• USD: 1.7000
  • EUR: 1.9340
  • RUB: 0.0258
  • TRY: 0.3157
  • Bakı + 11.3 ° C / 81%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Konvensiya regionun inkişaf və tərəqqisinə təkan verəcək

Konvensiya regionun inkişaf və tərəqqisinə təkan verəcək

Qazaxıstanın Aktau şəhərində Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanması, fikrimcə, region dövlətlərinin ictimai-siyasi həyatında son illər baş verən ən mühüm hadisələrdən biridir. Tamamilə əminəm ki, bu tarixi sənəd bölgədə inkişaf və tərəqqiyə yeni impuls, təkan verəcək. 
Mən neft sənayesi üçün yüksək peşəkar kadrlar hazırlamaq sahəsində təkcə ölkəmizdə deyil, bütün dünyada böyük nüfuzu olan Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrə kimya fənninin sirlərini öyrədirəm. Yeri gəlmişkən, bu günlərdə onlar məndən tez-tez sözügedən sənədin əhəmiyyəti barədə fikrimi soruşurlar. Təbii ki, bu suallara böyük həvəslə cavab verirəm. 
Cavablarımda qeyd edirəm ki, Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyevin Aktau şəhərində Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri ilə birlikdə imzaladığı konvensiya Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarından səmərəli şəkildə geniş istifadə etməyə imkan yaradacaq. Böyük ehtimalla regiona güclü sərmayə axını baş verəcək, ən yeni, müasir texnologiyalar tətbiq ediləcək. 
Bu, o deməkdir ki, Xəzərin enerji, eləcə də tranzit imkanlarından istifadə üzrə yeni iri layihələr icra olunacaq. Bu, həm də o deməkdir ki, yeni açılan şirkətlərdə çox sayda istedadlı, bilikli mühəndislər işləyəcək. Nə gizlədim, iş yerləri ilə bağlı sözlərim, tələbələrdə xüsusilə dərin maraq oyadır. 
Təbii ki, tələbələrə məsləhət görürəm ki, öz ixtisasları üzrə ən modern bilikləri dərindən əxz etsinlər. Axı, onların bilik və bacarıqları həm özlərinə, həm də dövlətimizə böyük fayda verə bilər. 
Azərbaycan xalqı dənizin təkindən neftin, təbii qazın hasilatı və istismarı sahəsində zəngin təcrübəyə malikdir. Bizim ölkədə uzun illər ərzində bu sahədə yüksək infrastruktur da yaradılıb. Əlbəttə, biz öz təcrübəmizi qonşularımızla səxavətlə paylaşacağıq. Bir daha vurğulamaq istəyirəm ki, Xəzərin enerji ehtiyatlarından ədalətlə, qarşılıqlı faydalı əməkdaşlıq şəraitində istifadə olunması bütün bölgə xalqlarına inkişaf və rifah gətirəcək. 
Biz daim ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın neft strategiyasının necə dahiyanə, böyük uzaqgörənliklə işləyib hazırladığını dərin qədirbilənliklə xatırlamağa borcluyuq. Dahi siyasətçi mümkün olan hər şeyi edirdi ki, ölkəmizin Avropa, bütün dünya ölkələri ilə iqtisadi əlaqələri güclənsin. Nə yaxşı ki, Azərbaycanın parlaq gələcəyinə xidmət edən bu müdrik siyasət bu gün ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Azərbaycan dövlətinin, xalqımızın bütün sahələrdə bundan sonra da böyük qələbələr, yeni zəfərlər qazanacağına ümidlər bəsləyirəm. 
Günel ƏMƏNULLAYEVA,
 Azərbaycan Dövlət Neft Akademiyasının müəllimi, kimya üzrə fəlsəfə doktoru 

17 2018 23:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin