Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dahi dirijor Niyazinin Mənzil Muzeyində maestronun layiqli davamçısı Əyyub Quliyevlə görüş

Dahi dirijor Niyazinin Mənzil Muzeyində maestronun layiqli davamçısı Əyyub Quliyevlə görüş

Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı  Niyazinin Mənzil Muzeyində musiqisevərlərin növbəti görüşü dahi maestronun layiqli davamçısı, Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevlə olmuşdur.

Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, şöbə müdiri Xanımbacı Abdinova çıxış edərək Əyyub Quliyevin yaradıcılıq yolu və sənət uğurlarından söhbət açaraq bildirmişlər ki, Azərbaycanın dahi bəstəkar-dirijoru maestro Niyazinin ümumbəşəri şöhrət estafetini ləyaqətlə davam etdirən gənc musiqiçi Əyyub Quliyev ustad tarzən, Sadıqcan məktəbinin görkəmli davamçısı Xalq artisti, Dövlət mükafatı laureatı Ramiz Quliyevin ailəsində dünyaya göz açmış, ilk sənət dərslərini də atasından almışdır. Əyyub Quliyevin istedadının sorağı uşaqlıq illərindən geniş auditoriyalara yayılmışdır. Onun parlaq gələcəyini o zaman görüb-dəyərləndirən ulu öndər Heydər Əliyevin yüksək diqqət və qayğısı yeniyetmə soydaşımızı böyük sənət yoluna pərvazlandırmışdır. 
 

15 yaşında Bakı Musiqi Akademiyasının xor dirijorluğu fakültəsinə qəbul olunan Əyyub Quliyev buranı əla qiymətlərlə bitirdikdən sonra Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə professor A.İ. Polişukun və Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində professor Mark Stringerin sinflərində təhsilini davam etdirmişdir. Bir sıra beynəlxalq müsabiqələrin qalibi olmuş həmyerlimizin qeyri-adi istedadı dünyanın məşhur sənət ocaqlarının və görkəmli musiqiçilərinin diqqətini cəlb etmişdir. Əyyub Quliyev 2013-cü ildə 29 yaşında Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunmuşdur.

 

Daha sonra qeyd edilmişdir ki, gənc dirijor dünyanın bir çox ölkələrində çoxsaylı qastrol səfərlərində olmuş, Azərbaycan simfonik musiqi sənətini ləyaqətlə təmsil etmişdir. Əyyub Quliyev çox gənc yaşlarından bir sıra hökumət mükafatlarına layiq görülmüş, son 4 ildə dalbadal Prezident mükafatçısı olmuş, 2017-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı verilmişdir. Son illərdə Azərbaycan musiqi mədəniyyətini dünyanın nüfuzlu auditoriyalarında yüksək səviyyədə təmsil etdiyinə görə yeni ilin ilk günlərində soydaşımıza Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin “Əbədi lider” qızıl döş nişanı təqdim olunmuşdur. Gənc və istedadlı dirijor həm də pedaqoji fəaliyyətlə məşğul olur. Hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xor dirijorluğu” kafedrasının dosentidir.

Görüşdə keçdiyi ömür yolundan, yaradıcılıq planlarından danışan Əyyub Quliyev musiqi sənətinə olan sevgisində atası, məşhur tarzən Ramiz Quliyevin önəmli rol oynadığını söyləmiş, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin göstərdikləri müstəsna qayğının onun sənət uğurları üçün mötəbər yol açdığını minnətdarlıqla vurğulamışdır. Tanınmış dirijor qeyd etmişdir ki, sənətinə Vətənində yüksək qiymət verilməsi onu dünya miqyasında daha geniş və inamlı fəaliyyətə həvəsləndirirTədbirdə Əyyub Quliyevin dirijorluq etdiyi konsertlərdən videoyazılar nümayiş olunmuş, Opera və Balet Teatrının solisti Taleh Yahyayev, Nina Makarova və başqalarının ifalarında maraqlı kamera konserti təqdim edilmişdir.

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

 

 

 

 

17 2019 18:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin