Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Babaoğlu: Struktur islahatları yerli özünüidarəetmə institutlarının səmərəliliyinin artmasına böyük töhfə verəcək

Hikmət Babaoğlu: Struktur islahatları yerli özünüidarəetmə institutlarının səmərəliliyinin artmasına böyük töhfə verəcək

Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə aparılan struktur islahatları əslində 2015-ci ildən bəri həyata keçirilən dərin hüquqi və institusional islahatların davamı kimi xarakterizə edilməlidir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycan dinamik və hərtərəfli inkişaf edən bir ölkədir və bu inkişaf daha çevik struktura malik optimal idarəetmə tələb edir: “Məqsəd əldə edilən nailiyyətlərin davamlılığını təmin etməklə gələcək üçün daha səmərəli şərtlər formalaşdırmaqdır. Ona görə də bir-biri ilə paralel olan, yaxud səmərəliliyi arzuedilən səviyyədən aşağı olan struktur vahidlərinin ləğv edilməsi, birləşdirilməsi və ya daha çevik mexanizmlərlə əvəzlənməsi idarəetmənin aktual tələbi kimi meydana çıxıb. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə həyata keçirilən struktur islahatları da məhz bu sahənin tənzimlənməsini təmin edəcək. Aparılan islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı, onun səmərəliliyini də artıracaq və davamlı hal alacaq. Çünki hazırda malik olduğumuz siyasi-iqtisadi sistemin modernist səciyyəsi daima yenilik tələb etməklə bütün sahələr üzrə ölkəmizin rəqabət qabiliyyətliliyini artırır. Təsadüfi deyil ki, hazırda dünyanın bir çox reytinq təşkilatları müxtəlif sahələr üzrə Azərbaycanın inkişaf indeksini ən yüksək pillələrdə müəyyən edir”.

Deputatın fikrincə, əgər bunun gələcəkdə də belə olmasını istəyiriksə, bütün sektorlarda o cümlədən idarəetmədə islahatlar davam etdirilməlidir ki, hazırda da buna şahidlik edirik: “Məsələnin ən vacib tərəflərindən bir də budur ki, indiyədək həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın, sənayenin ən müxtəlif sahələrində olduqca əlverişli biznes mühiti yaranıb. Ona görə də gələcəkdə həmin sahələri tənzimləmək üçün mövcud olan bir sıra qurumlarda da idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq addımlar atıla bilər. Beləliklə, idarəetmə aparatını süni şəkildə ağırlaşdıran struktur vahidləri və onlara ayrılan xərclər inkişafın digər aktual sektorlarına yönəldilməklə daha səmərəli nəticələr əldə etməyə imkan yaradar. Ümumiyyətlə, struktur islahatları desentralizasiya siyasətinin tərkib hissəsi olmaqla dövlətin yükünü azaltmağa, liberal iqtisadi münasibətlərin formalaşmasına və yerli özünüidarəetmə institutlarının səmərəliliyinin artmasına böyük töhfə verəcək”.

15 2019 12:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin