Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirilib

Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirilib. 
Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, səhiyyə naziri Oqtay Şirəliyev, təhsil nazirinin müavini, Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən Firudin Qurbanov, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən, professor Famil Mustafayev, Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev, AMEA-nın vitse-prezidentləri, akademik-katibi və şuranın üzvləri iştirak ediblər.
İclası açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər respublikada elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı, elmi innovasiya fəaliyyəti və elmi nailiyyətlərin stimullaşdırılması sahələrində bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. 
A.Əlizadə ölkədə aparılan elmi tədqiqat işlərini əlaqələndirmək, müxtəlif elmi strukturları birgə tədqiqatlara cəlb etmək, elm və texnikanın nailiyyətlərinin təcrübədə istifadə edilməsinə kömək göstərmək baxımından şuranın fəaliyyətinin səmərəli olacağını bildirib. Gələcəkdə kvant fizikası, nanostruktur və nanotexnologiyalar, riyazi iqtisadiyyat, biotibb və digər bu kimi mühüm elmi sahələri koordinasiya edən şuraların yaradılmasının məqsədəuyğun olduğunu deyib.
İclasda “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn vəzifələrə dair məsələyə baxılıb. Bununla bağlı AMEA-nın bir sıra təkliflər verdiyini deyən akademik Akif Əlizadə müvafiq sərəncamda elmin idarə olunması ilə əlaqədar qarşıya qoyulmuş məsələlərin əsasən elektron elmə aid olduğunu nəzərə alaraq, bu istiqamətdə kompleks tədbirlərin yüksək keyfiyyətdə və beynəlxalq tələblərə uyğun həyata keçirilməsi üçün elmi və elmi-pedaqoji kadrların attestasiyası prosesinin sadələşdirilməsi, plagiatlıqla bağlı zəruri normativ-hüquqi bazanın yaradılması, dissertasiya mətnlərinin orijinallığını qiymətləndirməyə imkan verən şəffaf fəaliyyət sisteminin yaradılması və s. təkliflərin irəli sürüldüyünü bildirib. 
Tədbirdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev respublikada elektron elmin formalaşdırılması vəziyyəti və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib. O, Azərbaycanda və beynəlxalq miqyasda e-elmə dəstək verən təşkilatlar haqqında məlumat verib, e-elmin inkişafı sahəsində dünya ölkələrinin təcrübəsindən danışıb. Məruzəçi e-elmin formalaşdırılması üçün qarşıda duran vəzifələr və problemlərdən söz açıb. Bildirib ki, bu məqsədlə e-elm üçün informasiya resursları yaradılmalı, e-elmin şəbəkə infrastrukturu genişləndirilməli, milli elektron kitabxanalar şəbəkəsi yaradılmalı, milli antiplagiat sistemi hazırlanmalı, beynəlxalq elmi bazalara inteqrasiya təmin olunmalı, e-elmin elmi-nəzəri problemləri araşdırılmalıdır. 
İclasda AMEA-nın təkliflərinin nəzərə alınması və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim olunmasına dair qərar qəbul edilib.
Sonra elmi problemlər üzrə elmi şuraların təşkili ilə bağlı məsələ müzakirə olunub. Bildirilib ki, ölkədə aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi və təkrarçılığın aradan qaldırılması, müxtəlif elmi strukturların birgə elmi tədqiqatlara cəlb edilməsinin müasir səviyyədə təşkili, elmi tədqiqatların maliyyələşdirilməsi mexanizimlərinin təkmilləşdirilməsi, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsinə nəzarətin təmin edilməsi, onların nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsi əsas vəzifələr kimi Əlaqələndirilmə Şurasının qarşısına qoyulub. Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası bu vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə qərar qəbul edib. Qərara əsasən, Əlaqələndirilmə Şurasının fəaliyyət planının, elmi problemlər üzrə elmi şuraların yaradılması ilə bağlı təkliflərin işlənib hazırlanması istiqamətində tapşırıqlar verilib. 
Gündəlikdə yer alan növbəti məsələ Azərbaycan alimlərinin ikinci qurultayının keçirilməsi haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik Akif Əlizadə bildirib ki, 2014-cü il dekabrın 19-da Azərbaycanda və regionda ilk dəfə olaraq Azərbaycan alimlərinin birinci qurultayı keçirilib. Qeyd edib ki, bu qurultay ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı istiqamətində aparılan dövlət siyasətinə dəstək verilməsi, Azərbaycan elminin beynəlxalq elmi tələblərə uyğunlaşdırılması və dünya elminə inteqrasiyası, xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
İclasda qeyd olunanları nəzərə alaraq, Azərbaycan alimlərinin ikinci qurultayının bu ilin sonunda keçirilməsi qərara alınıb. Həmçinin tədbirin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib. Sonda Elm Gününün keçirilməsi məsələsi müzakirə olunub. 
AMEA-nın prezidenti ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması məqsədilə Prezident İlham Əliyevin ölkəmizdə Elm Gününün təsis edilməsi haqqında müvafiq sərəncamını xatırladıb. Bu il martın 27-də ilk dəfə olaraq ölkədə Elm Gününün qeyd olunacağını bildirib. Qeyd edilib ki, əlamətdar günün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Elm Gününün keçirilməsinə dair tədbirlər planını təsdiq edib və müvafiq tapşırıqlar verib. 
Tədbirdə professor Fərəh Əliyeva çıxış edərək dissertasiyaların müdafiəsi prosesini mərhələli şəkildə sadələşdirmək və müasirləşdirməklə yanaşı, onun keyfiyyətinin də yüksəldilməsinin vacibliyindən danışıb. O bildirib ki, bu prosesdə Ali Attestasiya Komissiyasının təsdiqedici və həlledici funksiyasına baxmayaraq, digər qurumların da rolu böyükdür. Elmi problemlər üzrə elmi şuraların böyük səlahiyyətləri olduğunu deyən Fərəh Əliyeva dissertasiya mövzularının məhz həmin şuralarda təsdiq olunduğunu söyləyib. Bildirib ki, elmi rəhbərlər bu mərhələyə xüsusilə diqqətlə yanaşmalıdırlar.
Fərəh Əliyeva dissertasiya şuralarının yenidən formalaşdırılması ilə bağlı irəli sürülən təkliflər, bu şuralara üzvlərin seçilməsi üçün müəyyən olunan meyarlar haqqında da danışıb. Həmçinin problem şuralarının veb-saytlarının operativ fəaliyyət göstərmələrinin zəruri olduğunu diqqətə çatdırıb. O, AMEA-da dissertasiya şuralarının işinin səmərəli təşkili, onların fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə müvafiq işlərin görülməsinin məqsədəuyğun olduğunu deyib.
Sonra səhiyyə naziri Oqtay Şirəliyev, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, AMEA Rəyasət Heyəti aparatının elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və başqaları çıxış edərək Ali Attestasiya Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi, elmi müəssisələr arasında səmərəli əlaqələndirmə sisteminin təmin edilməsi barədə təkliflərini səsləndiriblər. 

 

AZƏRTAC

17 2019 21:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin