Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmiz daxili imkanları hesabına bütün sosial məsələləri uğurla həll edir

Ölkəmiz daxili imkanları hesabına bütün sosial məsələləri uğurla həll edir

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların strateji hədəfləri sırasında qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi ilə yanaşı, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması da əsas yer tutur. Bu, təsadüfi deyil. Çünki son illər respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində reallaşdırılan ardıcıl tədbirlər Azərbaycanın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə aparılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verib.
Son illər respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə şərait yaradan, bu sahədəki ənənəvi yanaşma və metodları təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm fərman və sərəncamların imzalanması da mühüm əhəmiyyətə malikdir.
Yuxarıda qeyd edilənlərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı danışılıb. Bildirilib ki, hesabat dövründə sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlət siyasətinin prioritetliyi təmin edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlərin vahid platforma və “bir pəncərə”dən, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və “DOST” mərkəzlərinin yaradılmasına başlanıb. Elektron xidmətlərin genişləndirilməsi məqsədilə möhtərəm Prezidentin 2018-ci il 5 sentyabr tarixli fərmanınızın icrası olaraq “e-sosial” internet portalı, “Məşğulluq” və mərkəzləşdirilmiş informasiya sistemləri yaradılıb.
Tezliklə istifadəyə veriləcək “Məşğulluq” sistemi işsiz və işaxtaran şəxslərin reyestrini, iş yerlərinin vakansiya bankını və məşğulluq xidmətlərinin elektronlaşmasını reallaşdıracaq. Bu sistem vasitəsilə hər bir şəxs arzuladığı vakansiyaya elektron müraciət edəcək, eyni zamanda, işəgötürənlərlə işçi qüvvəsi arasında səmərəli ünsiyyət qurulacaq. 
Bütün bunlarla bərabər, pensiya təyinatı üçün avtomatlaşdırılmış sistemin hazırlanması, şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı proqramının uğurla gerçəkləşdirilməsi, özünüməşğulluq proqramının ardıcıl genişləndirilməsi, “Sosial bağlar” layihəsi çərçivəsində ailələr üçün bağçılıq təsərrüfatlarının yaradılması və digər tədbirlər insanların rifahını yaxşılaşdıracaq. 
İqtisadiyyatda əldə olunan uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət göstərdiyini dəfələrlə vurğulayan dövlət başçısı İlham Əliyev sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətindən bəhs edərək bildirib ki, bütün işlərin təməlində və mərkəzində insan amili dayanır. Bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır.
Dövlətimizin başçısı İlham Əliyev mütəmadi olaraq görüşlərində vətəndaşları narahat edən problemlərə xüsusi diqqət yetirir, bəzi mənfi hallar barədə daha təsirli tədbirlər görülməsini tələb edir. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan vətəndaşları ölkə Prezidentinin yeritdiyi iqtisadi və sosial siyasəti ürəkdən bəyənir, insanlara qayğı göstərilməsi ilə bağlı dövlət məmurları qarşısında qoyduğu ciddi tələbləri tam dəstəkləyirlər.
Nazirlər Kabinetinin son ­iclasında qeyd edilən məsələyə toxunan Prezident İlham Əliyev deyib: “Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını tam əks etdirir, ona tam uyğundur. Məhz buna görə Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyir. Bu dəstək keçən il prezident seçkilərində bir daha özünü göstərdi. Azərbaycan xalqı mənə bir daha çox böyük etimad göstərmişdir. Bildiyiniz kimi, seçkilər ərəfəsində keçirilmiş rəy sorğuları, seçkilər günü keçirilmiş exit-pollar rəsmi nəticələrlə tam üst-üstə düşüb. Bu, bir daha onu göstərir ki, seçkilərin nəticələrində Azərbaycan xalqının iradəsi tam öz əksini tapıb. Bu, görülən işlərə verilən yüksək qiymətdir. Görülən işlər isə göz qabağındadır”.
Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən böyük quruculuq işləri vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların qayğı və problemlərinin həllinə, cəmiyyətdə mənfi halların kökünün kəsilməsinə, vətəndaşların gündəlik tələblərinin yerinə yetirilməsinə şərait yaradır. Eyni zamanda, dövlət orqanlarında və idarələrində vətəndaş müraciətlərinə daha diqqətlə yanaşılması, dövlət məmurlarının onlara qayğısının artırılması, hər bir vətəndaşın dövlətin və cəmiyyətin mövcud imkanlarından daha yaxşı bəhrələnməsi təmin edilir.

 

İlyas ƏSGƏROV, 
fəlsəfə üzrə fəlsəfə doktoru

15 2019 21:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Aprel 2019 | 22:11
And və əməl

Ən son xəbərləri səhifəmizdən də izləyin