Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət ocaqlarında 20 Yanvar tədbirləri

Mədəniyyət ocaqlarında 20 Yanvar tədbirləri

Azərbaycanın yeni tarixinin hüznlü və eyni zamanda, qürur doğuran səhifəsi olan 20 Yanvardan 29 il ötür. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq olunub. Sənədə əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvara həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir.
Ölkəmizin teatr, kino və konsert müəssisələrində, bədii təhsil ocaqlarında, kitabxana və sərgi salonlarında 20 Yanvarın ildönümü münasibətilə tamaşalar, musiqi gecələri, sərgilər və s. tədbirlər təşkil olunur.
Yanvarın 17-də Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvara həsr olunmuş “Azadlıq aşiqləri” rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək.
Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti Firəngiz Əlizadənin Qanlı Yanvara həsr olunan “İntizar” operası nümayiş etdiriləcək.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq T.Vəliyevanın “Mənim ağ göyərçinim” və D.Mustafayevin “Əlincə qalası” tamaşaları da yanvarın 19-da oynanılacaq.
Həmin gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq H.Mirələmovun “Xəcalət” tamaşası, Xalq yazıçısı, görkəmli dramaturq İ.Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanmış “Qarabağnamə” tamaşası isə yanvar 20-də nümayiş olunacaq.
Dövlət Yuğ Teatrında (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsi) yanvarın 18-də və 19-da G.Dumbadzenin “Məhşər günü” tamaşası göstəriləcək.
Bundan əlavə, bölgələrimizdə fəaliyyət göstərən teatrlarda da 20 Yanvar faciəsinin ildönümü qeyd ediləcək. 
Yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Anım gecəsində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında V.A.Motsartın “Rekviyem” əsəri səslənəcək.
Mədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə yanvarın 14-dən 18-dək “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində milli qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçirilir.
Yanvarın 21-də Nizami Kino Mərkəzində rejissor Nizami Abbasın “Salnaməfilm” studiyasında çəkdiyi “Unutma” yeni sənədli filminin təqdimatı olacaq.
Yanvar 18-də Bakı Xoreoqrafiya Akademiyasının Təhsil Kompleksində birinci dərs 20 Yanvar faciəsinə həsr ediləcək, ədəbi-bədii kompozisiya nümayiş olunacaq.
Həmçinin kitabxana, muzey və mədəniyyət evlərində də faciənin ildönümünün qeyd olunması nəzərdə tutulmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

15 2019 21:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin