Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Bir sözüm var, olarmı ki, təklikdə deyim…"

Rayon icra hakimiyyətinin başçısı hiss etmişdi ki, son vaxtlar kənd və qəsəbələrdə keçirdiyi səyyar qəbul-görüşlərdə çıxış edənlərin, hər hansı bir məsələ ilə bağlı fikir söyləyənlərin, şəxsi problemlərini dilə gətirənlərin sayı getdikcə azalır. Hətta bəziləri ehtiyatla yan-yörələrinə, qonum-qonşularına baxıb «olarmı ki, sözümü təklikdə deyim?» söyləməsi də onu düşünməyə məcbur etmişdi. Deməli, bir çoxu öz dərd-sərini, ürəyindən keçənləri hamının yanında danışmağı sevmir, bəlkə də utanır, çəkinir...

 Bu vəziyyəti görən rayon rəhbəri icra aparatının müvafiq şöbələrinə, kənd icra nümayəndəliklərinə tapşırıqlar verdi: hər həftə keçirilən səyyar qəbul-görüşlər fərdi qaydada aparılacaq. Yəni vətəndaş icra hakimiyyətinin başçısı tərəfindən ayrılıqda qəbul ediləcək. Qoy nə dərdi-səri var, danışsın. Nə qonşusu biləcək, nə də qohum əqrəbası.

Beləcə bu il yanvarın 9-dan başlayaraq kənd və qəsəbələrdə keçirilən səyyar qəbullar həm də fərdi qaydada aparılmağa başladı. İlk belə bir qəbul rayonin İrmaşlı kəndində keçirildi.Bütövlükdı 17 nəfər fərdi qaydada qəbul edildi. Heç bilirsiniz nə qədər faydalı söhbətlər oldu?! Adamlar hətta öz ailədaxili problemlərini, bi sıra məişət məsələlərini çəkinmədən rayon rəhbərinə söyləyə bildilər.İcra hakimiyyətinin başçısı da orada iştirak edən müvafiq qurumların rəhbərlərinə göstərişlər verdi, bir çox məsələləri şəxsi nəzarətinə aldı.Bəzisi elə yerindəcə həll olundu. Maraqlıdır ki, şəxsi xahişlər, problemlərlə yanaşı, kəndin də problemləri dilə gətirildi, təkliflər irəli sürüldü..

Bir həftə sonra, yanvarın 16-da ikinci belə bir qəbul Mehrili kəndinin sakinləri ilə keçirildi.Əvvəlcədən rayon icra hakimiyyətinin rəsmi Facebook səhifəsində bu qəbulun vaxtı barədə elan verildiyindən  görüşə xeyli adam gəlmişdi. Ağsaqqallar, ayrı-ayrı kənd sakinləri belə bir iş üsulunu bəyənir, icra hakimiyyətinin başçısına minnətdarlıq edirdilər. Alimpaşa Məmmədov isə hamıya « bütün bunlar cənab Prezidentimiz İlham Əıliyevin tapşırıqları əsasında keçirilir. Ölkə rəhbəri hər bir vətəndaşın qayğısına qalmağı bir nömrəli vəzifə kimi qarşımıza qoyub» deyirdi

…Mehrilidə icra hakimiyyəti başçısı tərəfindən 15 nəfər qəbul edildi, onlar diqqətlə dinlənildi.

Kənd sakinlərindən Sabir Əliyev işıq dirəklərinin dəyişdirilməsi, Zakir Namazov internet probleminin aradan qaldırılması, Teymur Babayev isə baramaçılıqla məşğul olmaq üçün dəstək göstərilməsini xahiş etdi. Digər vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər bir sıra sosial problemlər, mübahisəli torpaq məsələlərlə bağlı  oldu.         
Qəbula yalnız ölkə Prezidentinə təşəkkür etmək üçün yazılanlar da vardı. Məsələn, kənd ağsaqqalı Vahid Əsgərov Şəmkirdə yaradılan gözəl şəraitdən danışdı, təşəkkürünü bildirdi: «Allah Prezidentimizə can sağlığı versin, biz hər zaman Ali Baş Komandanımızın yanındayıq və onu dəstəkləyəcəyik. Şəmkirimizdə, Mehirlidə çox gözəl şərait yaradılıb. İşığımız, qazımız, suyumuz daimidir. Yollarımız yaxşı vəziyyətdədir. Kənd gənclərinin əksəriyyəti yaxınlıqda yerləşən “Az Forel” Balıqçılıq təsərrüfatında işlə təmin olunub.»

Fərdi qəbul zamanı bır sıra məsələlər yerindəcə həllini tapdı. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürüldü.

Şəmkir Rayon İcra Hakimiyyəti rəhbərliyinin vətəndaşlarla apardığı bu iş üsulu olduqca təqdirəlayiqdir. Təcrübə göstərir ki, belə bir yanaşma həm bir sıra mühüm problemlərin həll olunmasına şərait yaradır, həm də dövlətə və dövlətçiliyə olan inam hissini bir qədər də gücləndirir. Vətəndaş görür ki, onun arxasında dövləti, Prezidenti dayanır və təbii ki, bu, onu hədsiz ruhlandırır.

Hamlet QASIMOV,
"
Xalq qəzeti"nin bölgə müxbiri

        

17 2019 17:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin