Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qaradan o yana da rəng varmış...

Qaradan o yana da rəng varmış...

Qaradan o yana rəngmi var? Dərdə qarğış edəndə də “dərdin qara gəlsin!”, – demirikmi? Bu qara rəngdə nə varsa, dərdlə sirdaşdır, qəmə yoldaşdır. Matəm günlərində elliklə qara rəngli geyimə, örtüyə üz tuturuq. Qara rəng bizdə və Avropada matəm rəngi sayılsa da, Yaponiyada şadlıq rəmzidir. Görəsən, matəm rəngi olduğundanmı 20 Yanvar faciəsini Qara Yanvar adlandırırıq?.. Düşünürəm ki, insanın unudulmayan xoşbəxt anlarından biri də toy günüdür. Həmin gün ağ gəlinlik geyilir. Alqış, dua edəndə “ağgünlü olasan, günün ağ olsun!” – deyilir. Bəlkə də ona görədir ki, gəlinliyin ağ rəngdə olması səbəbindən matəm üçün də ağ rəngin əksi qara götürülüb. 
Bu günlərdə tez-tez qulağımıza dəyən “Qara Yanvar” deyimindəki “qara” da dərdlərimizdən xəbər verir. Qara Yanvardan üzü bu yana illər yola vermişik – sevincimiz də olub, kədərimiz də. Amma içimizi həmişə bir sual ­didib-dağıdıb: “Niyə?”
Niyə üstümüzə qoşun yeritdilər?.. 
Niyə cavanlarımızı tankların altında qoydular?.. 
Niyə dinc əhalini gülləyə hədəf elədilər?.. 
Niyə şəhəri al qana boyadılar?..
“Niyələr” sonsuz... Cavab – yox! Müstəqilliyimizə uzanan o xain əllərin cəzası bəndə tərəfindən olmasa da, Allah tərəfindən veriləcək – geci-tezi var. Amma həmin gün itirdiklərimiz, itirilənlər, itkinlər qayıdacaqmı? Xatirələrə dönən, o həyat eşqi söndürülənlərin arxada qoyduqları necə yaşayırlar? Onlar bir an içində, gözləmədikləri halda sonsuzluğa qovuşmaları ilə geridəkilərə nə boyda ağrı verəcəklərini düşünsəydilər, yenə o addımı atardılarmı?.. Bu sualları hamı olmasa da, kimlərsə hər gün ürəyində təkrarlayır... O kəslər ki, Vətənin müstəqilliyi yolunda canını qurban verib, candan keçənləri var – övladı var, valideyni var, həyat yoldaşı var, qardaş-bacısı var...
Maral Zamanova (Qocamanova) ilə söhbət edirəm. Şəhid Əliyusif Qocamanovun qızı, hazırda “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyinin sədridir. Bu, əvvəllər 20 Yanvar Fondu adlanan təşkilatın indiki rəsmi adıdır. Qara geyimdə, qara saçlar... çöhrəsində qara dərdin cizgiləri... Haradan başlayıb, harada bitəcəyini bilmədiyimiz bir söhbətə varmışıq. Atalı günlərindən danışır. “Kaspar”ın arxasındakı evlərindəki keçirdiyi xoşbəxt anlarından söz açır, dərdinin üstünə dərd gələn illərin xatirələrini vərəqləyir... Onların yaşadıqları “Xəzər” kinoteatrının üstündəki evlərini də atasına ömür boyu işlədiyi “Kaspar”dan veriblərmiş.
 1933-cü il təvəllüdlü Əliyusif Qocamanov zəhmətkeş insan idi. Gəmidəki matros işi növbəlilik qaydasında olduğundan, o iki gün işdə, iki gün evdə olurdu. Evdə olan günlərində də boş dayanmır, yaşadıqları yerin beş addımlığında yerləşən “Naxçıvan” mehmanxanasının yanındakı qəzet köşkündə işləyirdi. Nəsil-nəcabəti Göyçə mahalından olsa da, Bakıya Ağsudan gəlmişdilər. Paytaxt onun meylini dənizə yönləndirdi, taleyini dənizlə bağladı və ömrünün son anına qədər bu bağlılığa sadiq qaldı. Əliyusif kişini qonum-qonşunun hamısı mərhəmətli, səxavətli insan kimi tanıyırdı. Ailəsini çox sevər, qızları Maralın, Şəhlanın və sonbeşiyi Hüseynin bir istəyini boş buraxmazdı. Gəmiyə növbəyə gedəndə də ilk və son tapşırığı uşaqlar olurdu: “Elmira, uşaqlara korluq vermə. Nə istəsələr, al”.
...Həmin gün növbədən gəlmişdi, şəhərdə gəzən söhbətlərdən də təbii ki, halı idi. Amma hamı kimi, o da hadisələrin belə istiqamət alacağını, faciəyə çevriləcəyini gözləmirdi. 
Maral xanım: “Atam evə həyətdən təzəcə qalxmışdı. Vəziyyəti danışdı, küçələrin insanlarla dolu, əksəriyyətinin də gənclər olduğunu dedi. Bildirdi ki, yaşlı adamların orada olması nəinki lazım deyil, hətta onlar toplaşan cavanları da evlərinə göndərsələr yaxşıdır. Sovetə etibar yoxdur, bir də gördün, atəşə tutdular. Televizor söndü, atam düşündü ki, yəqin problem bizdədir. Anamı qonşuya göndərdi ki, xəbər bilsin. Anam qayıdıb heç kəsin televizorunun işləmədiyini bildirdi. Atam “eybi yox, “Vremya”ya (o vaxtlar Moskvadan verilən xəbərlər proqramı) qədər açılar” – dedi. Televiziya işləsəydi, bəlkə də atam oturacaqdı evdə, atəş səslərindən də xəbərsiz olacaqdı. 
...Küçədən gələn güllə səslərinə hamımız diksindik. Atam durub qapıya sarı gedəndə, anam “ay Əliyusif, balalarını yetim qoyma” – deyə onu yolundan saxlamaq istədi. O isə “çöldən xəbərin var? Hamısı cavan uşaqlardır orada. Gedib görüm neynirəm? Heyifdirlər, onlara yazığım gəlir”, – dedi və qapını arxasınca çəkdi. 
Və qayıtmadı...
Həmin gecə anamın zəng vurmadığı xəstəxana qalmadı”... 
Ertəsi gün meyitxanaya girən 
Şəhla (şəhidin kiçik qızı) oradan dəli 
kimi “ola bilməz” harayı ilə çıxır. Həyat yoldaşı Elmira xanım da “Ay Əliyusif, neynədin?” – deyə qıyya çəkir. Qoluna cibindən çıxan qana bulaşmış 500 manatı və 301 nömrəsi yazılmış parçanı bağlayıb sənədinə əsasən yazmışdılar: Qocamanov Əliyusif. 
 Hadisəni görənlər danışırdılar ki, Əliyusif kişi küçədə yerə sərilən yaralıları görüb, tez-tələsik onların yaxınlıqdakı xəstəxanaya çatdırılmasına xeyli kömək edib. Atəş açanlara qışqırıb, “bu uşaqlar sizə neyləyib, niyə atəş açırsiniz?” – deyə etirazını bildirib. Onun saqqallılara rusca ”sənin anan, bacın tabutuna girsin”, – deməyi ilə snayperdən ürəyinə tuşlanan atəşdən yerə yıxılmağı bir olur.
“Həmin vaxt qardaşım Hüseyn Moskvada hərbi xidmətdə idi. Atam dəfələrlə deyirdi ki, gedib onu qaçıracam, vəziyyət yaxşı deyil. Hüseynə məktub yazmışdıq ki, səni gətizdirmək üçün valideynlərdən birinin ölümü ilə bağlı yalançı teleqram vuracağıq, qorxmayasan. O da razılaşmışdı. 
Təsəvvür edin ki, iki gün sonra hərbi komissarlıqdan atamın ölümü ilə bağlı Hüseynə teleqram gedir. “Sıravi əsgər Hüseyn Qocamanovun atası həlak olub. Onu atasının dəfninə buraxmanızı xahiş edirik. Həkim arayışı ölümü təsdiq edir. TÇK. Bakı Hərbi Komissarlığı”. Qardaşım bunun razılaşdırılmış teleqram olduğunu düşünür və sevinir. Gələndə isə acı həqiqətlə üz-üzə dayanır”.
Maral xanımın atası ilə bağlı söhbət uzanır, xatirələr bir-birini əvəz edir... Keçirik onun bugünkü məşğuliyyətinə. Bildirir ki, “Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi 28 ildən bəri yaradılan 20 Yanvar Fondu əsasında fəaliyyət göstərir. Birlikdə 100-dən çox ailə qeydə alınıb. 20 Yanvar şəhidlərinin sayı 149-dur. Onların sayı, əslində, daha çox olmalıdır. Həmin hadisədə yaralananların sonradan vəfat etdikləri zaman epikrizlərinin düzgün yazılmamasının nəticəsidir ki, şəhid statusu verilməyib. Mən indi məhz bu işlə məşğulam. İstəyirəm ki, müstəqilliyimiz yolunda aldığı güllə yarasının yaratdığı fəsadlardan sonralar dünyasını dəyişənlərə də həmin fəxri ad verilsin. Bu, onların halal haqqıdır. 
Həmsöhbətim deyir ki, şəhid ailələrinin problemləri bitmir. Biz əlimizdən gələn köməyi imkan daxilində əsirgəmirik. İctimai birliyimiz daim ailələrlə ünsiyyətdə olur, onları xeyir işlərində də, problemli günlərində də tək qoymuruq. “Gəncliyə Yardım Fondu” bizim bütün tədbirlərimizə dəstək olur və bu ailələrə yardımını əsirgəmir. Respublika Həmkarlar İttifaqları Konfederasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu da 20 Yanvar şəhidlərinin ailələrinə həmişə maddi dəstək göstəriblər. Digər qurumlar, təşkilatlar, ayrı-ayrı iş adamları var ki, onlar da 20 Yanvar faciəsinin ildönümlərində cəmiyyətimizin ailələrinə kömək edirlər. Onu da qeyd etmək istəyirəm ki, anım günlərində ölkənin bütün regionlarında, idarə, müəssisə və təşkilatlarında tədbirlər təşkil edilir, şəhidlərin xatirəsi anılır. Bu tədbirlərin bəzilərində imkan daxilində iştirak edirik. Təşkilatçıların hamısına minnətdarlıq bildirirəm. Bu günlərdə Azərbaycan İlahiyyat İnstitutunda keçirilən anım tədbirini yəqin ki, şəhid ailələrinin üzvləri uzun müddət unutmayacaqlar. İnstitutun rəhbərliyinə belə bir tədbiri təşkil etdiyinə görə birliyimiz adından təşəkkür edirəm.
Onu da deyim ki, atam şəhid olandan sonra, vaxtilə işlədiyi, indiki “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin kollektivi ailəmizlə əlaqəni kəsməyib. Ə.Ələkbərov küçəsində, atamın snayperlə vurulduğu yerdə onların dəstəyi ilə şəhidin barelyefi qoyulub. Hər il 20 Yanvar şəhidlərinin anım günündə kollektiv gül-çiçəklə onu yad edir.
Görüləcək işlərimiz çoxdur. İctimai birliyin xətti ilə rayonlarımıza səfər etmək, 20 Yanvar şəhidlərinin və həmin gün aldığı zədədən sonradan dünyasını dəyişənlərin ailələrinin yenidən qeydiyatını aparmaq, onların problemlərinin həllinə yardımçı olmaq fikrindəyik.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2019 21:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin