Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar şəhidləri anılıb

20 Yanvar şəhidləri anılıb

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində anım tədbiri keçirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli  deyib ki, Azərbaycanda istiqlaliyyət uğrunda getdikcə güclənən mübarizənin qarşısını almaq üçün keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ağır silahlı texnika ilə Azərbaycana daxil olaraq, dinc əhaliyə qarşı dəhşətli qətliam törətməsini unutmamışıq. Faciənin ertəsi gün, yanvarın 21-də ümummilli liderimiz Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı dəhşətli cinayətini kəskin şəkildə pisləyən, günahkarların cəzalandırılması tələbini irəli sürən bəyanatla çıxış etmişdi. Bu tarixli bəyanat həm də faciəyə verilən ilk siyasi qiymət idi.

M.Kərimli 1990-cı ilin yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsi, 20 Yanvarın Ümumxalq hüzn günü kimi elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis olunması, 20 Yanvar əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi istiqamətində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Şəhidlər xiyabanının vahid kompleks kimi yenidən qurulduğunu, faciə qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradıldığını vurğulayıb. Həmçinin 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri də diqqətə çatdırıb.

Milli Məclisin deputatı Musa Quliyev faciə gününü müasir Azərbaycan tarixinin şərəfli səhifələrindən biri adlandırıb. Müstəqillik yolunun 20 Yanvardan keçdiyini, həmin günün Azərbaycan xalqının istiqlaliyyət  əzminin nə qədər sarsılmaz olduğunu dünyaya nümayiş etdirdiyini qeyd edib. “20 Yanvar” İB-nin sədri Sultan Əzimzadə 20 Yanvar şəhidlərinin Azərbaycan xalqının müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdiklərini, onların xatirəsinin hər zaman ürəklərdə yaşayacağını bildirib. “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər xatirələrini bölüşüb. Nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev şəhidlərimizin uğrunda canlarını verdikləri müstəqilliyimizin daim gücləndirilməsinin hər kəs üçün mənəvi borc olduğunu vurğulayıb.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

 

 

19 2019 13:40 - 20 YANVAR
20 YANVAR

Ən son xəbərləri səhifəmizdən də izləyin