Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycana qarşı ikili standartların növbəti nümunəsi

Azərbaycana qarşı ikili standartların növbəti nümunəsi

Xeyli vaxt idi ki, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli çıxışları haqqında məlumatlar səngimişdi. Amma fasilə uzun sürmədi və bu qurumdakı Azərbaycanı sevməyən, əslində ermənipərəst qüvvələr yenidən zühur etdi.
Bu günlərdə Avropa Parlamenti Azərbaycana qarşı bütün qərəzini ortaya qoyduğu “Mehman Hüseynovla bağlı təcili qətnamə” qəbul edib. Müəllifi də kim olsa yaxşıdır – Almaniya nümayəndəsi, Yaşıllar qrupunun üzvü, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms. Onun məşhur milyarder Sorosun təsiri altında olduğu istər beynəlxalq, istərsə də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Bunu heç özü də gizlətmir. 
O, “Mehman Hüseynovla bağlı təcili qətnamə”nin müzakirələri zamanı çıxışında məsələni şişirtməyə çalışıb, hətta Azərbaycan rəsmiləri ilə əlaqə saxladığı barədə yalan məlumatlar verib. Amma müzakirələrdə iştirak edən Aİ-nin yüksək səviyyəli rəsmisi, Avropa İttifaqının ticarət komissarı Sesilia Malstrom Aİ-nin məsələni yaxından izlədiyini, Azərbaycan hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğulayıb və qeyd edib ki, Aİ-nin diplomatik nümayəndələri Mehman Hüseynova baş çəkiblər, o, aclıq aksiyası keçirmir və səhhətinə ciddi təhlükə yaradan vəziyyət yoxdur. 
Qətnamədə vacib məqamlardan biri Azərbaycanda gey, lesbian və digər seksual azlıqların və ya LGBT icması adlanan şəxslərin hüquqlarının müdafiəsidir. Bu barədə car çəkən, Azərbaycanda insan hüquqlarından dəm vuran Avropa Parlamenti üzvlərindən heç biri 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün fundamental hüquqlarının pozulması barədə danışmağı lazım bilməyib. Bu isə ikili standartlardan başqa bir şey deyil. 
Avropa Parlamentinin “qəhrəmanlıq” göstərərək ədalətsiz bir qətnamə qəbul etməsi barədə məlumatın ilk olaraq Ermənistanda dərc edilməsi isə, həqiqətən, təəccüb doğurur. Bu, əslində, Azərbaycana daşın haradan atıldığını dəqiq nişan verir. Amma təəssüf. Avropa Parlamentinin üzvü olan Harms kimi deputatlar onsuz da heç bir hüquqi qüvvəsi olmayan bu cür qərəzli sənədlərlə Azərbaycana qarşı ikili standartları növbəti dəfə nümayiş etdirdilər. Azərbaycan isə bütün bu pozucu cəhdlərə fikir vermədən Avropa İttifaqı ilə səmərəli əməkdaşlığını davam etdirir.
Azərbaycan beynəlxalq təşkilatlarla uğurla və öz milli maraqlarına uyğun şəkildə əməkdaşlıq etməkdə həmişə maraqlıdır. Bu, əslində, Azərbaycanın xarici siyasətinin əsasını təşkil edir. Bu baxımdan rəsmi Bakının BMT-nin müxtəlif qurumları, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını nümunə göstərmək olar. Amma bəzi qurumlar kənar qüvvələrin təsiri altında Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirir. Məsələn, Avropa Şurasında müəyyən ermənipərəst, sorosçu qruplar davamlı şəkildə Azərbaycana qarşı hücumlar təşkil edirlər. Belə qərəzli münasibət Avropa Parlamentində xroniki xarakter alıb. Yanvarın 17-də burada Azərbaycanla bağlı aparılmış müzakirələr və Mehman Hüseynovla bağlı qəbul olunmuş qətnamə Avropada erməni diasporu, ermənipərəst dairələr və antiazərbaycan qüvvələr tərəfindən təşkil olunmuş qərəzli şoudur.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentinin əvvəllər qəbul etdiyi belə qərəzli sənədlərə hələ 2015-ci ildə münasibət bildirmişdir. O, Çex televiziyasının bununla bağlı sualını cavablandıraraq deyib: “Bir neçə gün bundan əvvəl Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etmişdir. Deyə bilərəm ki, bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyasi təxribatdır. Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər, bizi şantaj etmişlər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratsınlar. Burada, əlbəttə ki, biz erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar, pis olmaz.
Onu da qeyd etmək istəyirəm ki, bizə qarşı bu çirkin əməllərdə fəal iştirak edən deputatların bəziləri Azərbaycanın ayrılmaz hissəsi olan və işğal edilmiş Dağlıq Qarabağa bu vaxta qədər dəfələrlə qanunsuz səfərlər etmişlər və beləliklə, Azərbaycan qanunlarını kobudcasına pozmuşlar. Eyni zamanda, bir daha demək istəyirəm, əfsuslar olsun ki, bu gün Avropa məkanında, xüsusilə Avropa Parlamentində antiazərbaycan qruplaşması yaranıbdır. Bu qruplaşma əlindən gələni etməyə çalışır ki, Azərbaycanı gözdən salsın və imicini ləkələsin. Bizim üçün, bir Prezident kimi mənim üçün Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamə kağız parçasından başqa bir şey deyil. Mən buna əhəmiyyət vermirəm. Əlbəttə ki, bunu pisləyirəm, ancaq bu qətnamə bizim iradəmizə, tutduğumuz mövqeyə heç bir təsir etməyəcək. Azərbaycanı özünə tabe etmək istəyən xarici dairələrə də sözüm ondan ibarətdir ki, sizin bütün səyləriniz əbəsdir. Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz...
Birincisi, kimisə ittiham etməzdən əvvəl sən bir güzgüyə bax. Bu gün Yaxın Şərqdən bütün dünyanın gözü qarşısında Avropaya pənah aparan qaçqınların taleyi göz qabağındadır. O insanlar xarici müdaxilənin qurbanlarıdır. O insanların ölkələri dağıdılıb, yerlə-yeksan edilib. Kim bunu edib? Xarici qüvvələr o ölkələri dağıdıb. Ölkələrin ərazi bütövlüyünü pozub. Yüz minlərlə insanı məhv edib. Milyonlarla insan öz yaxınlarını itirib. Bu faciəvi şəraitə dözməyən insanlar artıq Avropaya gəlməyə başlayıblar. Görün, onları Avropada nələr gözləyir – islamofobiya, irqçilik, ksenofobiya! Budurmu Avropa dəyərləri?! Avropa Parlamenti bu məsələlərlə məşğul olsa, daha yaxşı olar.
Bu gün Avropa dəyərlərinin sarsıdılması prosesi gedir. Avropa həmişə bizim bölgədən mütərəqqi, müasir, tolerant bir məkan kimi görünürdü. Ancaq bu gün bunu əfsuslar olsun ki, çox nadir hallarda görürük. Aqressiv, başqa ölkələrin işinə müdaxilə edən, tolerantlığı demək olar ki, itirən dairələr bu gün, əfsuslar olsun, Avropa Parlamentində və bəzi digər qurumlarda hökmranlıq edir”.

 

Teymur ZEYNALOV, 
iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent

18 2019 21:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin