Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il iqtisadiyyatımızın uğurlu inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilib

Ötən il iqtisadiyyatımızın uğurlu inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilib

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında ­2018-ci il ölkə iqtisadiyyatında əldə edilən müsbət nəticələrə verdiyi qiyməti xatırlatmazdan əvvəl diqqəti bir məqama yönəltmək istərdim. Bu, ötən bir həftə ərzində neftin qiymətlərində baş verən oynamalarla bağlıdır. Qeyd edim ki, keçən ilin oktyabr ayının 4-də neft satışının son 4 ildə ən yüksək nöqtəyə, yəni 1 barel üçün 86 dollar 36 sentə çatan qiymətlər dekabr ayının 26-da 35 dollar 89 sent və ya 41,5 faiz azalaraq, 1 barel üçün 50 dollar 47 sentə endi. Bu ilin əvvəlindən yenidən yüksəlməyə başlayan qiymətlər yanvarın 11-də gündüz saatlarında, hətta 1 barel üçün 62 dollar 40 sentə qədər artdı. Bundan sonra qiymətlər təzədən enməyə başladı. Günün sonuna doğru isə qiymətlər daha sürətlə aşağıya düşərək, 1 barel üçün 60 dollar 55 sent səviyyəsində qərarlaşdı. 
Neftin qiymətləri ilə bağlı prosesə bu qədər diqqət yetirməyimiz təkcə “qara qızıl”ın dünya iqtisadiyyatındakı rolunu və təsirini oxuculara izah etməkdən ibarət deyil. Bu, həm də dünya bazarlarında neftin qiymətlərinin sözügedən məhsulun istehsalçılarından biri kimi tanınan Azərbaycan üçün kifayət qədər maraqlı olması səbəbindən mövzuya daha yaxından yanaşmaq istəyimizlə bağlıdır. 
Bəli, neftin qiymətlərinin bu qədər siyasiləşdiyi bir dönəmdə təbiətin bizə bəxş etdiyi bu nemətə güvənmək istəyində deyilik. Çünki post-neft dövrü adlandırılan bir dönəmdə iqtisadiyyatın real sektorunu daha sürətlə inkişaf etdirmək qarşıya mühüm vəzifə kimi qoyulub. Neftə güvəncimizin azalması üçün əsaslarımız kifayət qədər böyükdür. Bu əsasların nə qədər kəskin olduğuna bir daha nəzər salmaq, fikrimcə, yerinə düşərdi. 
Ümumiyyətlə, neftin qiymətlərinin əvvəlki dövrlərdə mütəmadi artıb-azalması, eləcə də son iki il ərzində 112 dollar 36 sentdən 34 dollar 74 sentə qədər azalması və sonradan 34 dollar 74 sentdən 69 dollar 5 sentə və ya 86 dollar 40 sentə qədər yüksələ bilməsi və yenidən aşağı düşməsi faktına əsaslansaq, heç bir halda iqtisadiyyatın yükünü, necə deyərlər, neftin ipinin üzərinə yığmaq olmaz. Bu məsələni ən yaxşı dəyərləndirən də Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Dövlət başçısının hakimiyyətə gəldiyi ilk günlərdən etibarən neftdən asılı olmayan iqtisadiyyat qurmaq planları zaman – zaman uğurla reallaşır. Bu planın birinci mərhələsində əldə edilən ən böyük uğur Azərbaycan iqtisadiyyatının strukturunda qeyri-neft sektorunun xüsusi çəkisinin 45 faizdən 70 faizə qədər yüksəldilməsi oldu. Bu istiqamətdə tədbirlər həyata keçirilərkən böyük neft pulları hesabına paralel şəkildə iri infrastruktur layihələrini reallaşdırmaq yolu ilə Azərbaycanın bütün bölgələrində tam əlverişli biznes mühit yaradıldı və 2015-ci ilin sonlarından etibarən mövcud şəraitdə ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafına rəvac verildi.
Hazırda ölkənin ayrı-ayrı bölgələrində yaradılan sənaye zonaları, aqroparklar xarici və yerli investisiyaların cəlb edilməsinin stimullaşdırılması hesabına qurulan, eyni zamanda, minlərlə yeni iş yerlərinin açılması ilə müşayət olunan yeni istehsal və emal müəssisələri iqtisadiyyatın qeyri-neft sektoruna öz töhfəsini verməkdədir.
Qeydlərimin bu yerində Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin hesabat dövrünün göstəricilərinə verdiyi qiymətlə, habelə qarşıda duran vəzifələri müəyyənləşdirməklə bağlı fikirlərini diqqətə çatdırmaq istərdim. 
Dövlə başçısı iclasda dedi: “Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan xalqının maraqlarını müdafiə edək. Keçən il iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur. Deyə bilərəm ki, keçən il dərin iqtisadi islahatlar ili olmuşdur və bu islahatların nəticələrini indi hər kəs görür. Büdcəmizə daxilolmalar böyük dərəcədə artıb. İqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı tam təmin etməkdir, xoşagəlməz hallara qarşı mübarizəni gücləndirməkdir və beləliklə, ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir. Deyə bilərəm ki, beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanda gedən prosesləri çox böyük maraqla izləyirlər və bizim işimizə çox yüksək qiymət verirlər. Mən xüsusi qeyd etməliyəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. İl ərzində biz 32 pillə irəliyə getmişik. Hesab edirəm ki, bu, rekord göstəricidir. Biznesi aparmaq üçün yaradılan şəraitə görə dünya miqyasında 25-ci yerdə olmaq böyük nailiyyətdir”.
Cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında keçən il əldə edilən uğurlu iqtisadi göstəriciləri diqqətə çatdıraraq, ümumi daxili məhsulun 1,4 faiz olmasını, qeyri-neft sektorunun inkişafının 1,8 faiz həddinə çatmasını, sənaye istehsalının 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalının 9,1 faiz artmasını xatırlatdı. Bildirdi ki, hesabat dövründə inflyasiya cəmi 2,3 faiz təşkil edib, əhalinin pul gəlirləri isə 9,2 faiz artıb. Manatın məzənnəsinin sabitliyi qorunub. Kənd təsərrüfatında 4,6 faiz artım qeydə alınıb. Ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub, bunun 11 milyard manatı qeyri-neft sektoruna yatırılıb, 118 min daimi iş yeri yaradılıb.
Keçən il valyuta ehtiyatları 3 milyard dollar məbləğində artırılıb. ­Hazırda Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Xarici borc 22,8 faizdən 19 faizə düşüb və bu, çox müsbət haldır. Yəni, indi Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir. Bu borcun yaxın illərdə daha da azaldılması məqsədilə müvafiq proqram hazırlanıb. 
Bütün bunlar göstərir ki, hazırda iqtisadi cəhətdən tam müstəqil olmaq Azərbaycana siyasi müstəvidə də tam sərbəst davranmağa və öz haqqını tanıtmaq uğrunda heç kimdən çəkinmədən konkret siyasət sərgiləməyə imkan verir. Bu gün dünya siyasət meydanında gedən ikili standartlar fonunda Azərbaycan üçün Dağlıq Qarabağ kimi ağrılı məsələnin həllində cənab İlham Əliyevin apardığı düşünülmüş xarici siyasətin məntiqi nəticəsi açıq-aydın nəzərə çarpır. Məhz bu siyasət Dağlıq Qarabağ problemində Ermənistan kimi işğalçı bir ölkənin beynəlxalq aləmdə mövqelərini gündən-günə zəiflədir. Bu, həm də ona görə mümkün ola bilir ki, Azərbaycanın iqtisadi dayaqları kifayət qədər möhkəmdir və getdikcə daha da güclənir. Ermənilərə havadar olanlar da artıq başa düşməyə başlayıblar kı, onların rəğbət bəslədikləri bu dövlətciyəzin, necə deyərlər, bütün örkənləri yalnız Azərbaycanın döğanağından keçə bilər. Əks halda, bu ölkə gec-tez öncə iqtisadi və bunun ardınca isə siyasi çöküşlə üzləşəcək. Cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bununla bağlı dedi: “Mən dəfələrlə bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır”.
Azərbaycan hazırda bölgənin ən böyük transmilli layihələrinin müəllifi və baş icraçısıdır. Ötən il Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz-2” və TANAP layihələrinin uğurla reallaşması, “Azərspace-2” peykinin orbitə buraxılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, Sumqayıt polipropilen müəssisəsinin, Azərbaycanın dövlət investisiyası ilə Türkiyədə böyük neft emalı zavodunun istismara verilməsi bu sırada dayanan layihələrdəndir. Bu layihələr on illər boyu ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcək.
Yola saldığımız ildə Azərbaycanın daha bir uğuru da ötən əsrin 90-cı illərinin əvvəllərində ətrafında intensiv müzakirələr aparılan bir məsələnin – Xəzər dənizinin hüquqi statusunun həll edilməsi oldu. Yeri gəlmişkən bu problemin həllində Xəzəryanı ölkələrin hər biri iştirak etsə də, Azərbaycan Prezidentinin rolu daha çox diqqət çəkdi. 
Hesabat dövründə hökumətin əhalinin ­sosial müdafiəyə ­ehtiyacı olan təbəqəsi üçün müəyyənləşdirdiyi proqramlar uğurla icra edildi. Keçən il 5800-dən çox köçkün ailəsinə yeni mənzillər verildi ki, bu da son illərin rekord göstəricisidir. 
2018-ci ildə 140-dan çox məktəb tikilib, cari ildə isə 100-dən çox məktəbin tikintisi nəzərdə tutulur, eyni zamanda, bu il 10-a yaxın mərkəzi rayon xəstəxanasının, üç Olimpiya İdman Kompleksinin və beş “ASAN xidmət” mərkəzinin açılması da gözlənilir.
Nazirlər Kabinetinin iclasında hesabat dövrünün yekunlarına qiymət verən ölkə Prezidenti yekun çıxışında sosial-iqtisadi inkişafımızın digər mühüm detallarını da dəyərləndirərək, 2019-cu ildə iqtisadiyyat qarşısında duran vəzifələri müəyyən etdi: “Mən əminəm ki, biz 2019-cu ildə də qarşımıza qoyduğumuz bütün vəzifələri icra edəcəyik. Bu il də ölkəmiz üçün uğurlu il olacaqdır. Mən giriş sözümdə qeyd etdim ki, keçən il dərin islahatlar ili olmuşdur. Bu islahatlar cəmi il ərzində özünü göstərdi, əlbəttə ki, gələcək illərdə özünü daha böyük həcmdə göstərəcək. Xüsusilə vergi və gömrük sahələrində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Bu sahələrdə sağlamlaşdırma prosesi gözəl nəticələr verir. Bizim maliyyə imkanlarımız genişlənir. Görülmüş işlər, yəni, artıq apardığımız islahatlar bu il də özünü böyük dərəcədə göstərəcək”.
Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, cari il Azərbaycan iqtisadiyyatı daha sürətli inkişaf yolu ilə irəliləyəcək. İqtisadiyyatda qeyri-neft sektorunun üstün inkişafı prioritet təşkil edəcək. Başlıca hədəf isə ixracı əvəzləyəcək yerli istehsalın həcminin artırılmasından və qeyri-neft sektorundan ixracın həcminin əhəmiyyətli dərəcədə yüksəldilməsinin təmin olunmasından ibarət olacaq.

 

Fikrət YUSİFOV, 
iqtisad elmləri doktoru,
professor

14 2019 23:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Aprel 2019 | 22:11
And və əməl

Ən son xəbərləri səhifəmizdən də izləyin