Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xaçmazda epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb

Xaçmazda epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb

Yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkədə "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirlərinə başlayıb.

Hazırda Dövlət Baytarlıq Xidmətinin Xaçmaz Rayon Baytarlıq İdarəsi iribuynuzlu, təkdırnaqlı heyvanlar və donuzlar arasında xəstəliklərə qarşı profilaktik  peyvəndləmə tədbirlərini aparır. Bununla yanaşı iribuynuzlu heyvanlardan müayinə məqsədilə qan nümunələri alınır. Tədbirlər yekunlaşdıqdan sonra ərazilərdə profilaktik dezinfeksiya işləri həyata keçirilir.

Həmçinin bir sıra qonşu ölkələrdə insanlar arasında sürətlə yayılan “donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin ölkəmizə keçməsinin qarşısını almaq, təsərrüfatlarda epizootoloji sabitliyi təmin etmək məqsədi ilə donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı, sahibkarlarla görüşlər keçirilib və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılıb. 

Cari ilin epizootiya əleyhinə planına əsasən Xaçmaz rayonunda ev quşları arasında və xırdabuynuzlu heyvanlarda xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. 

Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.

 

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

18 2019 15:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin