gələrsə, Ali Baş Komandanın əmri ilə dövlətimizin ərazi bütövlüyü uğrunda yenidən ­vuruşmağa hazır olduqlarını xüsusi vurğulamışlar.       
 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı rayonun bütün yaşayış məntəqələrində, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında anım mərasimləri, foto və rəsm sərgiləri təşkil olunmuş, məktəblilər arasında inşa müsabiqələri keçirilmişdir. Rayondakı bütün şəhid ailələrinə yardımlar göstərilmiş, ehsan süfrələri təşkil olunmuş və şəhidlərin ruhuna dualar oxunmuşdur.

 

İsmayıllı


İsmayıllıda Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində faciənin məhrumiyyətlərini və ağır nəticələrini əks etdirən sərgiyə baxıblar.
“20 Yanvar qan yaddaşımızdır!” mövzusunda məşğələni giriş nitqi ilə YAP rayon təşkilatının sədri, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb. Qeyd edib ki, tarixi düşmənlərimiz olan ermənilər xarici havadarlarının dəstəyilə hər zaman Azərbaycana münasibətdə işğalçılıq siyasəti yeridib, müstəqilliyimiz və suverenliyimiz yolunda əngələ çevrilib. 20 Yanvar faciəsi də məhz bu məkrli siyasətin qanlı təzahürüdür.
Giriş nitqindən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sovet ordusunun 20 Yanvar gecəsi törətdiyi vəhşiliklərin təsviri olan filmə baxılıb. Veteran jurnalist Valeh Salehov “20 Yanvar qan yaddaşımızdır!” mövzusunda məruzə edib.
20 Yanvar əlili, Diyallı kənd sakini Əlizadə Səmədov çıxış edərək o günlərin dəhşətindən, əliyalın soydaşlarımızın qəhrəmanlığından, dövlətimizin 20 Yanvar əlillərinə və şəhid ailələrinə göstərdiyi qayğıdan danışıb.
Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, rayon polis şöbəsinin əməkdaşı Rahim Orucov çıxış ediblər.
Şəhər 3 saylı tam orta məktəbin XI sinif şagirdi, inşa-yazı müsabiqəsinin qalibi Kəmalə Mehdiyeva dərin hissiyyatlı, zəngin məlumatlı inşasını iştirakçılara təqdim edib.
20 Yanvar hadisələrinin şahidi olmuş İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edib. O, 20 yanvarı tək faciə kimi yox, xalqımızın qəhrəmanlıq salnaməsi kimi dəyərləndirib. Bildirib ki, o zamankı Azərbaycan rəhbərliyinin milli köklərdən məhrumluğu, mənsəb hərisliyi, qorxaqlığı Vətən övladlarının qanının tökülməsinə gətirib çıxardı. Dar ayaqda fərarilik edən rəhbər işçilər xalqı tənha qoydular. Bəxtimiz onda gətirdi ki, ümummilli liderimiz Heydər Əliyev yenə də xalqının yanında oldu. Tökdüyü qanlara görə Qorbaçov güruhunu lənətlədi, sovet ordusunun cinayətinin miqyasını beynəlxalq aləmə çatdırdı.
Ulu öndərimiz yenidən Azərbaycana rəhbərliyə gəldikdən sonra xilaskarlıq missiyasını yerinə yetirməklə yanaşı, 20 Yanvar faciəsinə də siyasi və hüquqi qiymət verdi.
20 Yanvar şəhidlərinin əziz xatirəsi dövlətimiz tərəfindən, uca tutulur. Onların ailələrinə və əlillərə hər cür qayğı göstərilir. 
 

 

Vaqif BAYRAMOV, 
İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”

19 2019 22:57 - 20 YANVAR
20 YANVAR

Köhnə versiyamızdan xəbərləri izlə