Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qavaldaş haqda nə bilirik?

Ən qədim bəşər övladlarının məkanıdır Azərbaycan. Daşlaşmış abidələri bu ecazkar məmləkətin ilk sivilizasiya məskənlərindən biri olduğunu təsdiq edir. Tariximizin daş kitabəsi - Qobustan bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzini, məişətini, məşğuliyyətini, mədəniyyətini, incəsənətini əks etdirir.

Bu gün Qobustan Dövlət Tarix-Bədii Qoruğu Muzeyinin ən maraqlı abidələri sırasında qavaldaş da var. Bu böyük qaya parçası daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Səthinə zərblə vurulduqda qaval, dəf, nağara, təbil kimi səslənən həmin daşlar həm də musiqinin qədimliyindən xəbər verir.

Tədqiqatçıların fikrincə, dünyada ilk musiqi aləti qavaldaş olub. Qavaldaşın yaranma tarixi, mütəxəssislərin rəyinə görə, 1-1,5 milyon il əvvələ, yəni Daş dövrünə gedib çıxır. Tədqiqatçı Şakir Qabıssanlı qeyd edib ki, dünyada ilk musiqi sədaları 10 min il bundan əvvəl qavaldaş ətrafında yallı ilə başlayıb.

Adının mənasına gəlincə, araşdırmaçıların bir çoxu bu qənaətdədir ki, qavaldaş "qəbilə daşı" deməkdir. Əhəngdaşıdan əmələ gəlməsi və tərkibində çınqılların yaratdığı boşluqlar səbəbindən qavaldaşdan zərb alətlərinin səsi çıxır. Hələ Neolit dövründə bu daşın xüsusiyyətlərini bilən Qobustan ərazisinin sakinlərinin ondan musiqi aləti kimi istifadə etdikləri qayaüstü rəsmlərdə də əksini tapıb.

Cingirdağın toponimiyası ilə bağlı professor Qafar Kəndli Herisçi yazırdı: "Cingirdağ" sözünün qədim türk dilində ayin mərasimlərində şamanların istifadə etdiyi qaval mənasını verən "cingir" sözündən əmələ gəldiyi ehtimal edilir". Tədqiqatçılar qədim zamanlarda qavalabənzər dınqır adlı alətimizin olduğunu bildiriblər. Musiqişünas Abasqulu Nəcəfov isə yazır: "Lakin cingir sözü dilimizdə başqa bir fikri də ifadə edir. Cingir - qızılquşun növlərindən biri olan alıcı kiçik quşun adıdır. Bəlkə də bu ərazilərdə (Cingirdağda) bir zamanlar cingir quşunun daha çox yayılması səbəbindən həmin yer Cingirdağ adlandırılıb".

Qobustanda bir neçə qavaldaş var. Lakin bunların arasında böyüklüyünə, səs tembrinə görə ikisi xüsusilə fərqlənir. Onlardan birincisi Cingirdağın şimal-şərq ətəyindədir və Yazılıtəpə qədim qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınıb. Həmin daşın orta hissəsində qalınlıq 70 sm-dir. Şərqə doğru isə nazikləşir. Daşın ümumi uzunluğu 270 sm-dir.

Qavaldaşın özünəməxsus cəhətlərindən biri səsin çıxması üçün yerə təmas etməməsidir. Ona görə bu daşı müəyyən qədər torpaqdan yüksəkdə qoyurlar. Alt daşlarla üst daş arasında müəyyən boşluq var, dərə ilə cərəyan edən hava axını bu boşluqdan keçir.

Qavaldaş qədim insanlar üçün birlik simvolu idi. Onun ətrafına toplaşaraq dini və bayram mərasimləri keçiriblər. Ayrı-ayrı qəbilələrin üzvləri həm də ova çıxdıqları zaman müxtəlif musiqilər altında rəqs ediblər. Bu gün isə qavaldaş dəyərli abidədir. Cingirdağın ətəklərində on-on iki min il əvvəllərə aid edilən qaya rəsmləri ilə yanaşı, qavaldaş da tariximizdən soraq verir.

 

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2019 11:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə