Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə idarəetmə strukturu təkmilləşdirilir

Bu sahədə islahatlar əsaslı, səmərəli və davamlıdır

Ölkəmizdə idarəetmə strukturu təkmilləşdirilir

Struktur islahatlarını bəzi dövlət qurumlarının ləğv edilməsi, ixtisarı və birləşdirilməsi yolu ilə büdcə vəsaitlərinə qənaət etmək kimi dəyərləndirmək olmaz. Bu islahatların fəlsəfəsi idarəçiliyin maksimum sadələşdirilməsi yolu ilə onun effektivliyini təmin etməkdən və təkmil idarəçilik vasitəsilə iqtisadiyyatda daha ciddi uğurlar qazanmaqdan ibarətdir. 
Dövlət idarəetmə aparatının işi elə təşkil olunmalıdır ki, o, özünə aid məsələləri az vaxt ərzində yüksək keyfiyyətlə həll edə bilsin. İstənilən məsələnin həllində tələb olunan başlıca şərt, ona sərf edilən zaman və keyfiyyətdir. Bu zaman həmin iki amil nəzərə alınarsa, o halda idarəçiliyin optimal bir səviyyədə təşkil edildiyini demək mümkündür. Hər bir ölkədə dövlət idarəçiliyinin təşkilinin özünəməxsus cəhətləri olur. İnkişaf etmiş ölkələrin bu sahədə yaxşı təcrübələri var. Lakin məsələyə şablon yanaşmaqdan– yəni hansısa bir ölkənin təcrübəsini olduğu kimi tətbiq etməkdən söhbət gedə bilməz. Hər bir ölkədə idarəçiliyin təşkilində yerli, milli və digər xüsusiyyətlər tam nəzərə alınmalıdır.
Son bir neçə ildə struktur islahatları sahəsində Azərbaycanda bir çox işlər görülüb. Bəzi nazirlik və komitələrin, dövlət şirkətlərinin ləğvi, bir sıra hallarda onlardan bəzilərinin funksiyalarının digər müvafiq qurumlara verilməsi, vətəndaşlara xidmət göstərilməsini tam sadələşdirmək və bu işdə bütün neqativləri aradan qaldırmaq məqsədilə bir çox xidmət sahələrinin ASAN xidmətə ötürülməsi, əhaliyə pullu xidmət göstərən bəzi qurumların publik hüquqi şəxslərə çevrilməsi, müasir iqtisadi şəraitin tələblərinə cavab verən bir sıra yeni qurumların yaranması kimi tədbirlər bu sıradandır. 
İdarəetmədə struktur islahatları 2018- ci ildə də davam etdirildi. Yola saldığımız il dövlət başçısının ölkə iqtisadiyyatı üçün mühüm olan bir sıra sərəncamları ilə yadda qaldı. Bunlardan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilərək iki dövlət agentliyinin yaradılmasını, idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin ləğv olunaraq, yerində iki çevik dövlət qurumunun təsis olunmasını qeyd etmək olar. Artıq Mədəniyyət və Turizm Nazirliyi əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılmışdır.
Birinci sərəncam istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı oldu. Məhz bu sərəncam əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edildi. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradıldı. Həmçinin, Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi təsis edildi. Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətləri isə bu qurumlar arasında bölüşdürüldü. 
Nəhayət, bundan sonra bir sıra idxal-ixrac əməliyyatlarına Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyi ilə birgə nəzarət etməsi barədə qərar verildi. Ötən il qəbul edilmiş hər üç sərəncam struktur islahatlarının ölkəmizdə aparılan iqtisadi islahatların və siyasi islahatların tərkib hissəsi kimi davamlı olduğunu bir daha göstərdi. Biz bu islahatların nə qədər ardıcıl və ciddi olduğunu yenicə başlanan 2019- cu ilin birinci ayının birinci yarısından yenidən görməyə başladıq.
Cari il yanvar ayının 1-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı bu məsələyə dövlətin nə qədər ciddi münasibət bəslədiyini aydın şəkildə ifadə etdi və köhnəlmiş idarəetmə strukturunun yeni, daha çevik və daha səmərəli bir strukturla əvəz ediləcəyinin anonsunu verdi. ­Prezidentin həmin toplantıda bu məsələ ilə bağlı səsləndirdiyi fikirlərə bir daha nəzər salaq: “Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır-- daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir-- idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.
Dövlət başçısının bu açıqlamadan 3 gün sonra imzaladığı fərman və sərəncamlar bu tələbin nə qədər ciddi və təxirəsalınmaz olduğunu göstərdi. İlk öncə Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına dair fərman imzaladı. Həmin sənədə əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha da təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan daha səmərəli istifadə yolu ilə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədilə Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” ASC yaradıldı. 
Azərbaycan bu gün tək Cənubi Qafqazın deyil, regionun ən nüfuzlu ölkələrindən birinə çevrilib. Ancaq bununla yanaşı, onun Dağlıq Qarabağ kimi ağrılı bir problemi də var. Bu münaqişənin ağırlığı tələb edir ki, biz torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin təcavüzdən müdafiə edilməsi məqsədilə bir dövlət olaraq bütün mümkün addımları ataq. Bunlardan biri də yerli istehsal hesabına öz silah-sursat ehtiyatımızın formalaşdırılmasıdır. Biz bu addımı atmaqla, ən müasir silahların istehsalını özümüzdə təşkil etməklə, eyni zamanda, düşmənə üstün imkanlarımızı və gücümüzü göstəririk. 
Silah istehsal edən ölkənin digər ölkələrdən üstünlüyü odur ki, o heç vaxt öz ordusunu silah- sursatla təchiz etməkdə başqasından asılı durumda qalmır. Digər tərəfdən, bu, silahların istehsalının yüksək səviyyədə təşkil edilməsi, hərbi məhsulların dünya silah bazarına çıxarılması deməkdir. Beləliklə, Azərbaycan neftlə bağlı olmayan və ölkəyə valyuta gəlirləri gətirən daha bir mənbə əldə etmiş olur. Niyə də olmasın. Azərbaycanın buna həm haqqı çatır və həm də onun bu işi ən yüksək səviyyədə təşkil edə bilmək üçün maliyyə imkanları başqa ölkələrdən daha böyükdür. Müdafiə Sənayesi Nazirliyinin “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi də bu baxımdan tam məntiqidir. Bu işlə Səhmdar Cəmiyyətin məğul olması daha düzgündür. Çünki, ortada həm də silah satışı məsələsi var. Nazirlik kimi fəaliyyət göstərən bir qurumun bu işlə məşğul olması bir qədər uyğun görünmür. Bu addım atılarkən başqa ölkələrin anoloji təcrübəsinin də öyrənildiyi şübhəsizdir.
Dövlət başçısının Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı başqa bir fərmanla Prezident yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətlərinin özünümaliyyələşdirmə prinsipi əsasında yenidən təşkil edilməsi; Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, Prezident yanında Bilik Fondunun və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin ləğv edilməsi; Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun, habelə Azərbaycan Respublikasının Tarif Şurasının Katibliyinin ləğv edilməsi və onların fəaliyyətinin ictimai əsaslarla yenidən təşkil olunması təsdiqləndi.
“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanla isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradıldı. Yeni agentlik baytarlıq və fitosanitar xidmətlərinin təşkilini və idarə edilməsini, keyfiyyətə nəzarəti həyata keçirəcək, bu sahədə dövlət aqrar inkişaf mərkəzlərinin fəaliyyətini əlaqələndirəcək, kənd təsərrüfatı texnikasının qeydiyyatını, nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə həyata keçirəcək, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri və toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkilinə və göstərilməsinə nəzarət edəcəkdir.
Göründüyü kimi, ölkəmizdə aparılan struktur islahatları əsaslıdır, səmərəlidir, davamlıdır və bundan sonra da davam etdirilməsinə ehtiyac duyulur.

 

Fikrət YUSİFOV,
iqtisad üzrə elmlər doktoru, professor

17 2019 21:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin