Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fidan Əliyevanın “Həyat şəfqəti” adlı fərdi sərgisi açılıb

Fidan Əliyevanın “Həyat şəfqəti” adlı fərdi sərgisi açılıb

Bakının yeni cəlbedici məkanlarından olan “Ağ şəhər” Rəsm Qalereyasında gənc rəssam Fidan Əliyevanın rəngkarlıq əsərlərindən ibarət “Həyat şəfqəti” adlı fərdi sərginin açılış mərasimində çıxış edən Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov rəssamın yaradıcılıq axtarışlarından söhbət açıb. Bildirib ki, gənc olmasına baxmayaraq, məzmunlu rəsm əsərləri ilə diqqət çəkən Fidan Əliyevanın bu fərdi sərgisi həm də onun sənətsevərlərə növbəti yaradıcılıq hesabatıdır.

Məlumat üçün  bildirək ki, Fidan Əliyevanın yaradıcılıq karyerasında bir neçə sərgi var. 2016-cı ildə Muzey Mərkəzində rəssamın “Günəşə doğru” adlı ilk fərdi sərgisi açılıb. 2017-ci ildə növbəti sərgi xaricdə - Tbilisidə reallaşıb. Bir ildən sonra Fidan Əliyevanın ilk əsəri Luvrda Azərbaycan rəssamlarının vernisajında nümayiş etdirilib. Həmin il Fidan həm də Bakıda “White Studio Gallery” və “Art Tover” qalereyalarında gerçəkləşən iki qrup sərgisində iştirak edib.

Gənc rəssamın yaradıcılığından danışan müəllimi, Xalq rəssamı Sakit Məmmədov qeyd edib ki, sərgilənən əsərlərdə daim axtarışda olan, fərqli yaradıcılıq üslubuna malik rəssamın dəst-xətti aydın görünür.

Tədbirdə Əməkdar rəssam Rəşad Mehdiyev, rəssamlar Turan Muxtarzadə və Cəmilə Həşımova gənc fırça ustasının sənət dünyasından söz açaraq, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sərginin təşkilatçılarına və açılış mərasiminin iştirakçılarına minnətdarlığını bildirən Fidan Əliyeva yaradıcılıq axtarışlarını davam etdirəcəyini, sənətsevərlərin qarşısına yeni əsərlərlə çıxacağını söyləyib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar. Böyük maraqla qarşılanan sərgi yanvarın 21-dək davam edəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 2019 11:19 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə