Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqlim dəyişmələri və müasir Abşeron sürüşmələri

İqlim dəyişmələri və müasir Abşeron  sürüşmələri

Sürüşmə Yer səthində baş verən təhlükəli geomorfoloji hadisədir. Bu təbii proseslə məşğul olan elm sahəsi geomorfologiyadır. Geomorfologiya yerin relyefi, üfüqi və şaquli parçalanması, meyilliyi və Yer səthində baş verən proseslərin genezisini, dəyişmə və evolyusiya qanunauyğunluqlarını öyrənir. 
Sürüşmə yamac boyunca dağ süxurlarının öz çəkisi, bu yamacın yuyulması, hədsiz rütubətlənməsi, seysmik təkanlara məruz qalması və digər proseslərdən yaranan əlavə yükün təsiri nəticəsində baş verir. Yer səthində müəyyən zaman kəsiyində baş verən proses olduğundan sürüşmənin müxtəlif inkişaf fazalarında ayrı-ayrı amillər üstünlük təşkil edirlər. 
Sürüşmələr vadilərin və yaxud çayların sahillərinin yamaclarında, dağlarda, dəniz sahillərində yaranır. Ən böyük sürüşmə dənizlərin və okeanların dibində baş verir. Bu prosesə ən çox susaxlayan və sukeçirən süxurların növbəli yerləşdiyi yamaclarda tez-tez rast gəlinir. İri torpaq kütlələri, yaxud süxurların yamac boyunca hərəkətinin səbəbi bir çox hallarda yağış suları ilə qruntun islanmasıdır. Belə ki, islanan qruntun kütləsi daha da ağırlaşır, mütəhərrik olur. Qrunt və yaxud süxuru saxlayan sürtünmə qüvvəsi yamacdakı süxurların ağırlıq qüvvəsinə nisbətən azalır və yamac boyunca aşağı hərəkət yaranır. Sonradan proses sürətlənir. Sözsüz ki, daha dərin qatlarda gedən geoloji proseslər, tektonik plitələrin hərəkəti, seysmik şərait və antropogen yüklənmə prosesə öz təsirini göstərir. Ancaq sürüşmənin aktivləşdiyi zaman kəsiyində onlar fon xarakteri daşıyır. 
Son zamanlar Abşeron yarımadası ərazisində sürüşmə prosesləri aktivləşmişdir. Azərbaycan ərazisində aktiv seysmik zonadır, tektonik plitələr intensiv hərəkətdədir, bəzi yamaclarda xeyli antropogen yüklənmə var və belə şərait yamaclarda potensial sürüşmə riski yaradır. Adi halda belə potensial zonalarda yamac kütlələrinin ağırlıq qüvvəsi ilə sürüşmə qüvvəsi arasında tarazlıq yaranır və proses durğun hala keçir. Misal üçün, Şəki-Zaqatala zonası öz seysmikliyi ilə fərqlənir. Ancaq bu ərazilər sürüşmə prosesləri baxımından elə də aktiv deyil.
Məlum olduğu kimi, Abşeron yarımadası bu ilin oktyabr və noyabr aylarında ekstremal yağışlı günləri ilə səciyyələndi, aylıq yağış norması 2-3 gün ərzində yağdı. Nəticədə, yamaclarda, xüsusən Bayıl yamacında, yamacların torpaq kütləsi və qrunt əlavə olaraq islandı, sürtünmə əmsalı azaldı, onların ağırlığı artdı və nəticədə ağırlıq ilə sürtünmə qüvvələri arasında tarazlıq pozuldu, yamac boyu aşağı hərəkət başladı. Sonrakı mərhələdə bu proses təcil aldı, sürətləndi. Yəni bu zaman kəsiyində sürüşmə prosesində aparıcı qüvvə kimi iqlim amili, intensiv yağışlar oldu. Qısa müddətdə yağan yağış suları axmağa imkan tapmadı. Bu isə o deməkdir ki, biz hadisənin qarşısını almaq üçün elə yamacların özündə hidrogeoloji-mühəndisi qurğulara xüsusi əhəmiyyət verməliyik.
Bəziləri bildirirlər ki, Abşeron yarımadasının müəyyən yerlərində yüksək mərtəbəli binaların və tikililərin inşasına qadağa qoymaq lazımdır. Mən bu fikirlə razı deyiləm və fikirləşirəm ki, müasir texnologiyalardan istifadə etməklə Abşeron yarımadasının hər yerində istənilən mərtəbəli binanı tikmək olar. Yadıma gəlir, bir neçə il əvvəl N.Nərimanovun heykəlinin qabağından yol sürüşmə nəticəsində çatlamışdı və o yoldan aşağı Vaqif küçəsində bir hündür mərtəbəli binanın inşasına başlamışdılar. Mərhum akademik B.Budaqov və mən gəldik inşaat meydançasına, tikintinin iş icraçısı ilə görüşdük. Budaq müəllim ona dedi ki, sən görmürsən, bura sürüşür, səndən bir azca yuxarıda çat yaranıb, sənin tikdiyin bina da sürüşəcək. O, cavabında – “mən bunu görürəm və nə etdiyimi yaxşı bilirəm” dedi. Əlavə etdi ki, o yerin altındakı geoloji ana süxura 16 metr dərinliyində dəmir-beton dirəklər vurulacaq və dirəklər binanın dayanıqlığını təmin edəcək. Bu gün həmin bina öz yerində möhkəm dayanıb və üstəlik, yuxarıdan gələn sürüşmənin də qarşısını alıb. Yəni istənilən yerdə tikmək olar, ancaq onun öz texnologiyası var. Əlbəttə, bu tələbləri ödəmək layihələrin qiymətini qaldırır. Nə etməli, başqa yol yoxdur, torpaq, xüsusən, yamaclar bahadır. Layihələrdə sürüşmə amili mütləq nəzərə alınmalı, tikinti aparan şirkətlərin qarşısında əlavə tələblər qoyulmalıdır.
Bunun üçün ən əvvəl ölkə ərazisində potensial sürüşmə ərazilərinin irimiqyaslı rəqəmsal xəritələri hazırlanmalıdır. Sürüşmə ilə yanaşı, sel, uçqun, defilyasiya, eroziya və s. kimi təhlükəli geomorfoloji proseslər də bu xəritələrdə öz əksini tapmalıdır.
Nəhayət, vurğulamaq istəyirəm ki, sürüşmələrin belə aktivləşməsinin əsas səbəblərindən biri Yer kürəsində iqlimin istiləşməsidir, onun yaratdığı ekstremal meteoroloji hadisələrin Azərbaycan ərazisində təzahürü aydın görünür. BMT-nin İqlim Dəyişmələri üzrə Dövlətlərarası Ekspertlər Qrupunun axırıncı hesabatına görə, belə ekstremal halların tezliyi və diapazonu getdikcə artacaqdır. Odur ki, təhlükəsizlik tədbirlərinə ciddi diqqət yetirməliyik.
 

 

Ramiz Məmmədov, 
AMEA-nın həqiqi üzvü

18 2019 21:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin