Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar”

“Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar”

Son illər Azərbaycan sürətlə inkişaf edib. Həyatımızın bütün sahələrində əldə edilən nəticələr ölkəmizin ümumi tərəqqisinə böyük töhfələr verir. Xalqımız sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Sosial-iqtisadi sahələrdə gerçəkləşdirilən sistemli islahatlar aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Ötən illər ərzində Azərbaycanda aparılan islahatlar dövlətimizin həyata keçirdiyi mühüm istiqamətlərindən biri olub. Təsadüfi deyil ki, 2004-cü ildən başlayaraq respublikamızda mühüm dövlət proqramlarının icrası bölgələrin sosial-iqtisadi inkişafını sürətləndirib, regionlarda mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi insanların həyat şəraitinin və rifahının yüksəlməsinə gətirib çıxarıb.


Bütün sahələrdə olduğu ki, gömrük sahəsində də islahatlar həyata keçirilib. Prezident İlham Əliyev komitənin qarşısında gömrük sistemində şəffaflığın təmin olunması, idxal-ixrac əməliyyatları üzrə statistik uçotun düzgün aparılması və xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə məmur təmasının minimuma endirilməsi, gömrük xidməti mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqlar qoyub. Ötən il ölkə ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti daha da gücləndirilib, gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri genişləndirilib. Əməliyyat-axtarış fəaliyyəti istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 747 cinayət xarakterli və 9672 hüquqpozma faktı aşkarlanıb.
Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev vurğulayıb ki, gömrük sahəsində aparılan islahatlar nəticəsində biz büdcəmizi böyük dərəcədə artıra bilmişik. Ona görə ki, həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Yəni, tam sağlamlaşdırma prosesi gedir və artıq keçən ilin timsalında biz gözəl nəticələri görə bilmişik. 
Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə Dövlət Gömrük Komitəsinin fəaliyyətini geniş müzakirəyə çıxarması, bununla bağlı söylədiyi tövsiyə və göstərişlər Azərbaycan gömrük xidmətinin yenidən qurulması və inkişafının əsas istiqamətlərini müəyyən etdi. Həmin ildən başlayarq gömrük orqanlarının fəaliyyətində köklü dəyişikliklər həyat keçirildi və onun normativ hüquqi bazasının formalaşmasında mühüm addımlar atıldı. Ulu öndər Heydər Əliyev dövlətimizin inkişaf etdirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılması idi. Məhz bu səbəbdən ulu öndər birinci mühüm amil kimi birinci tələbi savadlı kadrların yetişdirilməsi oldu. Ümummilli liderin bu uzaqgörən tövsiyəsi də sonrakı illərdə uğurla həyata keçirilir.
Son illərdə Azərbaycanda müşahidə olunan dinamik sosial-iqtisadi inkişaf və beynəlxalq iqtisadi sistemə inteqrasiya gömrük sisteminin təkmilləşdirilməsini, onun maddi-texniki bazasının modernləşdirilməsini, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara tam uyğun aparılması və bütövlükdə gömrük sisteminin ölkənin sosial-iqtisadi inkişafındakı rolunun daha da artırılmasını istiqamətində mühüm addımlar atılır.
2007-ci ildə “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın qəbulu, “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” fərman, sərhəd-buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tətbiq edilməsi gömrük sisteminin inkişafını daha da sürətləndirmiş, onun normativ-hüquqi və maddi-texniki təminatını yaxşılaşdırmış, fəaliyyəti təkmilləşdirilmişdir.
Ötən il ölkə iqtisadiyyatının inkişafında və büdcənin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik olan DGK-nin idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirilməsi nəticəsində dövlət büdcəsinə 3 milyard 434 milyon manat vəsait daxil olub. Həmçinin 2018-ci ildə ölkə ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti daha da gücləndirilib. Həyat keçirilən əməliyyat-axtarış fəaliyyəti istiqamətində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkarlanıb. Ümumilikdə 1 ton 193 kiloqram narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Bundan başqa, valyuta və valyuta sərvətləri, zinət əşyaları, dərman preparatları, mobil telefonlar, pnevmatik və “soyuq” silahlar və digər mallar tutulub. 
Ticarətin asanlaşdırılması eləcə də gömrüklərdə risklərin idarə olunması sahəsində mühüm işlər görülüb. Hər kəsə məlumdur ki, ticarətin asanlaşdırılması ölkələrin rifahına, iqtisadiyyatın inkişafına, ixrac potensialının artmasına və beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə gətirib çıxarır. Bütün bunlar da ölkədə güclü və etibarlı gömrük-biznes əməkdaşlığının formalaşmasına səbəb olur. 
Son dövrlər gömrük orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi bu sahədə işin təşkilini daha çevik edir. Həmçinin gömrük prosedurlarının sürətləndirilməsi xarici iqtisadi fəaliyyət iştirakçılarının sayını artırır. “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli fərmanını göstərmək olar. Bu isə respubilkamızda sahibkarlığın inkişafına, xüsusən qeyri-neft məhsullarının, o cümlədən kənd təsərrüfatı və tez xarab olan digər məhsulların ixracını gücləndirir. Daha bir məqamı vurğulayaq ki, biznes mühitinin daha da şəffaflaşmasında inqilabi dönüş olaraq hökumət-biznes münasibətlərində “Könüllü riayət mədəniyyətinin” formalaşmasına gətirib çıxardıb. Aparılan işlər məmur-vətəndaş təmasını minimuma endirib və korrupsiya ilə mübarizəyə qarşı mexanizmlərini gücləndirib. Hazırda 14 elektron gömrük xidməti “elektron hökumət” portalında sahibkarların istifadəyə verilməsi, bu işin əyani göstəricisidir.
Gömrük sahəsində qarşıya qoyulan məqsədlərdə biri yeni innovasiya tipli layihələrin həyata keçirilməsi ilə vətəndaş məmnunluğunun təmin edilməsinə və ticarət dövriyyəsinin daha da artırılmasına nail olmaqdır. Həmçinin Ümumi Tranzit Konvensiyasına əsaslanan tranzit sisteminin inkişaf etdirilməsi qarşıya qoyulmuş başlıca hədəflərdən biri olduğu gömrük işində aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir.
Ulu öndər Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti sayəsində formalaşan gömrük xidməti ölkəmizin iqtisadi təhlükəsizliyini təmin edən, fiskal siyasətin reallaşmasında vacib rol oynayan önəmli dövlət təsisatlarından birinə çevrilib. Hazırda Prezident İlham Əliyev gömrük sistemində aparıdığı son islahatlar bu sahənin işinin müasir standartlar səviyyəsində qurulmasına, gömrük xidmətinin dinamik inkişafına və Azərbaycan gömrüyünün beynəlxalq arenada etibarlı yer tutmasına şərait yaradır.

 


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Mətbuat Şurasının gömrük xidmətində həyata keçirilən genişmiqyaslı islahatların nəticəsində qazanılan nailiyyətlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə gömrük orqanları arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə təşkil etdiyi yazı müsabiqəsinə təqdim edilir.


 

Ülviyyə VAHİDQIZI, 
“Xalq qəzeti”

18 2019 14:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin