Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq artisti Amalya Pənahovanın xatirəsinə

Xalq artisti Amalya Pənahovanın xatirəsinə

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Amalya Pənahovanın xatirəsinə həsr olunan “Mən aktrisa olmaq üçün dünyaya gəldim…” adlı tədbir keçirilib.

Tədbir Mədəniyyət Nazirliyi, “Mədəniyyət” kanalı, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Söz” ədəbi layihəsi çərçivəsində reallaşıb.

Gecədə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək görkəmli aktrisa barəsində xatirəsini bölüşüb.

Xalq artisti Eldar Quliyev teatr və kino sənətimizə dəyərli töhfələr vermiş Amalya xanımın mənalı ömür yolu və zəngin yaradıcılığına nəzər salıb. Bildirib ki, A.Pənahovanın sənəti onu sevənlərin qəlbində həmişə yaşayacaq: “O, sənətinin vurğunu idi. Peşəkar aktrisa idi, heç bir roldan imtina etməzdi və rejissorlar onunla işləməkdən zövq alırdı. Amalya xanım, sənətdə, səhnədə, kamera qarşısında yaşayırdı”.

Tədbirdə Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Qənirə Paşayeva və başqaları Azərbaycan teatr və kino sənətində Amalya Pənahovanın bənzərsiz sənət dünyasından, özünəməxsus yaradıcılıq axtarışlarından, yaratdığı bir-birindən maraqlı obrazlar qalereyasından söhbət açıblar.

Qeyd edilib ki, böyük istedada malik aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb, 10-dan çox teatr və televiziya tamaşasına quruluş verib. Bu tamaşaların çoxu lentə alınıb, hazırda televiziyanın "Qızıl fondu"nda saxlanılır.

Amalya Pənahovanın istedadının başqa bir cəhəti onun böyük təşkilatçılıq qabiliyyətinə malik olmasıdır. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edərək onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün səylərini əsirgəməyib. Amalya Pənahova teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə ən yüksək fəxri adlara layiq görülüb.

Gecədə sənətkarın uzun müddət rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının aktyorlarının iştirakı ilə tamaşalardan səhnələr təqdim olunub, teatr səhnəsində və kinoda canlandırdığı filmlərdən fraqmentlər təqdim edilib.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq  qəzeti”

18 2019 15:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin