Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 7      Bakı şəhəri, 15 yanvar 2019-cu il

“Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli Qərarında dəyişiklik edilməsi barədə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 
1. “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 62; 2012, № 5, maddə 485, № 10, maddə 1006; 2013, № 10, maddə 1231; 2015, № 12, maddə 1560; 2016, № 4, maddə 821, № 10, maddə 1702, № 12, maddə 2239; 2017, № 4, maddələr 640, 668, № 8, maddə 1606, № 12 (II kitab), maddə 2537; 2018, № 5, maddə 1142; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 479 nömrəli Qərarı) 1-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər: 
3.1. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək tabeliyində olan ali təhsil müəssisələrinin nizamnamələrində dəyişikliklər edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;
3.2. bu Qərarın 3.1-ci bəndində nəzərdə tutulmuş dəyişikliklər qüvvəyə mindikdən sonra tabeliyində olan ali təhsil müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlər görmələrini təmin etsinlər;
3.3. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədə sonradan ediləcək dəyişikliklərdən irəli gələrək tabeliyində olan ali təhsil müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlər görmələrini təmin etsinlər.
4. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

 

Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin

NÜMUNƏVİ NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Nümunəvi Nizamnamə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək, habelə dövlət və bələdiyyə tərəfindən yaradılan (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) ali təhsil müəssisələrinin (bundan sonra – ali təhsil müəssisələri) fəaliyyətini tənzimləmək üçün onların nizamnamələrinin hazırlanması və dövlət qeydiyyatından keçirilməsi məqsədi ilə hazırlanmışdır.

1.2. Bu Nümunəvi Nizamnamə hər bir ali təhsil müəssisəsi (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.

1.3. Ali təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.

1.4. Dövlət tərəfindən, o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində ali təhsil müəssisəsini Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı yaradır.

1.5. Bələdiyyə tərəfindən ali təhsil müəssisəsini müvafiq bələdiyyə yaradır.

1.6. Ali təhsil müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında”, “Təhsil haqqında”, “Elm haqqında” qanunlarını və digər normativ hüquqi aktlarını, tabe olduğu dövlət orqanının (qurumunun) əmr və sərəncamlarını, yaxud bələdiyyənin qərarını və öz Nizamnaməsini rəhbər tutur.

1.7. Ali təhsil müəssisəsinin müstəqil balansı, istifadəsində olan dövlət və ya bələdiyyə əmlakı, bank hesabı, üzərində tabe olduğu dövlət orqanının (qurumunun) və ya bələdiyyənin adı, həmçinin öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.8. Ali təhsil müəssisəsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. Ali təhsil müəssisəsinin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

1.9. Dövlət ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində muxtariyyət hüququ (statusu) verilə bilər. Muxtariyyət hüququna malik ali təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstdir.

1.10. Ali təhsil müəssisəsi öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.11. Qanuna uyğun olaraq, ali təhsil müəssisəsinin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Ali təhsil müəssisəsi məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.12. Ali təhsil müəssisəsinin fəaliyyətinə lisenziya Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” və “Təhsil haqqında” qanunlarına uyğun olaraq verilir.

1.13. Ali təhsil müəssisəsi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, ali təhsil müəssisəsinin elmi qurumları isə “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilir.

1.14. Ali təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

1.15. Ali təhsil müəssisəsi öz fəaliyyəti barədə ictimaiyyəti “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məlumatlandırır.

1.16. Ali təhsil müəssisəsinin ali təhsil sahəsində beynəlxalq əlaqələri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

1.17. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ali təhsil müəssisəsinin növünü göstərən adı olur.

1.18. Ali təhsil müəssisəsinin nizamnaməsində onun yerləşdiyi ünvan göstərilir.

 

2. Ali təhsil müəssisəsinin fəaliyyətinin

məqsədi və istiqamətləri

 

2.1. Ali təhsil müəssisəsinin fəaliyyətinin məqsədi cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla, yüksəkixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını təmin etməkdir.

2.2. Ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

2.2.2. magistratura (rezidentura) təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

2.2.3. doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi və elmi-pedaqоji kadrların hazırlanması, iхtisas və elmi dərəcələrin yüksəldilməsi;

2.2.4. orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

2.2.5. elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması.

 

 

3. Ali təhsil müəssisəsinin vəzifələri və hüquqları

 

3.1. Ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, ali təhsil müəssisəsinin vəzifələri aşağıdakılardır:

3.1.1. ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

3.1.2. dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etmək;

3.1.3. hər bir təhsilalanın intellektual, mədəni və mənəvi inkişafı, təhsilalma tələblərini ödəmək;

3.1.4. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək və onun monitorinqini həyata keçirmək;

3.1.5. təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək;

3.1.6. ali təhsilin müvafiq səviyyələri üzrə yüksəkixtisaslı mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlanmasını həyata keçirmək;

3.1.7. profilinə uyğun olaraq, elmin müxtəlif sahələri və istiqamətləri üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparmaq və elmi-metodiki sənədlər hazırlamaq;

3.1.8. dövlət təhsil standartlarına və ayrı-ayrı pillələr və ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun tədris sənədlərini və tədris prosesinin təşkilinə aid digər sənədləri səlahiyyətləri çərçivəsində hazırlamaq;

3.1.9. elmi, ixtisaslaşdırılmış və dissertasiya şuralarının işini təşkil etmək və həyata keçirmək;

3.1.10. ali təhsil müəssisəsinin müvafiq sahədə beynəlxalq fəaliyyətini və xarici əlaqələrini təmin etmək;

3.1.11. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.12. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, iaşə xidmətini, tibbi və psixoloji xidməti təşkil etmək;

3.1.13. hər bir təhsilalanın, valideynin və ya digər qanuni nümayəndənin ali təhsil müəssisəsinin nizamnaməsi, lisenziyası və dövlət akkreditasiyası haqqında sənədlə tanış olmasına şərait yaratmaq;

3.1.14. ali təhsil müəssisəsinin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.15. müvafiq sahədə inzibati xəta və cinayət əlamətləri aşkar etdikdə, aidiyyəti üzrə məlumat vermək;

3.1.16. ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.17. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.18. ali təhsil müəssisəsinə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.19. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.20. ali təhsil müəssisəsinin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.21. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.22. maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görmək;

3.1.23. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.24. qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər vermək, müvafiq məsələlərə münasibət bildirmək;

3.1.25. Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunlarından irəli gələn, habelə ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün ali təhsil müəssisəsinin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq struktur bölmələrində tabe olduğu dövlət orqanının (qurumunun) və ya bələdiyyənin razılığı ilə orta ixtisas təhsili həyata keçirmək;

3.2.2. öz imkanları daxilində, nizamnaməsinə uyğun olaraq ali təhsilin müvafiq səviyyəsini bitirmək haqqında dövlət sənədi olan vətəndaşların əlavə təhsil almasını təşkil etmək; 

3.2.3. xarici dövlətlərin ali təhsil müəssisələri ilə bağlanılmış ikitərəfli və çoxtərəfli müqavilələrə uyğun olaraq, beynəlxalq təhsil proqramları həyata keçirmək;

3.2.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və öz nizamnaməsinə uyğun olaraq, ölkənin və xarici dövlətlərin ərazisində filiallar (dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla), idarə və nümayəndəliklər açmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək, habelə təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi ilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv olmaq;

3.2.5. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq, xarici ölkələrin ali təhsil müəssisələri, təşkilatları ilə, beynəlxalq qurumlarla və fondlarla əlaqələr yaratmaq, əməkdaşlıq haqqında müqavilələr bağlamaq və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirmək;

3.2.6. elmi əsərlər, dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq və nəşr etmək;

3.2.7. Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Publik hüquqi şəxslər haqqında” qanunları ilə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

3.2.8. təhsilalanlar və əməkdaşlar üçün idman, sağlamlıq, iaşə və məişət xidmətləri təşkil etmək və göstərmək;

3.2.9. fəxri professor (doktor) adı vermək;

3.2.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qrupları və komissiyalar yaratmaq;

3.2.11. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.12. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.13. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.14. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.15. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.16. Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunlarından irəli gələn, habelə ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

3.3. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsində təhsil bələdiyyə hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş şəxslərin dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində təhsil xərcləri müvafiq qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

3.4. Ali təhsil proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələbləri Azərbaycan Respublikasının Nazirlər Kabineti ali təhsil pilləsi üzrə təsdiq edilən dövlət təhsil standartı ilə müəyyənləşdirir.

3.5. Ali təhsil müəssisəsində tədris ali təhsil pilləsi üzrə təhsilin məzmununu və mənimsənilməsi qaydalarını müəyyən edən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi təhsil proqramları ilə həyata keçirilir.

3.6. Ali təhsil müəssisəsində təlim-tərbiyə prosesinin təşkili ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunlarına, həmçinin həmin qanunlardan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirilir.

 

4. Ali təhsil müəssisəsinin idarə olunması

 

4.1. Ali təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Elm haqqında”, “Publik hüquqi şəxslər haqqında” qanunlarına və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.

4.2. Ali təhsil müəssisəsinin təsisçisinin səlahiyyətləri aşağıdakılardır:

4.2.1. ali təhsil müəssisəsinin nizamnaməsinin və strukturunun təsdiqi;

4.2.2. ali təhsil müəssisəsinin nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

4.2.3. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;

4.2.4. icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

4.2.5. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

4.2.6. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanılmasına razılıq verilməsi;

4.2.7. ali təhsil müəssisəsinin yenidən təşkil və ləğv edilməsi.

4.3. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət tərəfindən, o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılan ali təhsil müəssisəsinin nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

4.4. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin nizamnaməsində dəyişikliklər həmin təhsil müəssisəsinin Elmi Şurasında müzakirə olunur və bu Nümunəvi Nizamnamənin 4.3-cü bəndi ilə müəyyən edilmiş qaydada təsdiq olunması üçün aidiyyəti üzrə təqdim edilir.

4.5. Bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin nizamnaməsini və ona dəyişiklikləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyini nəzərə almaqla, bələdiyyə təsdiq edir.

4.6. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinə münasibətdə təsisçinin səlahiyyətlərini (nizamnamənin təsdiqi, həmçinin bu Nümunəvi Nizamnamənin 4.2.2-ci, 4.2.4-cü və 4.2.7-ci yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər istisna olmaqla) tabe olduğu dövlət orqanı (qurumu) həyata keçirir.

4.7. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq əsasnamə və ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.

4.8. Bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.

4.9. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır. Himayəçilər Şurasının tərkibini azı 3 nəfər olmaqla, ali təhsil müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) təsdiq edir. Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə və ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

4.10. Ali təhsil müəssisəsinin idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək məqsədi ilə təhsil müəssisəsində digər idarə və özünüidarə orqanları (elmi-metodiki, təhsilalanlar, qəyyumlar şuraları) yaradıla bilər. Həmin qurumların yaradılması qaydaları və səlahiyyətləri ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir.

4.11. Ali təhsil müəssisəsinin cari fəaliyyətinə rektor rəhbərlik edir.

4.12. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu bələdiyyə vəzifəyə təyin və ya vəzifədən azad edir. Rektor ali təhsil müəssisəsinin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, ali təhsil müəssisəsinin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur. Rektor bu vəzifələrin ali təhsil müəssisəsinin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. O, öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində ali təhsil müəssisəsinə dəymiş zərərin əvəzini ödəməlidir.

4.13. Rektorun fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə və ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

4.14. Rektor:

4.14.1. ali təhsil müəssisəsinin cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır;

4.14.2. ali təhsil müəssisəsini dövlət orqanları və təşkilatları ilə, digər yerli və beynəlxalq qurumlarla münasibətlərdə təmsil edir;

4.14.3. ali təhsil müəssisəsinin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.14.4. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün tabe olduğu dövlət orqanına (qurumuna) və ya bələdiyyəyə təkliflər verir və sənədlər (o cümlədən, ali təhsil müəssisəsinin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir;

4.14.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlini, bələdiyyə tərəfindən yaradılmış ali təhsil müəssisəsində isə xərclər smetasını ali təhsil müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə ilə razılaşdırmaqla, həmçinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq edir;

4.14.6. ali təhsil müəssisəsinin işçilərinin (prorektor və daxili audit bölməsinin əməkdaşları istisna olmaqla), onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların rəhbərlərinin tabe olduğu dövlət orqanı (qurumu) ilə və ya bələdiyyə ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edilməsinə, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir;

4.14.7. ali təhsil müəssisəsinin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.14.8. Elmi Şuranın qərarlarını təsdiq edir, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirir;

4.14.9. ali təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanun-vericiliyə zidd olan qərarlarını ləğv edir;

 

4.14.10. Elmi Şura qarşısında elm və tədris məsələlərinə dair, Himayəçilər Şurası qarşısında ali təhsil müəssisəsinin cari fəaliyyətinə dair hesabatlar verir;

4.14.11. ali təhsil müəssisəsinin işçilərinə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.14.12. ali təhsil müəssisəsinin əmlakından bu Nümunəvi Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir, bu Nümunəvi Nizamnamənin 3.1.18-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.14.13. bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində ali təhsil müəssisəsinin adından əməliyyatlar aparır, müqavilələr (o cümlədən, təsisçinin razılığı ilə ali təhsil müəssisəsinin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqd (xüsusi əhəmiyyətli əqd) və aidiyyəti şəxslə dəyəri ali təhsil müəssisəsinin aktivlərinin 5 faizini və daha çox, həmçinin 5 faizədək hissəsini təşkil edən əqd) bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.14.14. fəaliyyət istiqamətləri ilə bağlı komissiyalar və işçi qrupları yaradır;

4.14.15. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.14.16. kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.14.17. müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;

4.14.18. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

4.14.19. ali təhsil müəssisəsinin cari fəaliyyəti ilə bağlı, habelə digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələləri həll edir.

4.15. Prorektorları, ali təhsil müəssisəsinin təqdimatı əsasında tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə təyin edir. Rektor olmadıqda, ali təhsil müəssisəsinin fəaliyyətinə rəhbərliyi tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə tərəfindən müəyyən edilən prorektor həyata keçirir.

4.16. Ali təhsil müəssisəsi təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər.

4.17. Ali təhsil müəssisəsinin strukturunda onun profilinə uyğun istehsal, klinik, elmi tədqiqat, yaradıcılıq müəssisəsi və təşkilatları yaradıla bilər.

4.18. Ali təhsil müəssisəsində elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər), mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur. Professor-müəllim heyəti, dekan və kafedra müdiri vəzifələrinin tutulması seçki, digərləri isə təyinolunma yolu ilə həyata keçirilir və hər bir halda ali təhsil müəssisəsinin rektorunun (prorektor istisna olmaqla) əmri ilə rəsmiləşdirilir.

4.19. Təhsilalanların, təhsilverənlərin, ali təhsil müəssisəsinin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat və digər heyətinin hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunları, ali təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları ilə, eləcə də ali təhsil müəssisəsi ilə əmək münasibətləri olan şəxslərə münasibətdə eyni zamanda əmək müqavilələri ilə tənzimlənir.

 

5. Ali təhsil müəssisəsinin nizamnamə fondu, əmlakı və

maliyyə fəaliyyətinin əsasları

 

5.1. Ali təhsil müəssisəsinin nizamnamə fondu _______ (____) manatdır.

5.2. Ali təhsil müəssisəsinin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən və ya yerli büdcələrdən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və öz nizamnaməsi ilə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitdən formalaşdırılır.

5.3. Ali təhsil müəssisəsinin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətləri “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

5.4. Ali təhsil müəssisəsi ona verilmiş əmlakdan yalnız nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Ali təhsil müəssisəsinin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.

5.5. Bu Nümunəvi Nizamnamənin 5.3-cü bəndi nəzərə alınmaqla, ali təhsil müəssisəsi əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə ilə razılaşdırmaqla həyata keçirir.

5.6. Ali təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Ali təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə, yaxud onların səlahiyyət verdiyi şəxs həyata keçirir.

5.7. Ali təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun olmalıdır.

5.8. Ali təhsil müəssisəsi Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunlarında nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir. Bu mənbələrdən, həmçinin sahibkarlıq fəaliyyətindən əldə olunan vəsait və digər əmlak dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitin məbləğinə təsir göstərmir.

5.9. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun maliyyələşdirilir.

5.10. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsi bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

5.11. Ali təhsil müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün ali təhsil müəssisəsi tabe olduğu dövlət orqanının (qurumunun) və ya bələdiyyənin razılığı ilə təsərrüfat cəmiyyətləri yaradır və ya onlarda iştirak edır.

5.12. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.

5.13. Ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldilir.

5.14. İcra hakimiyyəti orqanının tabeliyində olan ali təhsil müəssisəsi büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitdən istifadə qaydasına uyğun olaraq xərcləyir. Dövlətin yaratdığı digər ali təhsil müəssisəsi büdcədənkənar mənbələrdən əldə olunan vəsaitin xərclənməsi istiqamətlərini sərbəst (bu Nümunəvi Nizamnamənin 5.13-cü bəndi nəzərə alınmaqla) müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardım göstərir.

5.15. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsində dövlət hesabına göstərilən xidmətlərin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən edilir. Ali təhsil müəssisəsinin ödənişli təhsil xidmətlərinin və bu Nümunəvi Nizamnamənin 5.11-ci bəndində nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsulların (malların, işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən tənzimlənməyən qiymətlərə aiddir.

 

6. Ali təhsil müəssisəsinin fəaliyyətinə nəzarətin

forması və əhatə dairəsi

 

6.1. Ali təhsil müəssisəsinin fəaliyyətinə nəzarəti tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə, həmçinin nizamnaməsi ilə müəyyən edilmiş qaydada müəssisənin idarəetmə orqanları həyata keçirirlər.

6.2. Ali təhsil müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə həmin təhsil müəssisəsində plan üzrə və ya plandankənar yoxlamalar həyata keçirə bilər.

6.3. Ali təhsil müəssisəsinin fəaliyyətinə dair illik hesabat tabe olduğu dövlət orqanına (qurumuna) və ya bələdiyyəyə təqdim edilir.

6.4. Ali təhsil müəssisəsinin fəaliyyətinə nəzarətin digər formaları Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunları ilə müəyyən edilir.

6.5. Ali təhsil müəssisəsi idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

6.6. Ali təhsil müəssisəsinin fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün Himayəçilər Şurası kənar auditor təyin edir və onun audit hesabatını qəbul edir.

6.7. Ali təhsil müəssisəsində daxili audit bölməsi yaradıldığı halda Himayəçilər Şurası həmin bölmənin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə qərar qəbul edir.

 

7. Ali təhsil müəssisəsində uçot və hesabat

 

7.1. Ali təhsil müəssisəsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Ali təhsil müəssisəsi “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

 

8. Ali təhsil müəssisəsinin yenidən təşkili və ləğv edilməsi

 

8.1. Dövlət tərəfindən yaradılmış ali təhsil müəssisəsinin yenidən təşkilini və ləğv edilməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, onun yaradılması tapşırılmış icra hakimiyyəti orqanı həyata keçirir.

8.2. Bələdiyyə tərəfindən yaradılmış ali təhsil müəssisəsinin yenidən təşkilini və ləğv edilməsini müvafiq bələdiyyə həyata keçirir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin