Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həyata keçirilən struktur islahatları sosial-iqtisadi inkişafı daha da sürətləndirəcək

Həyata keçirilən struktur islahatları sosial-iqtisadi inkişafı daha da sürətləndirəcək

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dönəmlərdə idarəetmə fəaliyyətində islahatlar sistemli və ardıcıl xarakter daşıyıb. Respublikada həm yeni nazirliklər yaradılıb, ayrı-ayrı nazirliklərin təkrarlığı aradan qaldırılıb, birləşmə prosesi gedib, həm də bəziləri ləğv edilib. Bir sözlə, dövlət başçısı hər zaman çevik idarəetmə mexanizminə xüsusi diqqət yetirib.
Neftin ucuzlaşması və kəskin devalvasiyadan sonra isə ölkədə idarəetmənin daha çevik mexanizmlərinin təşkili ilə bağlı məsələ mühüm önəm daşıyıb, bu istiqamətdə işlərin daha sürətlə getməsinə təkan verib. İslahatlar fəaliyyət istiqamətləri oxşar olan dövlət qurumlarının konsolidasiyasının həyata keçirilməsinə, dövlət aparatının saxlanılması xərclərinin maksimum dərəcədə optimallaşdırılmasına, büdcə yükünün azaldılması istiqamətində tədbirlərin reallaşdırılmasına müsbət təsir göstərib. Bu, eyni zamanda, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması, sahibkarların fəaliyyətinə dolayısı və birbaşa mane olan, onlara qarşı əsassız tələblər irəli sürən dövlət qurumlarının ləğv edilməsi ilə nəticələnib.  
Bütün bunlar isə 2018-ci ildə respublikamızın dünyada ən çox islahat aparan ölkələrdən biri kimi elan olunmasına gətirib çıxarıb. Belə ki, təhlili real faktlara əsaslanan Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilib və ən çox islahat aparan ölkə kimi elan olunub. 
Yeri gəlmişkən, struktur islahatları “yaxşı idarəetmə” və “açıq hökumət” prinsiplərinə uyğun şəkildə dövlət idarəetməsinin dünya standartlarına əsasən həyata keçirilməsini təmin edir. Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatına görə, Azərbaycan 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Bu fakt Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səmərəli dövlət idarəetmə aparatı formalaşmasını göstərir.  
Ölkə rəhbəri nitqlərində idarəetmə sistemində xoşagəlməz halların aradan qaldırılması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçiriləcəyini dəfələrlə vurğulayıb, struktur islahatlarının mütəmadi davam etdirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıb.    
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da idarəetmə sahəsində islahatların davam etdirilməsi  zəruriliyinə  toxunub. Dövlətimizin başçısı bildirib: “İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.
Dövlət başçısının bu il yanvarın 14-də struktur islahatları istiqamətində mühüm qərarlar qəbul etməsi də yuxarıda qeyd olunan fikrin bariz ifadəsidir.
Xatırladaq ki, ölkə rəhbəri tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında müvafiq fərman imzalanmasında məqsəd Azərbaycanda dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir.
Sənədə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilir. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilir.
“Azərsilah” Açıq Səhmdar Cəmiyyəti (ASC) və Aqrar Xidmətlər Agentliyinin yaradılması da respublikada aparılan şaxələndirmə siyasətinə xidmət göstərməklə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalın əvəzlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, habelə ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsini təmin edəcək.
Yeri gəlmişkən, “Azərsilah” ASC Müdafiə Sənayesi Nazirliyinin əsasında, Aqrar Xidmətlər Agentliyi  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılır.
Bütün bu struktur islahatları, həm də dövlət aparatının yığcamlaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların isə yenidən təşkili nəticəsində büdcə vəsaitinə qənaət deməkdir.  
Dövlətimizin başçısı biznes mühitini təkmilləşdirmək, davamlı iqtisadi inkişafa nail olmaq, infrastrukturu və insan kapitalını inkişaf etdirmək, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərini gücləndirmək və struktur islahatları aparmaqla ölkənin tarazlı inkişafını sürətləndirir.  
Struktur islahatları kimi mühüm bir məsələyə xüsusi diqqət yetirən dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bu islahatların aparılmasına ciddi ehtiyac var. Bu səbəbdən də daha çevik, operativ idarəetmə mexanizminin yaradılması bundan sonra da davam etdiriləcək. Çünki hazırda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Belə halda isə struktur islahatlarının həyata keçirilməsi zəruridir. Bu cür şəraitdə şübhəsiz ki, daha səmərəli işləmək və iqtisadi inkişaf templərini daxili resurslar hesabına reallaşdırmaq mümkündür.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

15 2019 21:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Avqust 2019 | 17:46
ABŞ-da təyyarə qəzası

Köhnə versiyamızdan xəbərləri izlə