Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Niyazinin Mənzil Muzeyində ilin ilk görüşü Əyyub Quliyevlə olub

Niyazinin Mənzil Muzeyində ilin ilk görüşü Əyyub Quliyevlə olub

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevlə görüş keçirilib.

Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, şöbə müdiri Xanımbacı Abdinova çıxış edərək Ə.Quliyevin yaradıcılıq yolu, sənət uğurlarından söhbət açıblar. Onların çıxışı dirijorun şəxsi arxivi və muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Dirijorun yaradıcılığı barədə bu və digər məlumatlar görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd edilib ki, Əyyub Quliyev 1999-2005-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsində, 2005-2007-ci illərdə N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında, 2008-ci ildə isə Vyana Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. Bakı Musiqi Akademiyasının tələbəsi ikən o, dirijor kimi fəaliyyətə başlayıb.

Diqqətə çatdırılıb ki, Ə.Quliyev 2011-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışır. Hazırda teatrın repertuarında olan bir çox opera və balet tamaşalarını uğurla idarə edir.

Sonra söz Ə. Quliyevə verilib. Keçdiyi ömür yolundan, yaradıcılıq planlarından danışan Ə.Quliyev musiqi sənətinə olan sevgisində atası, Xalq artisti, məşhur tarzən Ramiz Quliyevin mühüm rol oynadığını deyib.

Tədbirdə Əyyub Quliyevin dirijorluq etdiyi konsertlərdən videoyazılar nümayiş olunub, Opera və Balet Teatrının solisti Taleh Yahyayev, Nina Makarova və başqalarının ifalarında maraqlı kamera konserti təqdim edilib.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

18 2019 15:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Avqust 2019 | 16:51
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə