Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda iqtisadiyyat gücləndikcə dövlət müstəqilliyinin dayaqları daha da möhkəmlənir

Azərbaycanda iqtisadiyyat gücləndikcə dövlət müstəqilliyinin dayaqları daha da möhkəmlənir

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən iclasında Azərbaycanın hesabat dövründə bütün makroiqtisadi göstəricilərdə artıma nail olduğunu, qlobal neft bazarında volatilliyin yüksək səviyyəyə çatdığı bir zamanda  respublikada iqtisadi artım tempinin qorunub saxlanıldığını diqqətə çatdırıb.

Həmçinin inklüziv və dayanıqlı iqtisadi inkişaf üçün yeni hədəflərin müəyyənləşdirildiyini də qeyd edib. Ölkə rəhbəri nitqində bildirib ki, 2018-ci il ölkəmiz üçün uğurlu olub. Dünyada və bölgədə gedən proseslərə baxmayaraq,  Azərbaycan sürətlə inkişaf edib. Keçən ilin əvvəlində qarşıya  qoyulan bütün vəzifələr yerinə yetirilib, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin olunub: “Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək”.

Dövlət başçısı iclasda bildirib ki, hesabat dövründə bir sıra tarixi layihələr reallaşdırılıb, o cümlədən, nəhəng transmilli Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz-2” və TANAP layihələri uğurla həyata keçirilib, “Azərspace-2” peyki orbitə buraxılıb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Sumqayıtda polipropilen zavodu, Azərbaycanın dövlət investisiyası ilə Türkiyədə böyük neft emalı zavodu istismara verilib.
Prezident İlham Əliyev nitqində Cənub Qaz Dəhlizinin Azərbaycana iqtisadi və maliyyə mənfəəti verəcəyini vurğulayaraq, deyib: “Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Bu, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu hadisə bundan sonra onilliklər ərzində Azərbaycana böyük xeyir, həm siyasi, həm də iqtisadi və maliyyə mənfəəti gətirəcək. Keçən il Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsi də işə düşdü və artıq fəaliyyətdədir. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü reallaşdı. Bu, bizim böyük uğurumuzdur, tarixi uğurumuzdur…”.
Xatırladaq ki, sözügedən dəhliz dünyada inkişaf etdirilən ən mühüm kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində indiyədək mövcud ən önəmli layihələrdən biridir. Bu, 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir. 
Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Bu boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.
Ötən il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı adı çəkilən dəhlizin sisteminə vurulub. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və həmin ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.
TANAP-la Türkiyəyə 2019-cu ildə 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək. Boru kəməri bu ilin birinci yarısında TAP qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. TANAP-ın inşası üzrə işlərin təxminən 98 faizi icra olunub. TAP üzrə isə işlərin 82 faizdən çoxu tamamlanıb.
Dəyəri təqribən 4,5 milyard avro olan, gələcəkdə buraxıcılıq qabiliyyəti ildə 10 milyard kubmetrə qədər artırılacaq TAP kəməri 2020-ci ildə istifadəyə veriləcək. Ümumi uzunluğu 878 kilometr olan boru kəmərinin 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə və 8 kilometri İtaliya ərazisindən keçəcək.
Ümumiyyətlə, ötən illər ərzində Azərbaycanda neft kapitalı respublikanın ümumi inkişafı və ölkədə sosial şəraitin yaxşılaşması üçün istifadə edilib. Eyni zamanda, neftdən əldə edilən vəsait hesabına Azərbaycan dünyada ən mükəmməl sosial infrastruktura malik olan ölkələr sırasına daxil olub. Respublikamızda icra edilən infrastruktur layihələrinin bir çoxu nəinki regionumuz, hətta dünya üçün mühüm önəm daşıyıb. Hazırda yuxarıda xatırlatdığımız kimi, belə əhəmiyyətli layihələrin icrası davam edir və sözsüz ki, böyük vəsait tələb edən həmin layihələr neft kapitalı olmadan mümkün deyil. Dövlət Neft Fondunda toplanan vəsaitlərə gəlincə isə deyə bilərik ki, əgər 2001-ci ildə ARDNF-in vəsaitləri 270 milyon ABŞ dolları təşkil edirdisə, ötən il üzrə bu rəqəm artıq 38 milyard dolları keçib.
Neft sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektorunun, həmçinin insan kapitalının inkişafına yönəldilməsi də müsbət nəticələrlə diqqət çəkir. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında ətraflı bəhs edib. Bütün iqtisadi göstəricilərimizi çox müsbət qiymətləndirən dövlət başçısı deyib: “Ümumi daxili məhsul, yəni, iqtisadi artım keçən il Azərbaycanda 1,4 faiz olub. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Əlbəttə ki, bizim arzularımızı tam əks etdirmir. Ancaq, eyni zamanda, dünyada gedən proseslərə baxdıqda hesab edirəm ki, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da inkişaf 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. Bu, onu göstərir ki, sənayeləşmə siyasətimiz öz gözəl nəticələrini verir”.
Göründüyü kimi, 2018-ci il ölkəmiz üçün bir sıra sahələrlə yanaşı, neft sektorunda da uğurlu nəticələrlə müşahidə edilib. Dünyada və bölgədə gedən üzücü proseslərə baxmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf edib. Qarşıya qoyulan bütün vəzifələr yüksək səviyyədə icra olunub, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilib.

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti” 

 

17 2019 21:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin