Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib YENİLƏNİB

Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və zavodun direktoru Xəyal Cəfərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdilər.

Qeyd edək ki, karbamid zavodunun layihəsi Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilib. Təməli 2011-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi ilə əlaqədar elan olunan beynəlxalq açıq tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə texnoloji avadanlığı müvafiq olaraq Danimarka və Hollandiya şirkətləri tərəfindən təmin edilib. Həmçinin layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb. Tikintinin pik vaxtında zavodun inşasına, ümumilikdə, 3600 nəfərdən artıq işçi cəlb olunub. İnşaat zamanı təhlükəsizlik tələblərinə maksimum dərəcədə riayət edilib, iş həcmi qəzasız şəraitdə yerinə yetirilib.

Məlumat verildi ki, “SOCAR karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək. Bu zavodun işə düşməsi Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Belə ki, karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsuldan digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur.

16 2019 15:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə