Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya iqtisadiyyatında artım azalıb

Almaniya iqtisadiyyatında artım azalıb

Almaniyanın Milli Statistika İdarəsinin açıqladığı məlumatda deyilir ki, ötən 2018-ci ildə ölkə iqtisadiyyatında artım son illərə nisbətən nəzərəçarpan dərəcədə azalıb. Belə ki, ötən il bu rəqəm cəmi 1,5 faiz olub. Statistikaya görə, bu, son beş ilin ən yavaş artımıdır. 
“Amerikanın səsi”nin yazdığına görə, bu göstərici Avropanın ən böyük iqtisadiyyatındakı təchizatçıların ticarət gərginliklərinin təsirinə məruz qaldığını göstərir. Bildirilir ki, ötən il iqtisadiyyata ən çox daxili tələb təkan verib. Belə ki, həm məişət istehlakı, həm də dövlət xərcləri artıb. Yavaşlayan qlobal iqtisadiyyat nəticəsində Almaniyanın ixracatı azalıb. Buna daha çox Almaniyanın avtomobil sektoruna ziyan vuran ABŞ-ın ticarət sahəsindəki proteksionizm siyasəti kimi böhranlar səbəb olub. Bundan əlavə Böyük Britaniyanın mart ayında heç bir razılıq olmadan Avropa İttifaqını tərk etməsi də Almaniya iqtisadiyyatı üçün risk yaradıb.
O da qeyd olunur ki, üçüncü rübdə artımın azalmasının ardından, dördüncü rübdə müşahidə olunan artım Almaniyanın tənəzzülə uğramasının qarşısını alıb. Bəzi təhlilçilərin fikrinə görə isə bunlar hamısı Almaniya iqtisadiyyatındakı artımın pik nöqtəsinə çatdığına işarədir.
Almaniya iqtisadiyyatındakı geriləmə digər Avropa ölkəllərinə də təsirini göstərib. Birləşmiş Krallığın İqtisadiyat və Biznes Araşdırmaları Mərkəzinin baş iqtisadi müşaviri Viki Prays deyib ki, Almaniya iqtisadiyyatının sadəcə 1,5 faiz artması bütün Avropaya, hətta Birləşmiş Krallığa mənfi təsir edib, çünki Britaniya ixracatının böyük hissəsi Avropaya, xüsusilə də Almaniyaya gedir. 
 Mütəxəssislər hesab edirlər ki, Avropa ölkələrində müşahidə olunan oxşar aşağı göstəricilər də, Avropa Mərkəzi Bankının yaxın gələcəkdə faiz dərəcələrini dəyişməsini çətinləşdirəcək.
İqtisadi geriləmə Almaniya əhalisinin həyat şəraitində də özünü göstərib. Mühnendə hava limanının təhlükəsizlik işçiləri artıq ikinci həftədir daha yaxşı maaş və iş şəraiti tələbi ilə tətil edirlər. 

Aida AYSA,
“Xalq qəzeti”

17 2019 20:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin