Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar – çökməkdə olan imperiyanın kobud siyasi səhvi

20 Yanvar – çökməkdə olan imperiyanın kobud siyasi səhvi

Yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar, görünür, bu işlərin belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər.

Ulu öndər Heydər Əliyevin 1990-cı il 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirilmiş mətbuat konfransındakı çıxışından


O vaxt Moskvada xüsusi nəzarət altında yaşayan ulu öndər özünün və ailə üzvlərinin həyatını ciddi təhlükə qarşısında qoyaraq, yanvarın 21-də silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və bu qətliama kəskin etirazını bildirdi, dinc əhaliyə ­qarşı törədilmiş bu amansız faciəni törədənləri, şəxsən Mixail ­Qorbaçovu ittiham etdi. 

Heydər Əliyev qoşunların dərhal Bakıdan çıxarılmasını tələb etdi. Ulu öndərin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi. Özü də Moskvada, Kremlin bir addımlığında, imperiyanın mərkəzində. ­SSRİ-nin o vaxtkı rəhbəri anadangəlmə qan ləkəli Mixail Qorbaçov əlini günahsız insanların qanına batırmaqdan sanki həzz alırmış kimi, SSRİ-nin digər bölgələrində də, o cümlədən Tbilisidə və Baltikyanı respublikalarda belə bir qətliamın törədilməsinə rəvac vermişdi. O, tutduğu kürsünü, vəzifəni itirmək xofu yaşadığından hansı respublikada etiraz aksiyası baş qaldırırdısa, dərhal həmin yerə təpədən-dırnağadək silahlanmış qoşun yeridir, insanları amansızcasına qətlə yetirmək tapşırığı verirdi. Azərbaycanda törədilən faciələrə qədər digər ölkələrdə baş vermiş belə hadisələr qan tökülməsindən əvvəl Sovet rəhbərliyi, xalq deputatları səviyyəsində müzakirə edilsə də, respublikamızda törədilmiş 20 Yanvar faciəsi şüurlu şəkildə müzakirəsiz, xəbərdarlıqsız həyata keçirilmişdi.
Ulu öndər də Moskvada keçirdiyi mətbuat konfransında ilk növbədə bu məqamları diqqətə çatdırmışdı: “Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”. 
Azərbaycanda yaranmış mürəkkəb vəziyyət və bu faciəyə gətirib çıxaran səbəblər barəsində mətbuat konfransında iştirak edən nümayəndələrə məlumat verən ümummilli lider bunu Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə ilə əlaqələndirmişdi: “Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistana, eləcə də, ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi.
Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı”.
20 Yanvar faciəsi ərəfəsində respublikaya rəhbərlik edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq birinci katibi Əbdürrəhman Vəzirovun mövqesizliyi, yaramaz iş üslubu, yanlış siyasi manevrləri xalqın tarıma çəkilmiş əsəblərini daha da gərginləşdirirdi. Özlərini “azadlıq mücahidləri” kimi tanıdan Xalq Cəbhəsinin aparıcı üzvlərinin, həmçinin Azərbaycan DTK sədri Vaqif Hüseynovun və hakimiyyətdə təmsil olunan digərlərinin öz vəzifələrini qoruyub saxlamaq üçün bu faciənin kütləvi qan-qada ilə müşayiət olunmasında rolu az olmayıb. Ə.Vəzirovun Kremlin hər bir tapşırığını müticəsinə yerinə yetirməsi, antimilli mövqeyi, digər tərəfdən Mixail Qorbaçovun Azərbaycan ərazilərini öz atasının mülki kimi ermənilərə verməsi Bakını və Azərbaycanın digər şəhər və rayonlarını etiraz dalğasına bürümüşdü. Bütün bunlar xalqla ölkə rəhbərliyi arasında dərin uçurum yaratmışdı. Bunun acınacaqlı sonluğu yanvarın 19-dan 20-nə keçən gecə özünü büruzə verdi. Ulu öndər keçirdiyi mətbuat konfransında vəziyyətin sabitləşdirilməsinə imkan olduğunu bildirmişdi: “Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdü. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir”.
Heydər Əliyev bu gərgin vəziyyətdən çıxış yolunun olduğunu bildirmişdi: “Camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdi. İki-üç ay əvvəl Azərbaycan partiya rəhbərliyinin möhkəmləndirilməsi məsələsi həll edilsə idi, vəziyyət gərginləşməz, ordu yeridilməsinə zərurət yaranmazdı. Bütün vəziyyətlərdə hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir”. 
Heydər Əliyev belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət, kobud siyasi səhv adlandırmışdı. Bu faciənin təşkilatçılarını respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməməkdə, Azərbaycan xalqının psixologiyasını anlamamaqda, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətməkdə ittiham etmişdir. 
Azərbaycana kənardan böyük ordu kontingenti yeridilməsini kəskin tənqid edən ulu öndər buna ehtiyac olmadığını da diqqətə çatdırmışdır: “Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər – 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət ­daşımalıdır”.
Ulu öndər qırğın törədənlərin hamısının layiqincə cəzalandırılmasını tələb etmişdir. Kremlin bir addımlığında ölkənin siyasi rəhbərliyini atdığı səhv addımına görə, kəskin tənqid etmək böyük cəsarət və risk tələb edirdi. Ulu öndər özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, bu qətiyyəti nümayiş etdirdi və öz xalqına, millətinə, Vətəninə sadiqliyini, sonsuz məhəbbətini bir daha göstərdi. 
Beynəlxalq birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin yanvarında Bakıda törədilmiş qanlı faciəyə fərqli prizmadan baxdı. 1990-cı ilin dekabrında isə Qorbaçova hətta Nobel Sülh mükafatı da verildi. Bu da törətdiyi qanlı əməllərin “mükafatı” idi.
Azərbaycanın o vaxtkı rəhbərliyinin cəsarətsiz və qorxaq siyasəti, kölə psixologiyası üzündən 20 Yanvar nəinki beynəlxalq, hətta İttifaq müstəvisində də layiq olduğu hüquqi-siyasi qiyməti almamışdı. Bu qanlı faciədən sonra ölkə rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik nümayişi idi. Onların kölə psixologiyasının nəticəsi olaraq 20 Yanvar hadisələri yanlış yozuma və unutqanlığa məhkum edilmişdi.
1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülməmişdi. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirməmişdi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının işi başa çatdırılmamış qalmışdı.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından ­sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam ­siyasi-hüquqi qiymət verildi.
 “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası ­Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın ­20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.
Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.
XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan hüquqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. 
Hər il 20 Yanvar faciəsinin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, bu qətliamı törədənləri lənətləyir.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

18 2019 21:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin