Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli düşüncəmizi dəyişən gecə

Milli düşüncəmizi dəyişən gecə

“Hər bir böyük xalqın tarixində elə günlər, elə hadisələr, elə səhifələr olur ki, bu hadisələr sonradan xalqın millət kimi formalaşmasına, azadlıq və müstəqillik yolunda uğurlu addımarın atılmasına, dünya miqyasında tanınması və nüfuz qazanmasına töhfə verir. Xalqımızın və Azərbaycanın müasir tarixinin 20 Yanvar səhifəsi məhz belə günlərdəndir”. Bu fikirlər Azərbaycan Tibb Universitetində (ATU) 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş toplantıda rektor, professor Gəray Gəraybəyli tərəfindən səsləndirilib.

Professor bildirib ki, xalqın hər bir nümayəndəsi kimi həmin gün küçələrdə olan, azadlıq uğrunda vuruşan ATU təmsilçiləri də həmin soyuq yanvar gecəsini unutmayacaq: “İndi burada əyləşənlərdən bəziləri həmin vaxt tələbə, bəziləri müəllim idi. Hər birimiz o günləri daim yaddaşımızda saxlayacağıq.  Xalqmızın başına gətirilən bu faciə heç vaxt yaddaşımızdan silinməyəcək”.

G.Gəraybəyli xatırlatdı ki, məhz ulu öndər Heydər Əliyevin siyasi iradəsi və səyi nəticəsində Azərbaycan xalqına qarşı törədilən bu terror hadisəsi hüquqi qiymətini aldı. Ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birgə yanvarın 21-də Moskvada  - bu terroru törədən imperiyanın düz mərkəzində - Azərbaycan səfirliyinə gələrək, hadisəni kəskin pisləmişdi.  Çıxışının sonunda rektor müstəqillik illərində Azərbaycanın inkişaf yoluna qədəm qoyduğunu və böyük  nailiyyətlər əldə etdiyini vurğuladı.

ATU-nun cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz  Camalov 29 ildən sonra da 20 Yanvar hadisələrinin hörmətlə anıldığını bildirdi. Onun sözlərinə görə, bir əsrdə eyni bir millətin digərinə qarşı 3 dəfə soyqırım həyata keçirməsi - tarixdə rast gəlinməyən bi haldır və təəssüf ki, Azərbaycan tarix boyunca bu faciəni yaşamalı olub.                         

Ümumi cərrahlıq və anesteziologiya  kafedrasının professoru Cabbar  Hacıyev dedi: “Xalq haqq, ədalət istəyirdi, torpaqlarının qorunmasını istəyirdi. 60 minlik qoşunun Bakıya hücumu nəticəsində nə qədər gənc, tibb işçiləri qətlə yetirildi. Həmin gecə işıqlar söndürülsə də, biz qəzet yandırıb onun işığında əməliyyat edirdik. O cür riskli vəziyyətdə heç kəs özünü düşünmədi. Bu da bizim şərəf tariximizdir”.

Universitetin II müalicə-profilaktika fakültəsinin 2-ci kurs tələbəsi Leyla     Gəncəliyeva 20 Yanvar faciəsi və həmin gecə həlak olanların xatirəsinin gənc nəsil tərəfindən daim yad olunacağını, bu terrorla bağlı həqiqətlərin bütün dünyada tanıdılması üçün fəaliyyət göstərəcəklərini bildirdi.

 

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

18 2019 15:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Avqust 2019 | 16:51
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə