Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq rəssamı Arif Əzizin və tələbələrinin sərgisi açılıb

Xalq rəssamı Arif Əzizin və tələbələrinin sərgisi açılıb

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzində Xalq rəssamı, “Şöhrət” ordenli Arif Əzizin və tələbələrinin “Maestro & Artists” adlı sərgisinin açılış mərasimi keçirilmişdir. Mərasimdə rəsmilər, çoxsaylı mədəniyyət, incəsənət xadimləri, sənətsevərlər iştirak edirdi.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova Arif Əzizin pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, Arif Əziz 1971-ci ildən bu günədək Mədəniyyət və İncəsənət Universitetində çalışır. Onun 48 il ərzində yüzlərlə rəssam, dizayner, qrafik, xalçaçının yetişməsində böyük əməyi var. Bu sərgidə də öz tələbələrini ətrafına toplayıb. Vurğulandı ki, rəssamın fərdi üslubu, daim yaradıcılıq transformasiyalarına və bədii eksperimentlərə meyilliliyi, zamanın və məkanın təsirindən səmərəli istifadəsi, ən əsası, sonsuz dinamikası, çevikliyi və müasirliyi mütləq tərzdə onun sənətinin aktuallığını müəyyən edir.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xalq rəssamının həyat və fəaliyyətindən danışdı, müasir Azərbaycan incəsənətində Arif Əzizin xüsusi yerə malik olduğunu dedi.

Vaqif Əliyev Arif Əzizi 75 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzu etdi.

Millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov sənətkarı təbrik edərək onun Azərbaycan rəssamlığına verdiyi töhfələri yüksək dəyərləndirdi. Qeyd etdi ki, Arif Əziz öz həyatını müqəddəs sənətə həsr edib, pedaqoji fəaliyyəti ilə yüzlərlə tələbə yetişdirib.

Xalq rəssamı Səlhab Məmmədov, “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov çıxış edərək Arif Əzizin yaradıcılıq yoluna nəzər saldılar. Rəssama “Dədə Qorqud” Fondunun xatirə medalı təqdim edildi.

Çıxışlardan sonra mərasim iştirakçıları qrup sərgisindəki əsərlərlə yaxından tanış oldular.

Qeyd edək ki, “Maestro & Artists” sərgisində Arif Əzizin və onun təxminən yarım əsr ərzində yetişdirdiyi rəssamların – 100-ə yaxın tələbəsinin əsərləri nümayiş olunur. Sərgi yanvarın 18-dək davam edəcək.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

17 2019 13:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin