Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai Nəzarət Şurasının üzvləri imtahanların gedişini izləyiblər

Azərbaycan Tibb Universitetinin rektoru yanında İctimai Nəzarət Şurasının üzvləri universitetdə keçirilən imtahanları izləyiblər. Şuranın sədri, Milli Məclisin deputatı İlham Məmmədov və şura üzvləri -- “İki sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə, ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi Aidə Bəndəliyeva, tələbə-dekan Məhərrəm Alimli ATU-nun İmtahan Mərkəzində keçirilən imtahanın gedişi ilə tanış olublar.

Şuranın üzvləri imtahan öncəsi və imtahan prosesində tətbiq olunan yeniliklərlə maraqlanıblar. Bu barədə universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev ətraflı açıqlama verib.  O, sualların sayının yarıya, yəni 50-dən 25-ə endirildiyini söyləyərək qeyd edib ki, əvvəllər 50 sualın hərəsinə bir bal verilirdisə, indi 25 sualın hər birinə iki bal verilməklə, bütövlükdə 50 bal limiti saxlanılır. “Gələcəkdə əsas hədəfimiz gizli sualların sayını 15-ə çatdırmaq, klassik testlərlə paralel imtahanın yazılı formasından da istifadə etməkdir” - deyən prorektor test üsulunun tətbiqi ilə əlaqədar imtahanların sayının 2-3 dəfə artdığını da qeyd edib.  O, universitetin rektoru, professor Gəray Gəraybəylinin bu istiqamətdə çox zəruri, həm də radikal qərarlar qəbul etdiyini diqqətə çatdırıb. Bildirib ki,  mövzular saxlanılmaqla bəzi imtahanları ləğv edib, bəzi fənləri birləşdirməklə əlavə imtahanların sayını azaltdıq. İndi isə imtahanın sayını 10-dan 7-yə endirməyi hədəf götürmüşük.

İmtahan Mərkəzinin direktoru, dosent Şahin Bayramov da tətbiq edilən yeniliklərin imtahan prosesinə müsbət təsirindən danışıb. Açıq tipli sualların tətbiqində əsas məqsədin tələbələri əzbərçilikdən uzaqlaşdırmaq, onlarda dərsliklərlə, kitablarla daha çox işləmək vərdişi yaratmaq olduğunu bildirib.

ATU-nun Apellyasiya komissiyasının sədri, professor Surxay Musayev imtahanlar başlayandan bəri 300-ə yaxın ərizə verildiyini, bu ərizələrin böyük qisminin əsassız olduğunu deyib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 2019 15:55 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə