Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gömrük islahatları sahibkarlara geniş imkanlar yaradır

Gömrük islahatları sahibkarlara geniş imkanlar yaradır

Gömrük işinin təşkili ölkə iqtisadiyyatının inkişafına təkan verən əsas amillərdən biridir. Azərbaycan iqtisadiyyatının inkişafını prioritet istiqamət seçən ölkə rəhbərliyi bu sahədə şəffaflığı daim nəzarətdə saxlayır. Ona görə də əvvəlki dövrlərlə müqayisədə hazırda bu istiqamətdə ciddi irəliləyişlər müşahidə olunur. 

 

Azərbaycan Respublikası öz suverenliyini bərpa etdikdən az bir müddət sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Gömrük Komitəsi yaradıldı. Lakin ölkədə yaranmış gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərirdi. Yarandığı ilk illərdən milli gömrük sistemi inkişaf etmək əvəzinə, diletantların sayəsində getdikcə gerilədi. Qeyri-peşəkar kadrlar, sovet dönəmindən qalma gömrük qanunvericiliyi, köhnə inzibati binalar, ən sadə texniki vasitələri belə olmayan keçid məntəqələri - bütün bunlar o dövrün gerçəklikləri idi.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə yenidən qayıdışından sonra gömrük xidmətinin yenidən qurulmasına xüsusi önəm verdi. Gömrük Məcəlləsi hazırlandı, bu istiqamətdə beynəlxalq əməkdaşlıqlar quruldu. Ulu öndərin həyata keçirdiyi tədbirlər gömrük fəaliyyətinin günümüzə qədər davam edən inkişafını şərtləndirdi. Prezident İlham Əliyev də sosial-iqtisadi inkişafın dayanıqlılığını artırmaq məqsədilə bu xidmətin işini diqqət mərkəzində saxladı, gömrük sahəsində dərin islahatlar aparılmasını qarşıya mühüm vəzifə kimi qoydu. Təsadüfi deyil ki, hazırda ölkədə ən çox islahatlar reallaşdırılan sahələrdən biri məhz gömrük xidmətidir. Dövlət Gömrük Komitəsinin yeni rəhbərliyinin fəaliyyətə başlamasından keçən 10 ay ərzində isə bu sahədə ciddi islahatların aparılması bunun bariz ifadəsidir. 

 

“Yaşıl dəhliz” sistemi: sahibkarlara böyük dəstək

 

Gömrük fəaliyyətində həyata keçirilən islahatlar çərçivəsində daha çox diqqət çəkən məqam ticarətin asanlaşdırılması istiqamətində atılan addımlardır. Bu sırada Prezident İlham Əliyevin 21 dekabr 2018-ci ildə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında fərmanı mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, dövlət başçısı tərəfindən cari il fevralın 1-dən etibarən bu sistemdən istifadə edilməsi üçün Dövlət Gömrük Komitəsinə müvafiq tapşırıq verilib. Komitə bu məqsədlə xarici ticarət iştirakçıları üçün “Yaşıl dəhliz” buraxılış sisteminin təqdimatını keçirib. İdxal-ixrac əməliyyatlarının 65-70 faizini reallaşdıran sahibkarların qatıldığı forumda yuxarıda adıçəkilən fərmanın icrası nəticəsində 7 min xarici ticarət iştirakçısının fəaliyyətində səmərəliliyə nail ­olunacağı ­vurğulanıb. 
Yeri gəlmişkən, “Yaşıl dəhliz” buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin səmərəliliyini artırmaq, könüllü icra mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini, habelə rəsmiləşdirilməsini daha çevik, şəffaf reallaşdırmaqla fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun inkişaf etdirmək, ən nəhayət mövcud resurslardan daha optimal yararlanmaqdır.
Ümumiyyətlə, “Yaşıl dəhliz” buraxılış sistemi əlverişli biznes mühiti, sürətli sərhəd keçidi, yüksək ixrac potensialı, çevik və şəffaf gömrük nəzarəti və qanunvericiliyə könüllü riayət etmək kimi prinsipləri əhatə edir. 
Bu sistem ölkədə sahibkarlığın inkişafı ilə yanaşı, Azərbaycana investisiya axınına da əlverişli şərait yaradacaq. Belə ki, “Yaşıl dəhliz” buraxılış sistemində xarici ticarət iştirakçılarına sərhəd-buraxılış məntəqələrindən və gömrük xidmətlərindən istifadə zamanı prioritetlik, mimimum fiziki yoxlamalar, gömrük ekspertizasının səmərəli qaydada aparılması, gömrük rəsmiləşdirilməsinin iş yerindən, yaxud iş vaxtından kənar aparılması kimi mühüm üstünlüklər verilir.
Həyata keçirilən islahatlar gömrük fəaliyyətinin nəzarət mexanizmindən xidmət mexanizminə keçidini təmin edir ki, bunun da nəticəsində sahibkarların səmərəli fəaliyyəti üçün əlverişli imkan yaranır. Başqa sözlə, sahibkar gömrük məmuru ilə təmas qurmadan birbaşa öz anbarından malları rəsmiləşdirə, eyni zamanda, gömrük təminatı tanınma nişanları, plombları vuraraq respublikanın istənilən giriş qapısından ixrac əməliyyatlarını həyata keçirə biləcək. 

 

Komitə dövlət büdcəsinin formalaşmasında böyük rol oynayır

 

Son dövrlər gömrük xidmətində yüksək şəffaflığa nail olunub. Bunun nəticəsidir ki, ötən il dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsi uğurlu göstəricilər əldə edib. Fikrimizin təsdiqi olaraq bəzi rəqəmlərə nəzər salaq. Belə ki, ötən il Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə dövlət büdcəsinə 3 milyard 434 milyon manat gömrük ödənişinin köçürülməsini təmin edib. Bu, 2018-ci ilin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz çoxdur. Hesabat ilində ümumi ticarət dövriyyəsi 30 milyard 924 milyon ABŞ dolları təşkil edib. İxracın həcmi 19 milyard 460 milyon dollar, idxalın həcmi isə 11 milyard 465 milyon dollar olub. 
Bu gün gömrük sistemində islahatların aparılması Azərbaycanda əsas iqtisadi islahatların prioritetlərindən hesab olunur. İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, gömrük xidməti respublikamız üçün dövlət gəlirlərinin formalaşdırılması baxımından vacibdir. Komitə Azərbaycanın dövlət büdcəsinin formalaşmasına töhfə verən aparıcı dövlət qurumlarındandır. Eyni zamanda, bu qurum iqtisadi islahatların, iqtisadiyyatın liberallaşmasında, həmçinin sahibkarlığın inkişafında önəmli rol oynayır. 

 

Qanunun aliliyi və qaçaqmalçılığa qarşı mübarizə

 

Dövlət Gömrük Xidməti gömrük sistemində şəffaflığın təmin olunması, idxal-ixrac əməliyyatları üzrə statistik uçotun düzgün qurulması, xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə məmur təmasının minimuma endirilməsi və gömrük xidməti mədəniyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atır. Məhz bunun nəticəsidir ki, ötən il Azərbaycana gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti daha da gücləndirilib, gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri genişləndirilib. Əməliyyat-axtarış fəaliyyəti istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 747 cinayət xarakterli və 9672 hüquqpozma faktı aşkarlanıb. Ötən il narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar edilib və bu faktlar üzrə ümumilikdə 1 ton 193 kiloqram qanunsuz narkotik vasitə və psixotrop maddələr dövriyyədən çıxarılıb. Eyni zamanda, valyuta və valyuta sərvətləri, zinət əşyaları, dərman preparatları, mobil telefonlar, pnevmatik və soyuq silahlar, habelə digər mallar müsadirə olunub. 
Cari ildə gömrük orqanları tərəfindən 308 nəfər cinayət məsuliyyətinə cəlb olunub və aşkar edilən 8925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs və 8608 fiziki şəxs barəsində inzibati qaydada tədbirlər görülüb. Gömrük nəzarətindən gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd edilən və saxlanılan qaçaqmalçılıq predmeti olan malların ümumi dəyəri 107 milyon manat olub. Bundan başqa, 416 milyon manatdan çox imtiyaz hüququ olmayan malların güzəştli qaydada gömrük rəsmiləşdirilməsindən keçirilməsi cəhdlərinin qarşısı alınıb. Eyni zamanda, xidməti fəaliyyət zamanı aşkar edilmiş korrupsiya faktları və bu faktların obyekti olan 117 nəfər gömrük əməkdaşı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin və Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən tutduğu vəzifədən azad edilib. 

 

Bu il hansı addımlar atılacaq?

 

Yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev rəhbərlik etdiyi qurumun əsas prioritetlərini açıqlayıb.
Komitə sədri bildirib ki, 2019-cu ildə yeni innovasiya tipli layihələrin həyata keçirilməsi ilə vətəndaş məmnunluğunun təmin edilməsinə və ticarət dövriyyəsinin daha da artırılmasına nail olunacaq: “Ümumi Tranzit Konvensiyasına əsaslanan tranzit sisteminin inkişaf etdirilməsi qarşıya qoyulmuş başlıca hədəflərdən biridir. Yeni kompüterləşdirilmiş tranzit sisteminin tətbiq olunmasının tezləşdirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılması istiqamətində müvafiq işlər görülməkdədir. Bu isə “Made in Azerbaijan” markalı malların Avropa bazarlarına sərbəst çıxışını təmin edəcək”.
S. Mehdiyev daha sonra qeyd edib ki, Dövlət Gömrük Komitəsi cari ildə xidməti fəaliyyətini müasir dünya standartlarına uyğun həyata keçirəcək, iqtisadi təhlükəsizliyi qoruyaraq 1 milyard 272 milyon manat artımla proqnozlaşdırılan və qanunla təsdiq olunan 3 milyard 702 milyon manat büdcə öhdəliyini artıqlaması ilə yerinə yetirəcək.
Hazırda Azərbaycanda gömrük xidmətinin dünya standartlarına uyğunlaşdırılması, gömrük orqanlarında kadrların peşəkarlığı və yaradılan möhkəm maddi-texniki baza, vətəndaş məmnunluğuna böyük həssaslıqla yanaşılması bu sahədə daha sürətli inkişafa nail olunacağına, mühüm uğurların əldə ediləcəyinə əminlik yaradır. 

 


 

Məqalə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Mətbuat Şurasının “Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar” mövzusunda keçirdikləri yazı müsabiqəsinə təqdim edilir. 

 


 

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

19 2019 22:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin