Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cavanşir Feyziyev: Bir qrup deputatın qərəzli mövqeyi Avropa Parlamentinin Azərbaycana münasibətini ifadə etmir

Cavanşir Feyziyev: Bir qrup deputatın qərəzli mövqeyi Avropa Parlamentinin Azərbaycana münasibətini ifadə etmir

Avropa Parlamentində Azərbaycanla bağlı növbəti qərəzli qətnamənin qəbul olunmasına münasibətini bildirən Milli Məclisin deputatı, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev qəzetimizə açıqlamasında demişdir ki, həmin ədalətsiz sənədi şərh etməzdən əvvəl, son yarım ildə Azərbaycan–Avropa münasibətləri kontekstində bəzi məqamlara nəzər salmaq faydalı olardı. 
Birincisi, keçən ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənəd imzalanıb. Bu sənəd iki tərəf arasında genişlənməkdə və inkişaf etməkdə olan qarşılıqlı münasibətlərin növbəti mərhələsini özündə ehtiva edən Strateji Tərəfdaşlıq Müqaviləsinin əsas konturlarını müəyyən edir. 
Keçən il Cənub Qaz Dəhlizinin TANAP seqmenti işə salınıb. Daha sonra dekabrın 12-də Avropa Parlamentinin plenar sessiyasında Azərbaycanın maraqlarına cavab verən, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini dəstəkləyən qətnamə böyük səs çoxluğu ilə qəbul olunub. Avropa–Azərbaycan əməkdaşlığının bu qədər sürətlə genişlənməsinə rəqiblərimiz laqeyd qala bilməzdi. Həm ölkə daxilində, həm də xaricdə antiazərbaycan qüvvələrin hər hansı addım atacağını gözləmək olardı. Bu qətnamə, ilk növbədə, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edən sənədlərə kölgə salmaq məqsədi daşıyır. 
Bu müzakirələr antiazərbaycan mövqeyi ilə tanınan siyasətçilər tərəfindən gündəmə gətirilib. Bunu başa düşmək üçün Azərbaycanla bağlı məsələnin müzakirəsi zamanı parlamentin iclas zalına nəzər yetirmək kifayət idi. 751 parlament üzvündən bu müzakirə zamanı cəmi 10-12 nəfər iştirak edirdi. Bu deputatlar da məhz həmin mövzu ətrafında çıxış etmək üçün gələnlər idi. Sual oluna bilər: onlar kimlər idi?
Bütün parlementlərdə olduğu kimi, Avropa Parlamentində də hər hansı deputatın istənilən məsələ ətrafında müzakirə açmaq, məsələ qaldırmaq hüququ var. Onların bu hüquqlardan istifadəsində qəbahət görmürük. Lakin bir qayda olaraq, bu müzakirələri gündəmə gətirən deputatlar, əslində, ayrı-ayrı şəxslərin hüquqlarının müdafiəsi adı altında daha çox Azərbaycanın nüfuzuna xələl gətirmək məqsədi daşıyan kampaniyaların iştirakçılarıdır. Onların bir qismi uzun müddət ərzində Avropada təşkilatlanmış erməni lobbi təşkilatları ilə yaxından əməkdaşlıq edən, mütəmadi olaraq erməni təşkilatlarının tədbirlərində fəal iştirak edən, Avropa insitutlarında ermənilərin maraqlarını müdafiə edən siyasətçilərdir. 
Buna əmin olmaq üçün çıxış edənlərin siyahısına nəzər salmaq kifayətdir. Məsələn, onlardan biri – Böyük Britaniyadan olan deputat Çarlz Tannok uzun illərdir ki, qatı ermənipərəst mövqeyi ilə tanınan deputatdır. O, dəfələrlə Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edib. Azərbaycan hökuməti, deputatları və vətəndaş cəmiyyətinin üzvləri dəfələrlə bu deputatın fəaliyyətinə etirazını bildiriblər. Çarlz Tannokun Avropadakı erməni lobbi təşkilatları tərəfindən antiazərbaycan fəaliyyətə cəlb olunduğu çoxdan hamıya məlumdur. 
Portuqaliyadan olan deputat Anna Qomez, eləcə də Çexiya respublikasından olan deputat Yaromir Ştetina da uzun illər ərzində ölkəmiz əleyhinə təbliğat aparmış, özlərini Ermənistanın dostu adlandırmış, dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər etmiş, Dağlıq Qarabağda keçirilmiş qondarma seçkilərdə iştirak etmiş, Avropa Parlamenti adından saxta bəyanatlar yayaraq separatçılara və işğalçılara mənəvi dəstək vermiş şəxslərdir. Bu deputatlar Azərbaycana qarşı hər hansı müzakirələrin təşkilində, Azərbaycan əleyhinə qəbul oluna biləcək istənilən mənfi məzmunlu qərarın qəbulunda maraqlıdırlar. 
Onlar mütəmadi olaraq Azərbaycanda sosial şəbəkədə yayılan, hüquqi əsası olmayan, dəqiqləşdirilməmiş, neqativ məlumatlar əsasında qısa bir zamanda müzakirə açılmasına çalışırlar. Bu deputatların Avropa Parlamenti üzvü olduqları bütün müddət ərzində göstərdikləri fəaliyyətə nəzər saldıqda, açdıqları müzakirələrin Azərbaycan əleyhinə planlı şəkildə təşkil olunduğunu görməmək mümkün deyil.
Müsahibimiz açıqlamasının davamında bildirdi ki, müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyən deputatlar da oldular: 
– Əlbəttə, Azərbaycana səfər etmiş, ölkəmizdəki durumla yaxından tanış olan deputatlar, o cümlədən, Azərbaycan üzrə məruzəçi, eləcə də Parlament Əməkdaşlıq Komitəsinin həmsədri öz çıxışlarında qarşılıqlı əməkdaşlıq sahəsində, o cümlədən insan haqları ilə bağlı məsələlərdə uğurlar əldə olunduğunu diqqətə çatdırdılar. Həmin deputatlar birtərəfli qaydada tənqid etmək yox, iqtisadi münasibətlərimizdə olduğu kimi, digər istiqamətlərdə də, xüsusən insan haqları sahəsində də yaxından əməkdaşlıq etməyin daha faydalı olacağına inandıqlarını bildirdilər. 
Əslində, biz özümüz də insan haqları ilə bağlı məsələnin gündəmə gətirilməsində maraqlıyıq və dəfələrlə 1 milyondan çox qaçqın və köçkünlərimizin ən adi insan haqlarından məhrum edildiyini, onların etnik təmizləməyə məruz qaldıqlarını, həyat, mülkiyyət, ləyaqət, şərəf, azadlıq və s hüquqlarının kobud şəkildə pozulduğunu bildirmişik. Bu hüquqların bərpa olunması üçün Avropa Parlamentini zəruri addımlar atmağa çağırmışıq. Təəssüflər olsun ki, Avropa bir milyondan çox soydaşımızın insan haqlarına münasibət bildirməkdə hələlik acizlik göstərir. Bu da onu göstərir ki, ölkəmizə qarşı insan haqları ilə bağlı iradlar və tənqidlər səsləndirən deputatlar heç də obyektiv mövqedən çıxış etmirlər.
Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev qəbul edilmiş qətnamədə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi və siyasi məhbusların buraxılması ilə bağlı səslənən məsələyə münasibətini belə ifadə etdi:
– Müzakirədə Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması və siyasi məhbus hesab olunan insanların azad edilməsi haqqında çağırışlar səslənsə də, ölkəmizdə mətbuat və söz azadlığının təmin olunması, mətbuata, fikir və söz azadlığına qarşı senzuranın olmaması da Avropa Parlamenti üzvlərinin çoxuna yaxşı məlumdur. Azərbaycanda saysız-hesabsız elektron KİV, mətbuat orqanları, qəzet və jurnallar fəaliyyət göstərir. 3 milyona yaxın insan sosial şəbəkə iştirakçılarıdır. Vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətinə heç bir məhdudiyyət yoxdur. Minlərlə QHT sərbəst və səmərəli fəaliyyət göstərirlər. Sadəcə, mətbuat işçisi adından, jurnalist, QHT üzvü statusundan sui-istifadə hallarına da rast gəlmək mümkündür. 
Belə hallar baş verdikdə söz və fikir azadlığı ilə, eləcə də şərəf və ləyaqətlə bağlı hüququn digər aspektləri meydana çıxır. Bəzi jurnalistlərin insan ləyaqətini və şərəfini alçaldan və yaxud qeyri-qanuni olaraq onların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilən iddiaları hüquq müstəvisinə gətiriləndə qanun işə düşür. Qanunla qadağan olunmuş fəaliyyətlərin qarşısı isə hüquq-mühafizə orqanları tərəfindən alınır. Bu zaman hüquqi məsuliyyətə cəlb edilən insanlar öz mövqelərini müdafiə etmək üçün insan haqlarının pozulmasını iddia edərək, onlara qarşı irəli sürülmüş ittihamlardan və məsuliyyətdən kənarda qalmağa çalışırlar. 
Təəssüf ki, Avropa parlamentinin bəzi üzvləri məsələlərin mahiyyətini bilmədən və bir qismi isə bilərəkdən, sosial şəbəkələrdə yayılan məlumatlara istinad etməklə bu məsələlər ətrafında müzakirələr açmağa müvəffəq olurlar. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan bütün dünyaya açıq ölkədir, biz həmişə avropalı siyasətçiləri də dəqiq və düzgün məlumatlanmaq üçün ölkəmizə dəvət edirik və bir qayda olaraq həmin səfərlərdən sonra onlar bu kimi kampaniyalara daha adekvat reaksiya verirlər. Amma bəzi tənqidçilərimiz gəlib vəziyyəti yerində görməkdən və qiymətləndirməkdən də imtina edirlər. Bu isə o deməkdir ki, onların ölkəmizə münasibəti qərəzlidir və bizə düşmən mövqedə dayananların maraqlarına xidmət edirlər. 
Müzakirələrin Avropa Parlamenti ilə Milli Məclis arasında münasibətlərə necə təsir edəcəyinə və bundan sonra əlaqələrin hansı istiqamətdə inkişaf edəcəyinə münasibət bildirən Cavanşir Feyziyev dedi:
– Belə arzuolunmaz, düşmən qüvvələrin təhriki ilə gündəmə gətirilən hallara baxmayaraq, Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında olan əməkdaşlıq uzun illərdir davam etdirilir. Qısa fasilədən sonra 2016-cı ildə bərpa olunan əməkdaşlıq bu günə qədər uğurla davam etdirilir və əminəm ki, yenə də davam etdiriləcəkdir. Avropa İttifaqı ilə Azərbaycan arasında faydalı strateji əməkdaşlıq mövcuddur və bu, iki tərəfin qanunverici orqanları arasında da öz əksini tapır. Parlament Əməkdaşlıq Komitəsi vasitəsilə Avropa parlamenti və Milli Məclis arasında sıx əməkdaşlıq var. Bunun əsasında hər iki parlamentin nümayəndə heyətləri mütəmadi görüşlər keçirir, hər iki tərəfi maraqlandıran çoxsaylı məsələlər müzakirəyə çıxarılır. Komitə iclaslarından biri keçən ilin may ayında Bakıda baş tutub. 
Növbəti komitə iclası yaxın aylarda Avropa Parlamentində baş tutacaq. İnanıram ki, hər iki tərəfi maraqlandıran və ya narahat edən məsələlər bu iclasda müzakirə olunacaq. Avropalı həmkarlarımızla bu istiqamətdə geniş fikir mübadiləsi aparacağıq. Hələlik isə yetər ki, deyək: Avropa Parlamentində bir qrup antiazərbaycan əhvallı deputatın qərəzli mövqeyi bu qurumun Azərbaycana münasibətini ifadə etmir.

 

Hazırladı: 
Tahir AYDINOĞLU, 
“Xalq qəzeti”

18 2019 21:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Avqust 2019 | 16:51
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə