Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar İnsanlıq əleyhinə cinayət

20 Yanvar İnsanlıq əleyhinə cinayət

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet silahlı qüvvələri tərəfindən xalqımıza qarşı misli görünməmiş qəddarlıq törədildi. Azadlıq, istiqlaliyyət uğrunda, haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamlar gülləbaran edilərək qətlə yetirildilər.Azərbaycan xalqına qarşı totalitar kommunist rejiminin törətdiyi faciə hərbi təcavüz və insanlıq əleyhinə cinayət kimi qiymətləndirildi. Bu qanlı qırğından dərhal sonra ölkəmizdə və xaricdə Bakıda törədilmiş vəhşiliyə qarşı kəskin etiraz dalğası başlandı. 
Ən kəskin etirazlar Türkiyədə oldu. İzmirli ev xanımı Yetər Akçayöz qara paltarda, əlində qara bayraq və sinəsində “Bu gün Azərbaycana, sabah Türkiyəyə” yazılmış plakat ilə təkbaşına şəhərin Bostanlı səmtindən Cümhuriyyət meydanına, Karşıyakayadək yürüş etdi. Küçədə gedərkən onun təkbaşına hərəkətləri izmirli vətəndaşlar tərəfindən böyük rəğbət və səmimiyyətlə qarşılandı. 
İzmir Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin üzvü Yetər Akçayöz həmin hadisələri xatırlayaraq dedi: 
– Mən Azərbaycan türküyəm. 40 ildir ki, İzmirdə yaşayırıq. ­1990-cı ilin 20 yanvarında Türkiyənin bölgələrində vətəndaşlar Azərbaycana dəstək üçün hazır oldular, etiraz yürüşləri, mitinqlər, tədbirlər keçirdilər. Burada isə mən belə qərara gəldim ki, hər kəsin Azərbaycana dəstək olması üçün özüm küçəyə çıxıb təkbaşına etirazımı bildirim. Çünki artıq dayana bilməyib bu yürüşü etdim. Birdən geriyə dönəndə gördüm ki, arxamda bir kütlə yaranıb.
20 Yanvarda SSRİ imperiyasının azərbaycanlılara qarşı törətdiyi qırğın, dinc əhaliyə tutulan misli görünməmış divan, insanlığa qarşı cinayət idi. Lakin Qərb ölkələrinin bu qırğına münasibət bildirməyərək susmasını və səssiz qalmasını başa düşmək olmurdu. O zaman səsimi ucaldaraq Azərbaycan hadisələrinin Sovetlər Birliyinin bir daxili məsələsi olmadığını bildirdim: “İnsanlıq əleyhinə cinayətlər nə vaxtdan bir ölkənin daxili işi sayılır?” – deyərək Türkiyənin bu hadisələr qarşısında daha təsirli bir siyasət tətbiq etməsini istədim.
Mən əlimdə tutduğum qara bayraqla və yaxamdan asdığım plakatla şəhərin küçələrindən keçərkən söylədim: “Azərbaycanda yaşayanlar bizim qardaşlarımızdır. Onlara verilən zülm və işgəncə bizə verilmiş sayılır. Bu hadisələr qarşısında səssiz qalarıqsa, sıra digər türklərə də gələcək. İnsanlıq əleyhinə cinayətlər qarşısında sükut da cinayət hesab edilir.” 
O zamanlar burada təhsil alan azərbaycanlı tələbələrə də hər cür kömək göstərdik, yardım etdik. Yəni bankda hesab açdıq, həmyerlilərimizdən maddi-mənəvi yardım topladıq, tələbələrə baş çəkərək evimizə dəvət etdik, onlara dəstək olduq. Dərnəklərdən topladığımız puldan o gənclərə hər ay 500 lirə pul verirdik. İndi də dərnəyin xətti ilə tələbələrə kömək edirik.
Dərnəyimizin üzvləri Türkiyə dövləti ilə yanaşı, Azərbaycanımızı da ürəkdən sevərək onun bütün problemlərini özümüzünkü hesab edir, ölkəmizi ləyaqətlə təmsil etməyə səy göstəririk. Qoy Azərbaycandakı qadınlar bilsinlər ki, onların burada dəstəkçiləri vardır. Biz hər zaman onları düşünürük.
Yetər xanımın həyat yoldaşı, musiqiçi, yazıçı Turan Akçayöz söhbətə qoşuldu:
– Türkiyədə 4 milyondan artıq, İzmirdə isə 400 mindən çox Azərbaycan türkü yaşayır. Mən Qarsda anadan olmuşam, 78 yaşım var. Gəncliyimizdən başlayaraq uzun illərdir ki, Yetər xanımla bərabər hər il 20 Yanvar, Xocalı soyqırımı, Aprel döyüşləri, Çanaqqala,15 iyul və digər tarixi günlər ilə bağlı tədbirlərdə çıxışlar edib fəallıq göstəririk. Vətənin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizi yad edir, baş vermiş hadisələri, ermənilərin bizə qarşı törətdikləri soyqırımı faktlarını gənc nəslə, dünya ictimaiyyətinə çatdırırıq. Azərbaycanın müstəqillik, milli azadlıq hərəkatı tarixində şanlı yer tutmuş, Vətənimizin, millətimizin qəhrəmanlıq səhifələrini öz qanları ilə yazmış şəhidlərimizin xatirəsini daim əziz tutur, qəlbimizdə yaşadırıq. Müqəddəs dəyərlər uğrunda canlarını fəda edən bütün şəhidlərimizi rəhmətlə yad edirik, “Məkanları cənnət, ruhları şad olsun!” – deyirik. 
 Azərbaycanın həmişə inkişafını və yüksəlişini istəmişik. Azərbaycanlı qardaşlarımıza mənfəətdən çox, ölkənin gələcəyini düşünmələrini arzulamışıq. Soydaşlarımıza əlimizdən gələn köməyi etmişik. Azərbaycan türklərinin bir-birinə daha yaxın, mehriban olmasını istəmişik. Ölkəmizin, millətimizin son illərdə qazandığı siyasi, iqtisadi uğurları daim təbliğ edirik. 

 

Söhbəti yazdı: 
Afət Sadıqoğlu, 
“Xalq qəzeti”

17 2019 21:13 - 20 YANVAR
20 YANVAR

Ən son xəbərləri səhifəmizdən də izləyin