Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq

Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq

Ötən il Azərbaycanda həyata keçirilən sosial-iqtisadi tədbirlər və islahatlar nəticəsində inkişafın əsas göstəricisi sayılan ümumi daxili məhsul (ÜDM) istehsalında artım müşahidə edilib. Belə ki, hesabat dövründə ölkə üzrə ÜDM istehsalı 1,4 faiz artıb. 

Bunu indiki mürəkkəb zamanda müsbət hal kimi dəyərləndirən Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı giriş nitqində qeyd edib ki, bu göstərici bizim arzuları tam əks etdirməsə də, yaxşı nəticədir. Ancaq dünyada gedən proseslərə baxdıqda hesab edirəm ki, müsbət göstəricidir.
Son iki ildə qeyri-neft sənayesində əsas kapitala yönəldilən investisiyanın 70 faizə yaxın artması, habelə bu sektorun inkişafı üçün həyata keçirilən digər tədbirlər də səmərəsiz qalmayıb. Məhz bunun sayəsində hesabat dövründə qeyri-neft sektorunun inkişafı 1,8 faiz təşkil edib. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunun sənaye istehsalında isə 9,1 faiz artım qeydə alınıb. 
Azərbaycanın ixracatında qeyri-neft sənaye məhsullarının həcmi də artıb. Eyni zamanda, ölkəmizin liderliyi ilə Xəzər sahilindən başlayan (Sumqayıt Kimya Sənaye Parkı başda olmaqla) Gürcüstan üzərindən Türkiyə və Aralıq dənizi sahilinə (Petkim) uzanan nəhəng bir kimya kompleksi yaradılıb. Beləliklə, Azərbaycan bir sənaye ölkəsi olaraq regionun təkcə enerji deyil, həm də neft-kimya sənayesi mərkəzi kimi tanınmağa başlayıb.
Sadalanan müsbət göstəricilər son illər sənayenin inkişafı istiqamətində görülən tədbirlərin məntiqi nəticəsidir. Şübhəsiz ki, belə şərait Azərbaycanı dünyada sənayeləşmiş ölkələr sırasına daha da yaxınlaşdırıb. Hazırda respublikamız sənayenin ÜDM-də xüsusi çəkisinə görə Avropada ön sırada qərarlaşıb. 
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışı mərasimində ölkəmizin tərəqqisində belə böyük müəssisələrin mühüm önəm daşıdığını qeyd etməklə yanaşı, qeyri-neft sektorunun inkişafının bundan sonra da prioritet olacağını xüsusi vurğulayıb.
Yeri gəlmişkən, adıçəkilən zavod Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilib. 
Təməli 2011-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan müəssisənin tikintisi ilə əlaqədar elan olunan beynəlxalq açıq tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə texnoloji avadanlığı müvafiq olaraq Danimarka və Hollandiya şirkətləri tərəfindən təmin edilib. Həmçinin layihənin idarəsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb. Tikintinin pik vaxtında zavodun inşasına, ümumilikdə, 3600 nəfərdən artıq işçi cəlb olunub. 
“SOCAR karbamid”in istehsala başlaması ilə azot gübrəsi idxalına ehtiyac aradan qalxacaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. 
Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq zavod il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək. 
Ümumi dəyəri təxminən 800 milyon avro təşkil edən “SOCAR karbamid” zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir. 
Azərbaycan Prezidenti müəssisənin açılış mərasimində qeyri-neft sənayesinin inkişafı istiqamətində əldə olunan uğurlardan bəhs edərkən, qeyri-neft sektorunun inkişafının bundan sonra da prioritetliyini diqqətə çatdırıb. Eyni zamanda, belə layihələrin xarici tərəfdaşlarla həyata keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq əlaqələrinin daha da möhkəmləndiyini xatırladıb. Dövlət başçısı daha sonra deyib: “Bu gün Azərbaycan o ölkədir ki, bu ölkəyə həm xarici sərmayə qoyulur, həm banklar böyük məmnuniyyətlə vəsait ayırır. Çünki bilirlər ki, onların vəsaiti batmayacaq. Bilirlər ki, Azərbaycanın kifayət qədər böyük maliyyə resursları var. Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur. Bax, bu gözəl vəziyyət imkan verir ki, biz tərəfdaşları, xarici bankları cəlb edək. Ancaq, eyni zamanda, bizim siyasətimiz ondan ibarətdir ki, xarici dövlət borcumuzu aşağı salaq. Necə ki, keçən il ərzində xarici dövlət borcu 22,8 faizdən 19 faizə düşübdür və bu il daha da düşəcək”.
Sumqayıtda fəaliyyətə başlayan “SOCAR karbamid” zavodunun timsalında deyə bilərik ki, bu gün Azərbaycanda sənaye zonalarının, məhəllələrinin, parklarının yaradılması geniş vüsət alıb. Təkcə Sumqayıtda deyil, həm də Gəncə, Mingəçevir və digər şəhərlərdə bu proses uğurla gedir. Artıq Azərbaycanda kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları fəaliyyət göstərir. Bu sənaye parklarının rezidentləri tərəfindən indiyədək 2,7 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Növbəti mərhələdə 1 milyard dollaradək investisiya qoyuluşu və 7 minədək yeni iş yerinin açılması nəzərdə tutulub. 
Sənaye parklarının rezidentləri üçün dövlət tərəfindən əlverişli infrastruktur yaradılıb və bir sıra güzəştlər tətbiq olunub. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilib.

Sənaye parklarında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir ki, bu da sahibkarların daha operativ və rahat fəaliyyətinin təşkilini təmin edir. Bundan başqa, sənaye parklarında sahibkarlara hər cür təşkilati dəstək, o cümlədən onların sorğularının cavablandırılması, müxtəlif sektorlar üzrə investisiya imkanlarının araşdırılması, investisiya layihələri haqqında məlumatların təqdim edilməsi kimi xidmətlər göstərilir.
Bütün bunlar deməyə əsas verir ki, Prezident İlham Əliyevin modern sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən layihələrin icrası  nəticəsində Azərbaycan hazırda regionun sənaye mərkəzinə ­çevrilir. Müasir istehsal infrastrukturuna malik sənaye parkı və məhəllələrinin fəaliyyəti ölkədə sənaye sahələrinin tərəqqisinin, iqtisadiyyatın tarazlı yüksəlişinin reallaşdırılmasını nəzərdə tutan dövlət siyasətinin gerçəkləşdirilməsinə yönəldilir. Bu cür sənaye komplekslərinin yaradılması respublikanın  qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlbi kimi önəmli vəzifələrin yerinə yetirilməsi baxımından mühüm önəm daşıyır. 

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

 

18 2019 22:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Avqust 2019 | 16:51
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə