Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli şeirimizin danışan dili

Milli şeirimizin danışan dili

Söhbətin ünlü və bənzərsiz sənəti ilə ürəklərdə yuva qurmuş respublikanın Əməkdar artisti Ağalar Bayramovdan getdiyini, yəqin, sənətsevər oxucularımız dərhal duydular. Bəli, o, həqiqətən, xalqın sevimlisidir, milli şeirimizin danışan dilidir, canlı poeziya teatrıdır.
40 ildən bəridir ki, milli poeziyamızın ən yaxşı nümunələrinə parlaq bədii qiraət quruluşu vermiş, canlı bir poeziya teatrı kimi milyonlarla soydaşımızı öz dinləyicisinə və tamaşaçısına sevdirməyi bacarmış Ağalar Bayramovu özündən yaxşı heç kəs təqdim edə bilməz. Həyatda belə bir bacarıq, adətən, istedadlı və çalışqan insanlara nəsib olur. Ağalar müəllimin bircə ifası da bəsdir ki, onun məramını, sevgisini, ən başlıcası, ifaçılıq məharətini qədərincə duyub-anlayasan. Bu gün ömrünün tamam olan 65-ci ilinin zirvəsində onun keçib gəldiyi zəngin və mənalı ömür yolunun ən önəmli fakt və hadisələri isə əhatəli şəkildə, əlbəttə, hamıya məlum deyil. Həyat və yaradıcılığının növbəti hesabat məqamında Ağalar Bayramovun ömür tarixçəsinə və uğurlar silsiləsinə birgə nəzər salaq.
1954-cü il yanvarın 16-da xalqımıza Füzuli kimi poeziya nəhəngini bəxş etmiş bir tayfanın Azərbaycanda məskunlaşdığı məkanlardan birində – Ucar rayonunun Boyat kəndində anadan olub. Uşaqlığı qoca nənəsinin himayəsində keçib. 1979-cu ildə Bakı Mədəni-Maarif Texnikumunu, 1985-ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Yüksək təhsil uğuruna və istedadına görə yetirməsi olduğu ali məktəbin aktyor sənəti kafedrasında müəllim saxlanılıb. 1991-ci ildən səhnə danışığı kafedrasında çalışır, dosentdir. 
Ötən əsrin 80-ci illərindən ixtisası ilə yaxından bağlı olan və ciddi mənəvi ehtiyacından qaynaqlanan professional bədii qiraətlə məşğuldur. Teleradio yayımlarının saysız-hesabsız ədəbi-bədii verilişlərində və şeir məclislərində, sevimli şairlərimizin yubileylərində və görüşlərində, kütləvi el şənliklərində və dövlət tədbirlərində davamlı olaraq poeziyamızın canlı ifasına, danışan dilinə çevrilib. Audio-videoyazılarda və sosial şəbəkə yayımlarında çıxışları ən çox izlənən sənətçilərdən biridir.
Bir aktyorun teatrı janrında quruluş verib ifa etdiyi Aşıq Ələsgərin “Heç demirsən Ələsgərim hardadı?”, “Qoca bəxtim”, “Bilsin Göyçə mahalı”, “Elindən xəbərin varmı ?”, “Ələsgərəm hər elmdən halıyam”, “Dərsi azlar Ələsgərdən dərs alsın”, “Mərd sözün üzə söylər”, Məmməd Arazın “Atamın kitabı”, “Yol ayrıcında söhbət” və “Vətən desin!”, Fikrət Qocanın “Zamandan kənarda”, Əjdər Olun şeirlərlərindən ibarət videotamaşalar Ağalar Bayramovu xalqımıza milli poeziya nümunələrimizin mahir ifaçısı kimi tanıdıb və ­AzTV-nin fondunda saxlanılır. Poeziya həvəskarları klassik və çağdaş şeirimizin ən yaxşı nümunələri ilə Ağalar Bayramovun ifasında davamlı tanış olublar. 
Məfkurə, hikmət, gözəllik və sevgi poeziyamızdan kütləvi auditoriyanın duyğu-düşüncələrinə sənət körpüsü salmış nadir sənətçi insanlara bəxş etdiyi sevinc qədər də onların sevgisini qazanıb. Ötən illərdə Ağalar Bayramovun şirin, mehriban, doğma səsi yaxın-uzaq xaricin müxtəlif ölkələrində – Köln, Ottava, Oslo, Kopenhagen, Brüssel, London, Stokholm, Moskva, Sankt-Peterburq, Riqa, Almatı, Dərbənd, Yaroslavl, İstanbul, Antaliya və digər şəhərlərdə keçirilən Azərbaycanı tanıtma tədbirlərində, dünya azərbaycanlılarının məclislərində ucadan səslənib, çoxsaylı pərəstişkarlarının çevrəsini bir az da genişləndirib.
Onun səsində bahar təravəti və hərarəti var – dinləyənlərin könlünə qəribə bir işıq-istilik gətirir. Bu səsdə həm də yaz gürşadının coşğun bir hay-harayı aşıb-daşır-- doğma, əziz, unudulmaz olan hər şeyi öz dalğalarında lənğərlədib ortaq məcraya yönəldir. Bu səs könulləri dilləndirib həmdəmlik, düşüncələri səsləyib həmrəylik yaradır. Bu səsin şimşək kimi çaxmağı, qılınc kimisı sıyrılmağı da olur. Bu kükrəyiş qeyrət damarımıza toxunub Şərə nifrətimizi coşdurur, Xeyirə sevgimizi qanadlandırır. Bu səsin hikmət və hekayətləri bənzərsiz bir bədii-estetik biçimdə, uca bir ideya-məfkurəvi məzmunda milli sərvətə çevrilir.
Ağalar müəllim özü isə keçirdiyi ağır uşaqlıq illərinin ona həyatda həmişə çalışqanlıq, mübarizə əzmi verdiyini söylədi. Həyatının ən ağır günlərində sənət müəllimlərindən biri olmuş Nəsir Sadıqzadənin müdrik tövsiyələri ilə ayağa qalxmaqda ona kömək etdiyini yada saldı. Bir də Azərbaycan Televiziyasının rejissoru olmuş Əmirhüseyn Məcidovun onu bədii qiraət sənətinə təşviq etməsinin sonrakı taleyində önəmli rol oynadığını bildirdi. Müsahibimiz söylədi ki, xalqımızın çox yüksək sənət zövqü, dərin poetik duyumu onu daim axtarışlar aparmağa, öz üzərində işləməyə, daha ilhamlı sənət sərgiləməyə ruhlandırır.
Çağdaş söz sənətimizin görkəmli yazarları, nüfuzlu sənət biliciləri, tanınmış siyasət və dövlət adamları, müxtəlif peşə və zövq sahibləri Ağalar Bayramovun yeni forma və mündəricəli ifaçılığını təkcə bədii qiraət, bir aktyorun teatrı kimi deyil, həm də şeçmə repertuarlı, xüsusi quruluşlu səhnə və meydan ifaçılığı kimi dəyərləndiriblər.
Respublika Ağsaqqallar Surasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov da Ağalar Bayramov sənətinin tanınmış pərəstişkarlarından biridir:
– Ağalar xalqını, dövlətini bütün varlığı ilə sevən bir sənətkardır. O, yaradıcılığını geniş miqyasda bu sevginin ifadə olunmasına, 50 milyonluq soydaşlarımıza çatdırılmasına həsr etmişdir. Mən seçkilər zamanı təbliğat kampaniyamda Ağalar Bayramovun haqqa, doğru yola, inamlı gələcəyə çağırışlarının necə sürəklə qarşılanmasının dəfələrlə şahidi olmuşam. Belə sənət xalq tərəfindən sevildiyi kimi, dövlət tərəfindən də təqdir və təltif olunur. Mən təntənəli mərasimlərdə, görkəmli şairlərimizin yubileylərində ulu öndər Heydər Əliyevin Ağaların söylədiyi şeirləri necə diqqətlə dinləməsini və hərarətlə alqışlamasını da yaxından müşahidə etmişəm. Ona görə də ümummilli liderin imzaladığı sərəncamla Ağalar Bayramova Əməkdar artist adı verilmişdir. İnanıram ki, xalqın çox sevdiyi sənətkar bu dəyərin təsdiqi olaraq bir gün Xalq artisti adına da layiq görüləcək.
Görkəmli şərqşünas, akademik Vasim Məmmədəliyev Ağalar Bayramovun sənət özəlliyini belə səciyyələndirib:
– Bizim günlərdə bədii qiraətlə məşğul olan aktyorlar istər klassik, istərsə də müasir poeziyamızın ən gözəl nümunələrini məharətlə səsləndirməklə şeir həvəskarlarına yüksək zövq bəxş edirlər. Onların sırasında Ağalar Bayramov bir sıra özəl və gözəl keyfiyyətləri ilə seçilir. Bunlardan biri və bəlkə də, birincisi onun səsinin özünün poetikliyi, əlvanlığıdır. Ağalar geniş səs imkanlarından hər bir şeirin forma və məzmununa uyğun olaraq istifadə edir. O, bu mənada incə zövqlü bir rejissor kimi öz ifalarına münasib quruluş verir.
Unudulmaz dilçi, ­akademik Tofiq Hacıyev isə Ağalar ­Bayramovun sənətkarlır məziyyətini belə ifadə etmişdir:
– Ağalar təkcə aktyor kimi kamil ifaçılıq sərgiləmir, o həm də mahir şeir-sənət xiridarıdır. Onun repertuarında bircə dənə də olsun konyuktura məhsulu, yaxud zəif şeirə rast gəlməzsən. Bir də bu insan istər sevdiyi şairin yaradıcılığına müraciət edəndə, istərsə də tematik repertuar hazırlayanda tamaşaçı və dinləyicilərin estetik tələbatı ilə yanaşı, məfkurəvi ehtiyacını da nəzərə alır. Buna görə də onun çıxışları xalqımıza yüksək mənəvi dəyərlər aşılayır, xüsusən, gənclərin estetik zövqünü cilalayır, onlarda ali duyğu-düşüncələr yaranması ilə nəticələnir. Əsl sənət də bax budur.
Tanınmış şair Əjdər Ol yaxın dostu Ağalar Bayramovun milli bədii qiraət sənətimizdəki novatorluğundan söz açaraq dedi:
– Ağalar Bayramov özünəqədərki bədii qiraətçilərdən Kazım Ziyanın, Soltan Nəcəfovun, Əli Zeynalovun, Müxlis Canızadənin, Əminə Yusifqızının, Həsən Əbluçun, Mikayıl Mirzənin üslublarına yaxşı bələddir. Ənənəyə dərin hörmətlə yanaşan bu sənətkar öz yeni üslubu ilə bədii qiraəti yüksək səviyyəyə qaldırmışdır. Professional bədii qiraətçi olaraq Ağalar daim öz üzərində çalışır, repertuarını yeniləşdirir. Yaddaşının möhkəmliyi, ilhamının coşğunluğu, sənətinə dərin bağlılıq onun gündən-günə artan populyarlığının və yüksələn nüfuzunun tükənməz qaynağıdır. Onu cəsarətlə milli poeziyamızın canlı saxlancı, yaddaşı da adlandırmaq olar.
Nəhayət, Ağaların sənət dostu, Xalq artisti Rasim ­Balayevin ürək sözlərinə diqqət yetirək:
– Ağalar gözəl kino, səhnə aktyoru da ola bilərdi. Maraqlı rollar da yaradardı. Qiraətçi aktyor yolunu tutmaqla özünü sənətdə tapdı və təsdiqlədi. Onun sevilən sənətkarların sırasında layiqli yer tutması, bədii qiraəti sənət zirvəsinə qaldırması dostlarını çox sevindirir. Ağaların həyatda arxa-dayağı istedadı və çalışqanlığı olub. Hər bir aktyor onun yaddaşına, zövqünə və vətənpərvərliyinə, yaxşı mənada, qibtə edə bilər.
Ağalar Bayramovun universitetdəki məsul pedaqoji fəaliyyəti də ayrıca bir söhbətin mövzusudur. Onun bu xidmətini bir cümlə ilə ifadə edəsi olsaq, deməliyik ki, bu sənətçinin bilik və təcrübəsindən əlavə, ustad örnəyi də səhnə ifaçılığının davamçıları üçün zəngin bir qaynaq, canlı bir məktəbdir. Ağalar müəllim bu yaxınlarda istedadlı tələbələri ilə birlikdə Xalq şairi Fikrət Qocanın müxtəlif illərdə qələmə aldığı və günümüzün gerçəkləri ilə səsləşən “Sonra da deyirik ki...” adlı yaradıcılıq-ifa işini böyük uğurla çalışdığı ali məktəbin səhnəsində poeziya həvəskarlarına təqdim etdi. Ölkəmizdə bədii qiraət sənətini böyük məharət və cəfakeşliklə davam etdirmiş və populyarlaşdırmış Ağalar Bayramovun Fikrət Qocanın psixoloji-lirik səpkili sərbəst şeirlərini məzmun və formaya uyğun bir tərzdə ifa etməsi salondakıları dərindən təsirləndirdi.
Orijinal poeziya tamaşasında iştirak edən sevimli şairimiz Fikrət Qoca bildirdi ki, poeziya ifaçılığı sənətini barmaqla sayılacaq qədər az olan ustad bədii qiraətçilərimizdən qiymətli əmanət kimi qəbul edib yüksək bir səviyyəyə və populyarlığa çatdırmış Ağalar müəllim öz ardıcıllarını da yetirmişdir:
– Onun öz tələbələri ilə hazırladığı tamaşa yetkin bir poeziya teatrı təsiri bağışladı. Kitab oxucularının və çap tirajlarının azlığı, sənətlə canlı ünsiyyətə tələbatın artdığı bir dövrdə milli poeziyamızı təbliğ etməkdə, onun ideallarını kütlələrə çatdırmaqda belə bir teatra ciddi ehtiyac duyulur. Unudulmaz Xalq artisti Rəşid Behbudov öz parlaq ifaçılığı və təcrübəsi ilə Mahnı Teatrımızı yaratdığı kimi, mahir bədii qiraət ustası və incəsənət üzrə dosent Ağalar Bayramov da artıq gərəkli bir poeziya teatrını ərsəyə gətirmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Yazıçılar Birliyi bu işi professional səviyyədə başa çatdırmaqda Ağalar müəllimə və onun yetirmələrinə öz köməyini göstərə bilər.
Əməkdar artist, ustad bədii qiraətçi Ağalar Bayramov ömrünün müdriklik, yaradıcılığının kamillik dövrünü yaşayır, yeni-yeni çıxışları ilə pərəstişkarlarını sevindirir, sənət davamçılarını yetişdirir. Xalqımızın sevimli sənətkarına ömrünün yeddinci onilliyinin ikinci yarısında da uğurlar və sənət sevincləri arzulayırıq.

 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

15 2019 21:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin