Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə qərara alıram: 
1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilsin. 
2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün aşağıdakı tərkibdə Komissiya yaradılsın:
 
Komissiyanın sədri
 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
 
Komissiya sədrinin müavini
 
Azərbaycan Respublikasının mədəniyyət naziri
 
Komissiyanın üzvləri
 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi.
3. Bu Fərmanın 2-ci hissəsinə əsasən yaradılan Komissiya (bundan sonra – Komissiya) beynəlxalq təcrübəni nəzərə almaqla, aşağıdakılarla bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
3.1. informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması;
3.2. dövlət mülkiyyətində olan muzeylərin inventarizasiyasını apararaq, onların fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili;
3.3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin inventarizasiyasını aparmaqla, onların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati-ərazi vahidləri üzrə daha kompakt təşkili; 
3.4. mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının inventarizasiyasını aparmaqla, onların fəaliyyətinin təkmilləşdirilməsi, mövcud tələbat nəzərə alınmaqla, ölkənin inzibati ərazi vahidləri üzrə daha kompakt təşkili və xidmət səviyyəsinin yüksəldilməsi. 
4. Bu Fərmanın 3.1-ci bəndinə əsasən təqdim olunacaq təkliflər əsasında ölkədə yeni kitabxana sistemi formalaşanadək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki mövcud kitabxanalar öz fəaliyyətini davam etdirsinlər.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Komissiyada təmsil olunacaq nümayəndələri barədə təkliflərini on gün müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsinlər. 
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin ləğvinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbirlər  görsün.
7. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:
7.1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;  
7.2. bu Fərmana əsasən ləğv olunan qurumlarında işləyən işçilərin Nazirliyin tabeliyində olan digər qurumlarda müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 
 
 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 yanvar 2019-cu il
15 2019 21:58 - FƏRMANLAR
FƏRMANLAR
12 İyul 2020 | 01:34
“Polis haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Dövlət qulluğu haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Psixiatriya yardımı haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 110-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyul tarixli 540 nömrəli, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 574 nömrəli və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 19 iyul tarixli 88 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Köhnə versiyamızdan xəbərləri izlə