Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvarın media xronikası faciənin tarixi barədə mötəbər mənbədir

20 Yanvarın media xronikası  faciənin tarixi barədə mötəbər mənbədir

Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən xalqımızın haqlı mövqeyinin barışmaz müdafiəçisinə çevrilən, ərazilərimizin bütövlüyü uğrunda ümumxalq mübarizəsinin önündə gedən Azərbaycan jurnalistləri müdhiş 20 Yanvar qırğını günlərində möhtəşəm ümummxalq etiraz hərəkatına, vəhşiliyin lənətlənməsinə kəskin informasiya dəstəyi verdilər, bu tarixi faciənin əhatəli xronikasını yaratdılar. 
Həmin günlərdə çoxsaylı dinc sakinin qətlə yetirilməsi, ağır yaralanması və işgəncələrə məruz qalması ilə nəticələnmiş Bakıya silahlı müdaxilənin ilkin və əhatəli mənzərəsini əks etdirən “Kommunist” qəzetinin (indiki “Xalq qəzeti”) “Səhər” əlavəsinin xüsusi buraxılışını hazırlayıb nəşr etdirməyə nail olmuş bir qrup redaksiya əməkdaşı, eləcə də sovet ordusunun törətdiyi vandallığın fotoxronikasını yaratmış fotomüxbirlərlə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilən görüşdə bütün bunlar barədə tarixi bir qədirbilənliklə söhbət açıldı.
Muzeyin direktoru, Milli Məclisin komissiya sədri, akademik Rəfael Hüseynov bildirdi ki, Azərbaycanın hərtərəfli informasiya blokadasına alındığı, dünyanın söz sahibi olan dövlətlərinin Kremlin Bakıda törətdiyi misilsiz fəlakəti SSRİ-nin daxili işi kimi dəyərləndirdiyi günlərdə Azərbaycan jurnalistlərinin mümkün olan bütün üsullardan istifadə edərək xalqımıza qarşı törədilmiş bəşəri cinayəti ölkə daxilində və xaricdə yaymaq üçün gördükləri işlər əsl vətəndaşlıq rəşadəti, milli qeyrət nümunəsi idi. Natiq qeyd etdi ki, o zamankı qırğının qanlı izlərinin, amansız görüntülərinin gecikmədən foto-videoxronikaya çevrilməsi, hadisələrə qəzet səhifələrində doğru-düzgün qiymət verilməsi 3 onillik bir müddətdən sonra gözlərimiz önündə jurnalistlərimizin çevikliyinin və yurd sevgisinin sonrakı nəsillər üçün örnək olası bir səhifəsi kimi canlanır.
Görüşdə  çıxış edən o zamankı “Kommunist” qəzeti redaktorunun müavini, sonra isə “Səhər “ qəzetinin baş redaktoru olmuş Məzahir Süleymanzadə 20 Yanvar faciəsi ərəfəsində və sonrakı günlərdə çalışdığı kollektivin fəaliyyətindən, “Səhər” xüsusi buraxılışının necə çətinliklə ərsəyə gətirilməsindən söhbət açdı. O bildirdi ki, ölkəmizin qatı bir fəlakətin zülmətinə qərq edildiyi o günlərdə gecəli-gündüzlü iş başında olan redaksiya əməkdaşları istədikləri nəşrin işıq üzü görməsinə nail oldular: “Bakının səhəri “Səhər”lə açıldı. Unudulmaz Xəlil Rza Ulutürk o zaman belə bir şeir də yazmışdı: “Çıxdı “Səhər” qəzeti, səhər boyandı qana...” Bilmirdik ağlayaq, yoxsa sevinək. Günortaya yaxın Azərbaycan mətbuatı tarixində ən yüksək tiraj sayılan iki milyon sayla çap olunmuş “Səhər”in nüsxələri iri bağlamalar şəklində yük maşınlarına yükləndi. O vaxt qəzet paylamaq onu buraxmaqdan da çətin idi. Bu işi könüllü gənclər öz üzərinə götürmüşdülər. “Səhər” dolu yük maşınları Fəxri xiyabana tərəf istiqamət götürdü. Bir azdan hamının əlində “Səhər” var idi”.
O zaman “Səhər” buraxılışının hazırlanmasında fəal iştirak etmiş jurnalistlərdən Vasif Səmədov, Akif Cabbarlı, Tahir Aydınoğlu, Hidayət Elvüsal, Araz Qurbanov, sonrakı aylarda “Şəhidlər” toplusunu ərsəyə gətirmiş jurnalist Rafiq Səməndər ermənipərəst M. Qorbaçov rejiminin mərkəzin rəvac verdiyi erməni separatçılığına boyun əyməməsinə görə Azərbaycanı cəzalandırmaq üçün həyata keçirdiyi vəhşi hərbi müdaxilənin mahiyyətinin açılıb dünyaya çatdırılmasında jurnalistlərimizin gərəkli fəaliyyətindən söz açdılar. Onlar bildirdilər ki, bu qırğın xalqımızın qəddini əyə bilmədi və onu qarşısıalınmaz azadlıq mübarizəsinə yönəltdi, sovet rejimi isə törətdiyi vəhşiliklə birdəfəlik gözdən düşüb tezliklə süquta uğradı. 20 Yanvarın bu tarixi həqiqətlərini bundan sonra da incəliklərinə qədər xalqımıza və dünyaya çatdırmaq olduqca zəruridir. 
Güllə yağışı, hərbi basqı altında 20 Yanvar fotoxronikasını yaradan foto sənətçilərindən olmuş Rasim Sadıqov və Mirnaib Həsənoğlu isə sovet rəhbərliyinin hərbi cinayətinin tarixə təkzibolunmaz şəkildə həkk edilməsində o günlərdə yaradılmış foto-video xronikasının önəmini vurğuladılar.
Görüşə yekun vuran Rəfael Hüseynov xalqımızın hüznlü faciəsi, sağalmaz yarası  olmaqla yanaşı, həm də qəhrəmanlıq səhifəsi sayılan 20 Yanvarın media xronikasını sistemləşdirib sonrakı nəsillərə çatdırmağın zəruriliyini bildirdi.

 

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

18 2019 22:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin