Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hüquqazidd əməllərə yol verən üç vergi müfəttişi barədə həbs qətimkan tədbiri seçilib

Hüquqazidd əməllərə yol verən üç vergi müfəttişi barədə həbs qətimkan tədbiri seçilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın, dürüstlüyün təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı göstərişlərinə uyğun olaraq, Vergilər Nazirliyi və Baş Prokurorluq bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkarlanmış korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində birgə tədbirlərin görülməsini davam etdirir.
Vergilər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, Vergilər Nazirliyinə daxil olmuş məlumat əsasında aparılmış ilkin araşdırma nəticəsində nazirlik yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin Vergiödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri Qaybalıyev Elçin Musa oğlunun və Lətifov Ziyad Arif oğlunun xidməti vəzifələrinin icrası zamanı hüquqazidd əməllərə yol verildiyi aşkarlanıb. Araşdırmalar zamanı müəyyən olunub ki, həmin vergi əməkdaşları Bakı şəhəri ərazisində yerləşən “24 saat” adlı marketdə həyata keçirdikləri operativ vergi yoxlaması zamanı aşkarladıqları aksiz markası olmayan müxtəlif növ xarici ölkə istehsallı siqaretlərin sayının sənədləşdirilməsi zamanı (cəmi 3 min manat dəyərində) onların dəyərinin bilərəkdən azaldılması və marketin satıcısı Hüseynəli Kərimlinin cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunmasına görə ondan 1000 manat məbləğində pulu rüşvət qismində alaraq öz aralarında bölüşdürüblər. Bu zaman satıcıdan həmin aksizsiz siqaretlərin satış dəyərinin 284 manat olması məzmununda izahat alaraq sənədlərə imza etdirib, rüşvət qismində aldıqları pula görə sənədləşmənin qanuniliyi görüntüsünü yaratmaq üçün keçirilmiş vergi yoxlaması ilə bağlı inzibati xəta haqqında protokola və yoxlamanın nəticəsini özündə əks etdirən digər rəsmi sənədlərə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığına yol veriblər. Növbəti gün müsadirə etdikləri məhsulların aşkar olunmamış kimi razılaşdıqları hissəsini Hüseynəli Kərimliyə qaytarıblar. 
Araşdırmalarla müəyyən edilmiş hallar barədə toplanmış materiallar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib və faktla bağlı Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
Bundan əlavə, daxil olmuş məlumat əsasında Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergiödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Məmmədov Ağa Arif oğlunun qanunsuz əməlləri ifşa edilib. Belə ki, A.Məmmədov əvvəlcədən tanıdığı Elvin Manafov adlı şəxsə yaxın iş adamları - “Shift Almaty” Advertising Agnecy” LLP Qazaxıstan şirkətinə və həmin şirkətin hazırda “Carlsberg Azerbaijan” adlanan “Baltika Bakı” şirkəti üçün gördüyü reklam işləri ilə bağlı həyata keçirilmiş ödəniş üzrə tutulmuş ikiqat verginin müəyyən hissəsinin geri qaytarılması, habelə “Zanobia” şirkəti üzrə kameral vergi yoxlaması üzrə hesablanmış 5700 manat məbləğində vergi borcunun silinməsi məsələsini həll etmək imkanına malik olduğunu həmin şirkətlərin rəhbərlərinə yalandan vəd edib. Bu zaman qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu Vergilər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə hər bir şirkət üzrə ümumilikdə 2700 manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini bildirib. A.Məmmədovun həmin məbləğdə pulu Elvin Manafovdan almasına dair əsaslı şübhələr müəyyən edildiyindən toplanmış materiallar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və faktla bağlı Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.
Hər iki cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında E.Qaybalıyev və Z.Lətifova Cinayət Məcəlləsinin 311.3.1-ci və 313-cü (vəzifə saxtakarlığı), A.Məmmədova isə həmin Məcəllənin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 32.4-cü, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işləri üzrə həmin qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, habelə vurulmuş ziyanın ödənilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Vergi sahəsində yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkarlanmış korrupsiya hüquqpozmalarına qarşı Vergilər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən birgə ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.

18 2019 23:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin