Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Narahat kənd”in rahat sakinləri ilə maraqlı görüş

“Narahat kənd”in rahat sakinləri ilə maraqlı görüş

– Mənə demişdilər ki, Arıqdam kəndi, necə deyərlər, “narahat kənd”dir. Amma bayaqdan sizi dinləyirəm, təkliflərinizi eşidirəm, doğma elinizə-obanıza münasibətinizi öyrənirəm, düzü, fərəh hissi keçirirəm. Sizin hər birinizin dövlətə və dövlətçiliyə necə sədaqətli olmağınız, ölkəmizin, o cümlədən doğma Gədəbəyin inkişafı, işıqlı gələcəyi naminə əlinizdən gələni əsirgəməyəcəyiniz çıxışlarınızdan görünür...
Rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayevin üzünü səyyar qəbul – görüşə gələnlərə tutub bu sözləri deməsi zalda bir daha canlanma yaratdı. Kənd orta məktəbinin akt zalına toplaşanların sayı isə az deyildi. Özü də rayon rəhbəri Gədəbəydə işlədiyi qısa vaxt ərzində artıq ikinci dəfə idi bu kəndin sakinləri ilə görüşürdü. Maraqlı idi ki, artıq onların bir çoxunu tanıyırdı, hətta adlarını yadda saxlamışdı.
Bəs Yeni il ərəfəsində keçirilən həmin görüşdə söhbət nədən getdi?
Bəri başdan qeyd edək ki, maraqlı, başlıcası isə faydalı bir görüş oldu. Söhbət isə kəndin bugünkü qayğılarından, problemlərindən getdi, onların aradan qaldırılması yolları göstərildi.
Rayon icra hakimiyyətinin başçısı səyyar qəbul – görüşün əvvəlində bildirdi ki, bu tədbirlər ölkə Prezidentinin tapşırığı ilə həyata keçirilir. Burada məqsəd adamların sosial həyatı ilə bağlı məsələlərlə daha yaxından məşğul olmaq, onların bir çoxunu elə yerindəcə həll etmək, bürokratçılığın, laqeydliyin, biganəliyin qarşısını birdəfəlik almaqdan ibarətdir. Kənd sakini onu narahat edən problemlə bağlı ilk növbədə yerli icra orqanlarına müraciət etməli, ona inamı olmalıdır. 
İcra hakimiyyəti başçısının kəndin problemlərini bir-bir sadalaması, onların həlli ilə bağlı görüləcək işlər haqqında məlumat verməsi görüşə toplaşanların sanki ürəyindən xəbər verirdi. Qeyd olundu ki, köhnəlmiş elektrik dayaqlarının dəyişdirilməsi, kənddə uşaq bağçasının tikintisi, kəndarası yolların düzəldilməsi, içməli su xəttinin çəkilməsi hazırda qarşıda duran vəzifələrin ən vacibidir. Məlumat verildi ki, bu istiqamətdə işlər aparılır, əlaqədar nazirlik və şirkətlərlə qarşılıqlı layihələrin icrası üçün tədbirlər görülür. Məsələn, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti qarşısında bir sıra məsələlər qaldırılıb. Uşaq bağçalarının müasir səviyyədə əsaslı şəkildə təmir olunması və yenilərinin inşası üçün də tədbirlər görülür. Bu yaxınlarda Samanlı kənd uşaq bağçasını əsaslı təmir edilərək istifadəyə verilib. Növbə tədricən digər məktəbəqədər müəssisələrə, o cümlədən kənddəki uşaq ­bağçasının tikintisinə də gəlib çatacaq. Bunlara baxmayaraq İbrahim Mustafayev dönə-dönə zala müraciət etdi ki, kimi nə narahat edirsə ürəyində saxlamayıb desin. 
Kənd sakini Sahibə Tağıyeva söz aldı. Dedi ki, 32 yaşlı bir oğlum var, lakin heç harda iş tapa bilmir. Dəfələrlə müraciət etməsinə baxmayaraq kəndin yaxınlığındakı Qızıl zavodunda ona iş vermirlər.
Rayon rəhbəri qeyd etdi ki, əgər cəmi 3000 nəfər əhalisi olan bir kənddən həmin zavodda bu gün 147 nəfər işləyirsə buna sevinmək və “sağ ol” demək lazımdır. Gədəbəy çoxuşaqlı ailələri olan bir rayondur. İndi özünüz fikirləşin, hər ailədə çox yox, 5 nəfər varsa, demək bu zavoddan 700 nəfərdən çox adam bəhrələnir, necə deyərlər, normal dolanır. Çünki zavodda orta aylıq əmək haqqı yüksəkdir. Lakin cəmi 500 nəfər işçisi olan bir zavodun işçilərinin hamısın Arıqdam sakini olması da düzgün deyil, axı. Onların da özlərinin ixtisaslı kadrlara ehtiyacı var, digər yerlərdən də mütəxəssis cəlb etməyə çalışırlar.
İbrahim Mustafayev bu məsələləri o qədər dəqiqliklə, tutarlı arqumentlərlə izah edirdi ki, yerdən “doğrudur,doğrudur...” sözləri ­eşidilirdi.
Kənd sakini Əli Sarıyevin çıxışı da maraqla qarşılandı və sanki bir çoxunun “mən də qızıl zavodunda işləmək istəyirəm” sözlərinə tutarlı bir cavab oldu:
– Gəlin baxaq, görək, bizim Arıqdamda neçə nəfər mal-qara və ya qoyun-quzu saxlayır. Rəqəmlərə nəzər salsaq gülünc bir vəziyyətlə qarşılaşacağıq. Kənddə 600-dən çox təsərrüfat var. Lakin mal-qaranın sayı cəmi 769-dur. O da bilirsiniz nəyin hesabınadır? Mənim kimi bütün həyatını təsərrüfata, torpağa bağlayan insanların hesabına. Təsərrüfat var ki, ən azı beş-on mal qarası var. Təsərrüfat da var ki, həyətində iki toyuq da saxlamır. Çünki tənbəldir, ələbaxan öyrənib, “mənə iş verin” deyib demaqoqluq edir...
Başqaları da çıxış etdi, müəyyən məsələlərə toxundular və ümumi fikir bu oldu ki, torpaqdan ikiəlli yapışmaq lazımdır. Özü də bunun üçün hər bir şərait yaradılıb.
Rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev bir neçə dəfə “daha kimin nə sözü var?” dedikdən sonra səyyar görüşə yekun vurdu:
– Mənə demişdilər ki, bu kəndin o qədər problemləri var ki, görüş 3 saatdan tez qurtarmayacaq. Amma məlum oldu ki, bu, heç də belə deyilmiş. Mən burada dövlətə və dövlətçiliyə, ölkə Prezidentinə hədsiz sədaqətin, inamın şahidi oldum. Təbii ki, problemlər, həllini gözləyən məsələlər var. Lakin kəndinizin sakinləri onların həllində yaxından iştirak etmək əzmində olduqlarını bir daha nümayiş etdirdilər ki, bu da fərəh doğurur. Bütün imkanlardan istifadə olunmalıdır. Ağsaqqalların, sağlam qüvvələrin gücünə güvənmək lazımdır. Elə bələdiyyələr var ki, əyləşdiyi binanın qapısını hörümçək toru bağlayıb.Sağlam ailələrin qayğısına qalmaq, boşanmaların qarşısını almağa çalışmaq lazımdır. Təəssüf ki, bu sahədə Gədəbəy kimi bir dağ rayonunda statistika ürəkaçan deyil və bu bizi narahat etməlidir. Yaxud necə ola bilər ki, 16 min nəfər pensiyaçının 7 min nəfəri əlilliyə görə pensiya alır. Görünür, bu işdə müəyyən neqativ məqamlar olub. Biz bütün bunlara qarşı hamılıqla mübarizə aparmalıyıq. 
Rayon rəhbəri qeyd etdi ki, Gədəbəydə ən ucqar kəndlər də qazlaşdırılır. Elə ay yoxdur ki, hansısa bir kənddə qaz şölələnməsin. Adamlar bilirsiniz nə qədər sevinirlər?! Bütün bunlar cənab Prezidentimiz İlham Əliyevin bu ucqar dağ rayonuna və onun sakinlərinə hədsiz diqqət və qayğısının nəticəsidir.
İbrahim müəllim yarızarafat-yarıciddi dedi ki, “narahat kənd”in rahat sakinləri ilə görüşdən böyük təəssüratla ayrılıram. Bilirəm ki, növbəti görüşlərimizdə bayaq sadalanan problemlərin heç biri olmayacaq.

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

15 2019 21:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Avqust 2019 | 17:46
ABŞ-da təyyarə qəzası

Köhnə versiyamızdan xəbərləri izlə