Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəbələdə epizootiya əleyhinə profilaktik tədbirlər aparılır

Qəbələdə epizootiya əleyhinə profilaktik tədbirlər aparılır

Ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) yerlərdə "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.

Hazırda Dövlət Baytarlıq Xidmətinin Qəbələ Rayon Baytarlıq İdarəsi 2019-cu ilin tədbirlər planına uyğun olaraq rayonda heyvanlar arasında profilaktik peyvəndləmələrə başlayıb. Peyvənd vasitələri baytarlıq tədbirlərinin səmərəli və keyfiyyətlə aparılması üçün “soyuq zəncir” rejimi gözlənilməklə sahələrə daşınır və heyvanlara tətbiq edilir. İlin əvvəlindən başlayaraq iribuynuzlu, təkdırnaqlı və donuzlar arasında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə dezinfeksiya işləri həyata keçirilir. Hazırda baytar həkimlər tərəfindən bu tədbirlər ardıcıl şəkildə davam etdirilir.

Həmçinin Gürcüstan Respublikasında insanlar arasında sürətlə yayılan “donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin ölkəmizə keçməsinin qarşısını almaq, təsərrüfatlarda epizootoloji sabitliyi təmin etmək məqsədi ilə donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı, sahibkarlarla görüşlər keçirilib və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılıb.

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri qarayara, bruselyoz və “donuz qripi” xəstəlikləri barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsini tövsiyə ediblər. Həmçinin təsərrüfatlarda hər hansı narahatçılıq olan zaman baytar həkimi ilə sıxı əlaqə saxlamalarının vacibliyi vurğulanıb.

Bundan sonra isə Qəbələ rayonunda epizootik plana uyğun olaraq ev quşları arasında və xırdabuynuzlu heyvanlarda xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlardan qan nümunələri alınaraq müayinələrin aparılması nəzərdə tutulur. 

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 2019 12:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin