Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sakit okean tərəfdaşlığı haqqında” müqavilə yeni ölkələr üçün açıqdır

“Sakit okean tərəfdaşlığı haqqında” müqavilə yeni ölkələr üçün açıqdır

Ötən il dekabrın 30-da qüvvəyə minmiş “Sakit okean tərəfdaşlığı haqqında” müqavilə mal və investisiyaların azad hərəkətini nəzərdə tutan və bu struktura daxil olmaq arzusunda olan yeni ölkələr üçün açıqdır. Bunu dünən Yaponiyanın Baş naziri Sindzo Abe bəyan edib. Məlumatı TASS verib. 
“Sakit okean tərəfdaşlığı haqqında” müqavilənin iştirakçısı olan 11 ölkənin hökumət üzvləri səviyyəsində bu il keçirilmiş ilk iclasda çıxış edən Abe deyib ki, təşkilatın ideallarını bölüşən hər bir ölkə üçün qapılar açıqdır. 
İclasda əsasən təşkilata yeni üzvlərin qəbulu üçün müvafiq şəraitin yaradılması məsələsi müzakirə olunub. Hazırda “Sakit okean tərəfdaşlığı haqqında” müqaviləyə Avstraliya, Bruney, Vyetnam, Kanada, ­Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur, Çili və Yaponiya daxildir. 
Artıq bir neçə ölkə müqaviləyə qoşulmaq arzusunu ifadə edib. Onların arasında Tayland daha çox maraq göstərir. Bu ölkə əsasən aşağı rüsum zonasına daxil olmaq, ilk növbədə, maşınların, xüsusən Yaponiya avtomobillərinin yığılması üzrə özünün iri regional mərkəz rolunu artırmaq niyyətindədir. Gözlənilir ki, Tayland ölkədə fevralın sonunda baş tutacaq parlament seçkilərindən sonra müqaviləyə qoşulmaqla bağlı ərizə təqdim edəcək. 
Hazırda tərəfdaşlıq haqqında müqavilənin üzvü olan 11 ölkədə 500 milyon insan yaşayır və planetin ümumdaxili məhsulunun 13 faizi bu ölkələrin payına düşür. “Sakit okean tərəfdaşlığı haqqında” müqavilə çərçivəsində ya rüsumları tamamilə ləğv etmək, ya da indi olduğu kimi, 90 faizə qədər azaltmaq nəzərdə tutulur. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

19 2019 22:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin