Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğalçılıq siyasəti Ermənistanı məhvə aparır

İşğalçılıq siyasəti Ermənistanı məhvə aparır

“Ermənistan hökumətinin siyasəti tamamilə səmərəsizdir. Bunu həm yerli, həm də beynəlxalq ictimai-siyasi xadimlər etiraf edirlər. Qeyd edirlər ki, bütün bunlar nəyə gətirib çıxaracaq, məlum deyil. Yerli siyasi şərhçilər də bildirirlər ki, ölkədə emiqrasiya kritik həddə çatıb, yoxsulluq və işsizliyin səviyyəsi durmadan artır. Əhali acından ölməmək üçün xarici ölkələrə üz tutub. İqtisadi tənəzzül, aclıq və səfalət yürütdüyü işğalçılıq siyasəti ilə özünü təcrid vəziyyətinə salmış Ermənistanın bugünkü real mənzərəsidir. Ölkədə sosial layihələr həyata keçirilmədiyindən əhalinin həyat səviyyəsi hər ötən gün ağırlaşır”. Bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq üzrə elmlər doktoru Mehdi Abdullayev bildirdi.
Prorektor qeyd etdi ki, işğalçı ölkə məhvə doğru irəliləyir. İşsizlik səbəbindən ölkəni tərk edənlərin sayı getdikcə artır. Bir çox ailə isə Ermənistandan birdəfəlik çıxıb gedib. Hətta hökumət miqrasiya axınının qarşısını almaqda acizdir. Ölkədə tüğyan edən məmur özbaşınalığı və rüşvətxorluq əhalini təngə gətirib. Bütün bunlar barəsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da söhbət açıldı. Dövlətimizin başçısı qeyd etdi ki, Ermənistanın işğalçı siyasəti bu ölkəni bütün regional layihələrdən kənarda qoyub. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı, demək olar ki, çöküb. 
Respublikamızın rəhbəri bildirdi ki, Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıbdır. Azərbaycan bütün dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı. 
Bəzi beynəlxalq qurumların ikili standartlardan əl çəkməməsini, Ermənistanda baş verən saxtakarlıqlara göz yummasını tənqid edən ölkə rəhbəri dedi ki, necə ola bilər ki, Ermənistanda son illərdə keçirilmiş prezident və parlament seçkilərinə, – o seçkilərdə ki, böyük miqyasda saxtakarlıq olub, – beynəlxalq təşkilatlar müsbət rəy verirlər? Axı son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?
Təəssüf ki, demokratiyadan, ədalətdən dəm vuran beynəlxalq təşkilatlar, o cümlədən, Avropa Şurası, Avropa Parlamenti və digərləri bu saxtakarlıqlara, biabırçı seçkiyə göz yumdular. Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Birmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Sözsüz ki, bütün bunlar ikili standartların mövcudluğundan irəli gəlir.
M.Abdullayev dedi ki, dövlətimizin başçısı işğalçı ölkəyə hazırkı ağır vəziyyətdən çıxış yolunu da göstərdi: “Mən dəfələrlə bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq, ancaq, əlbəttə ki, buna nail olmaq üçün bir şərt var: erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır”.

 

Söhbəti qələmə aldı: 
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

14 2019 23:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin